Məhkəmə qərarları › İş №e-2(062)-4461/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-4461/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-4461/2025 29.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan göründüyü kimi iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia belə əsaslandırılmışdır ki,X5 ilə tanışı Əli İmranovun işlədiyi Nəsimi rayonu, 4cü mkr ərazisində yerləşən “Qartal Restoranında” tanış olmuşdur. “İNEX MMC” X4 qarşı borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və o həmin işə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuzikimin yeddi yüz yeddimanat 26 qəpik) manat pulun tutularaq iddiaçı"xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin Qətnamədən də görünür ki, X5 ilə onların arasında “Alexandrite Pro” lazer epilyasiya cihazına olan ödənişlə bağlı da mübahisə vardır. Eləcə də, məhkəmənin diqqətinə onu da çatdırır ki, onlar X5 ilə yaxın münasibətlərdə olarkən, təxminən 2022-ci ilin avqust ayında Ulduz Qurbanova ondan borc olaraq ona 40.000 manat pul lazım olduğunu bildirmiş, o də həmin pulun ona nə üçün lazım olduğunu soruşanda o bildirmişdir ki, onun ailə üzvlərinin maddi vəziyyəti yaxşı deyil və imkansız olduqlarına görə Tovuz rayonunda mağaza icarəyə götürüb, Türkiyədən Türk tekstili gətirib satmaq istəyirlər və bu işdə onların yaxşı səriştələri var. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, ona bu pulu borc olaraq verərərsə, borcu 1 il ərzində qaytaracaqdır. O qeyd edilən pul vəsaitini pulu borc olaraq verəcəyinə söz verdikdən sonra Ulduz öz anası Almaz və bacısı Zərnişana məxsus şəxsiyyət vəsiqələrini ona telefon vasitəsilə göndərib ondan xahiş etmişdir ki, həmin borc pulu Tovuz rayonuna, anası və bacısının adlarına göndərsin, o da 2022-ci ilin avqust ayında işgüzar əlaqələrdə olan yaxın tanışı Əlidən xahiş etmişdir ki, Ulduzun anası Cavabdeh və bacısı Zərnişanın adına 40.000 manat pul göndərsin. Əli də, onun xahişi ilə 3-4 gün ərzində Almazın və Zərnişanın adına Kapital bank vasitəsilə 39.000 manat pul göndərmişdir, həmin vəsaitin 14.000 manatı Zərnişanın adına, qalan 25.000 manatı isə Almazın adına köçürülmüşdür. Köçürülən pul vəsaitləri onlar tərəfindən təhvilalınmışdır. Ulduz Qurbanova sonradan ondan yenidən əlavə 10.000 manat borc pul istəyib bildirmişdir ki,“Türkiyədən mal gətirilməsinə görə pul çatmır və həmin məbləği də versə, onu da 1 ilərzində qaytaracaq. O da, Ulduza inandığı üçün hissə-hissə olmaqla, iki dəfəyə 8.000 manat, qalan hissəsini isə irili-xırdalı olmaqla, Ulduzun bank hesabı kartına ümumilikdə 10.000 manat pul vəsaitini borc olaraq köçürmüşdür. Aralarında mübahisə oladuğundan iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlie2(076)-374/2024 saylı qətnaməsi ilə iddia ərizə təmin edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(076)-374/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 1463/2024 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-374/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi; Şəmkir Rayon Məhkəməsinin e2(076)-374/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehlər X1 14000 (on dörd min) və Cavabdeh 11000 (on bir min) manat tutularaq, İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun 121 manatının X1 və Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən kasasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-784/2025 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli, 2(104)-1463/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəmkir Rayon Məhkəməsinə müraciət edərkən texniki səhv olaraq, Cavabdeh 11000 manat və Zərnişan Mansırlıdan 28000 manat tutularaq ona verilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1463/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki,həmçinin cavabdeh X5 izahatında pulların iddiaçının tanışı tərəfindən iddiaçıya verilməsi üçün onların adına göndərildiyini və həmin pullarından hesabdan çıxarılaraq iddiaçıya ödənildiyini qeyd etsə də, pulların iddiaçıya ödənilməsini təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tapşırıq müqaviləsi əsasında ona çatdırılması üçün X2 və Cavabdeh hesabına köçürülən pulların iddiaçıya çatdırılması təsdiqini tapmadığı üçün iddia tələbi qismən, yəni cavabdehlər Cavabdeh 11.000 AZN və Mansırlı Zərnişan qızından 14.000 AZN tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh 11.000 manat və Mansırlı Zərnişan qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X8 tərəfindən X2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022-ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür. Bu səbəbdən də hesab edir ki, hazırda Cavabdeh həmin 14000 manat tutularaq mənə ödənilməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi yuxarıda qeyd edildiyi kimi pul tələbinə dair işlərə məhkəmələrdə baxılarkən İddiaçı texniki səhv olaraq, Cavabdeh 11000 manat və Zərnişan Mansırlıdan 28000 manat tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, iddianın predmeti pul tələbindən ibarət olmaqla məhkəmələr tərəfindən iddiaya hüquqi qiymət verilmişdir. İddiaçı pulun məbləğinin, yəni iddianın obyektinin texniki səhv olaraq göstərildiyini bildirsə də ona məhkəmələr tərəfindən iddia tələbinin həcminin dəyişdirilməsi və yaxud artırılması ilə bağlı prosessual imkanlar yaradılmış və bu imkanlardan istifadə etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı pul tələbinə eyni əsasla hüquqi qiymət verildiyindən bu iddia yenidən məhkəmə araşdırılmasının predmeti ola bilməz. Həmçinin məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, iddiaçının əvvəlki tələbinə hüquqi qiymət verən məhkəmələr tərəfindən həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməsi, ziddiyyətli məqamların aradan qaldırılması üçün prosessual imkanlar yaradılmışdır. Verilmiş tələbə hüquqi qiymət verildikdən sonra iddiaçının hər dəfə texniki səhvə istinad edərək yenidən iddianın qaldırılması hüquqi müəyyənlik prinsipinə zidd olmaqla, mülki dövriyyənin sabitliyini də hədəf almış olur. Mübahisənin predmeti iddianın predmeti ilə eyniləşdirilə bilməz. Mübahisənin predmeti nisbətən daha geniş anlayışdır. Məhkəmə araşdırması zamanı, əsas iddia ərizəsində göstərilməsindən, yaxud sonradan işə baxılması əsnasında meydana gəlməsindən asılı olmayaraq, işin ədalətli həlli üçün əhəmiyyət kəsb edən bir sıra mübahisəli məsələlərin həllinə yol verilir. Bu baxımdan mübahisənin predmeti dedikdə, yalnız əsas iddianın deyil, eyni zamanda qarşılıqlı iddianın və üçüncü şəxsin iddiasının predmeti, habelə tərəflərdən heç birinin qaldırmadığı, lakin məhkəmə tərəfindən müstəqil olaraq, maddi və prosessual hüquq normalarının tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla həll edilən məsələlər də başa düşülməlidir. Məhkəmənin bu cür hərəkətləri mübahisə edən tərəflərin dispozitiv hüquqlarına müdaxilə olsa da, bu, məhkəmə prosesi çərçivəsində işi düzgün həll etmək niyyətindən irəli gəlir və konstitusiya əhəmiyyəti olan prosessual qənaət və prosessual hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsiplərinin həyata keçirilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: ● birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ● ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; ● üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativhüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. MPM-in 53-cü maddəsinə əsasən iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə haqlıdır. Bu maddənin mənasına görə eyni zamanda həm iddianın predmetini, həm də əsasını dəyişdirmək olmaz. İddianın bu ünsürlərindən yalnız biri dəyişdirilə bilər. İddianın predmetinin və əsasının eyni zamanda dəyişdirilməsi ona görə yolverilməzdir ki, iddianın belə dəyişdirilməsi artıq tamamilə yeni iddianın olmasını göstərir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizənin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. İzah edilir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə yenidən müraciət edilməsinə yol verilmir. Ödənilmiş 132 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar