Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-3061/2025 27.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin sentyabr ayında əvvəllər də tanıdığı yaxın qonşusu və tanışı olan, heç bir ədavətim olmayan Cavabdeh ona müraciət edərək uşağının əməliyatı üçün 4000 manata ehtiyac olduğunu və onun da 2000 manatı çatmadığını deyərək borc pul istəmişdir. 20 gün müddətə pulu geri ödəyəcəyinə söz vermişdir. Ona bildirdi ki, adına olan kreditini bağlayıb, yenisini götürəcək və onun pulunu dediyi vaxta qaytaracaq. Cavabdeh Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi quuluqçu kimi işləyir və yaxşı məvacib alır. Mövzu uşaq məsələsi olduğu üçün ona bu pulu vermək qərarına gəlmiş, 2024-cü ilin sentyabr ayında Cavabdeh Farmayıl oğluna 2000 manatı vermişdir. Əvvəl deyilən 20 gün, 1 ay oldu. Sonra işdə problemlerinin yarandığı deyərək müddət 6 aya uzatmışdır. Dəfələrlə zəng etsə də, evlərinə getsə də heç bir nəticə ala nilməmişdir. Bir neçə dəfə telefonla əlaqələri olsa da yenə də gün ala-ala bugünə qədər həmin pulu ona ödəməkdən boyun qaçırmışdır. O, da kiçik sahibkardır. Əlindəki mayadan uşağının əməliyyatı adı ilə ondan pulu almış və o da bugünə qədər əziyyət çəkir, işləyə bilmir. Maddi cəhətdən çökmüş vəziyyətdədir. Yaxın günlərin birində yenə telefon va vatsap əlaqələri olmuşdur. Ona bildirmişdir ki, öldürsə belə 1 manat pulu yoxdur, problemləri çoxdur. Gözləməyini, nə vaxt problemini həll edərsə və maddi durumu düzələrsə onda borcunu qaytaracağını demişdir. Əlində bununla bağı səs yazıları və vatsap skrinləri də vardır. Məhkəmənin gedişatında bütün sübutları da təqdim edəcəkdir. Bir vətəndaş kimi tək ümid yeri dövləti və ən ali qanununlarıdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı tərəfindən təqdim edilmiş fləş yaddaş kartında olan İddiaçı və Cavabdeh danışığı (məhkəmə iclasında tərəflərin ifadələrinə əsasən) əks olunmuşdur. Lakin həmin fayllara baxış zamanı iş üzrə zəruri halları təsdiq edən dəlillər müəyyən olunmamışdır. xx.xx.2025-ci il tarixli 1-********** nömrəli bank qəbzinə əsasən İddiaçı 40 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 2000 manat məbləğində pulun tutulmasını xahiş edərək, göstərmişdir ki, qeyd olunan məbləği cavabdehə borc kimi vermiş, lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla belə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlə borc münasibətlərinin mövcudluğunu və pul vəsaitinin cavabdehə verilməsini təsdiq edən yazılı sübutlar, o cümlədən borc müqaviləsi, qəbz və ya digər maliyyə sənədləri məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş səs yazıları və yazışmalar məhkəmə tərəfindən araşdırılmış olsa da, həmin sübutlar borc öhdəliyinin mövcudluğunu və pul vəsaitinin məhz cavabdehə verildiyini şübhəsiz şəkildə təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Qeyd olunan sübutlar təkbaşına borc münasibətlərinin yaranmasını sübuta yetirmək üçün kifayət hesab edilmir. Bununla yanaşı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh iddia tələbinin etiraf edilməsi barədə məhkəməyə hər hansı yazılı və ya şifahi bəyanat təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, göstərdiyi məbləğdə pul vəsaitini cavabdehə verdiyini sübut etməli olduğu halda, bu vəzifəni lazımi qaydada yerinə yetirməmişdir. İş üzrə toplanmış sübutlar iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsasların mövcudluğunu təsdiq etmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 40 (qırx) manat məbləğdə dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №e-2(062)-3061/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-3061/2025
27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver