Məhkəmə qərarları › İş №e-2(062)-534/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-534/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-534/2024 13.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «müqavilənin ləğvi və pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv olunması, 5600 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 76 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh ilə müqavilə bağlamışdır. Müqavilənin şərtinə əsasən özünə məxsus VAZ 21074 minik markalı avtomobili cavabdehə 8500 manata satmışdır. İlkin olaraq cavabdeh ona 1000 manat pul ödəmişdir. Qalan 7500 manat pulu isə 25 ay müddətinə hər ay 300 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam olaraq icra etməmişdir. Bu günə kimi cavabdeh cəmi 2900 manat ödəniş etmişdir. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra etməsi üçün pretenziya qaydasında məktub göndərmişdir. Əks halda müqavilənin ləğvi, avtomobilin geri qaytarılması və ya avtomobil yararsız halda olacağı təqdirdə maddi ziyan tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh məktuba məhəl qoymamışdır. Cavabdeh müqavilənin şərtinə əsasən 7500 manatı 25 ay müddətinə hər ay 300 manat ödəmək ilə qaytarmalı idi. Lakin hazırki vaxta kimi ödənişdən ümumi 1900 manat ödəmişdir, hansı ki, bu məbləğ 6600 manat olmalı idi. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata «xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi» hissəsində işə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında olan xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı mülkiyyətində olan VAZ 21074 minik markalı avtomobili ilkin 1000 manat ödənilməsi, qalan 7500 manatı isə 25 ay müddətinə aylıq 300 manat ödəmək şərti ilə 8500 manata alıcıya satması barədə razılığa gəlmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Mülki Məcəllənin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında yazılı olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, cavabdeh ilkin 1000 manat ödəmək şərti ilə ümumi dəyəri 8500 manat olan iddiaçıya məxsus VAZ 21074 minik markalı avtomobili nisyə olaraq almışdır. Avtomobilin dəyərindən geri qalan 7500 manat vəsait cavabdeh tərəfindən aylıq 300 manat olmaqla 25 ay müddətinə ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nisyə aldığı nəqliyyat vasitəsinin dəyərinin geri qalanını ödəməmişdir. Cavabdeh avtomobilin dəyərindən qalan 7500 manatdan cəmi 1900 manat ödəmiş və onun 5600 manat ödənilməmiş borcu qalmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsində qeyd olunmuşdur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni zamanda cavabdeh məhkəmə iclaslarından yayınmış, habelə iddia ərizəsinə qarşı hər hansı etiraz məhkəməyə ünvanlamamışdır. Odur ki, məhkəmə cavabdehin nisyə olaraq aldığı nəqliyyat vasitəsinin dəyərindən iddiaçıya 5600 manat pulun ödənilməmiş olması ilə bağlı iddiaçının dəlillərini sübut kimi qəbul edir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5600 manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq büdcəyə ödənilən 76 manat məbləğdə pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 5660 (beş min altı yüz altmış) manat pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 76 (yetmiş altı) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar