Məhkəmə qərarları › İş №e-2(062)-849/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-849/2025

28.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-849/2025 28.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərinə qarşı «evdən çıxarılma» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X10 qarşı «evdən çıxarılma və istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin bankın mülkiyyətində olan Tovuz rayonu, Qovlar şəhəri, N.Nərimanov küçəsi, 6 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehlər tərəfindən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə boşaldılması, evin və torpaq sahəsinin banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə bankın mülkiyyətində olan Tovuz rayonu, Qovlar şəhəri, N.Nərimanov küçəsi, 6 saylı fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin və evin yerləşdiyi 0,08 ha torpaq sahəsinin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC X23 və qeyrilərinə qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 14 aprel 2017-ci 14 aprel tarixli, 2(62)-551 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X14, X15, X8, Cavabdeh1, X4, X3, X2, X7 və X5 48148 manat məbləğində əsas, 3160.39 manat faiz borcu, 6048.80 manat məbləğində cərimə borcu olmaqla, cəmi 57323.19 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC -nin xeyrinə ödənilməsi, tutmanın xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və cavabdeh X18 mülkiyyətində olan, banka ipotekaya qoyulmuş və ipoteka predmetinin ilkin satış qiyməti 68000 manat olan ünvan 1 ünvanda 0.2595 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123.7 kv.m, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 56.8 kv.m olan 3 otaqlı və 2 mərtəbəli ümumi sahəsi 273.9 kv.m, yaşayış sahəsi 116.7 kv.m, yardımçı sahəsi 157.2 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə 0.02595 ha torpaq sahəsi ilə birlikdə, həmçinin B literli bir mərtəbəli, ümumi sahəsi 71.5 kv.m olan fərdi yaşayış evinə və X12 məxsus olan banka ipotekaya qoyulmuş və ipoteka predmetinin qiyməti 35000 manat olan ünvan 2 ünvanda yerləşən 0.08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 kv.m, yaşayış sahəsi 55.9 kv.m, yardımçı sahəsi 46.6 kv.m olan 3 otaqlı və 1 mərtəbəli fərdi yaşayış evinə, həmçinin B literli bir mərtəbəli, ümumi sahəsi 16 kv.m olan təsərrüfat damına və 0.08 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın satışından əldə edilən vəsait hesabına cavabdeh X16 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlaklar Tovuz rayon İcra Şöbəsinin 2674 saylı, xx.xx.2017-ci i tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. Evin boşaldılması və banka təhvil verilməsi üçün fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, nəticə olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-08/2021 saylı mülki iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X14 48148 manat məbləğində əsas borc, 3160.39 manat məbləğində faiz borcu, 300,74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51609,13 manat məbləğində pul və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X18 mülkiyyətində olan 19 fevral 2015-ci il tarixli 659/E/AS saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 4 ünvanda olan 0,2595 ha torpaq sahəsində yerləşən 123.7 kv.m, yaşayış sahəsi 66.9 kv.m, yardımçı sahəsi 56.8 kv.m olan 3 yaşayış otaqlı və 2 mərtəbəli ümumi sahəsi 273.9 kv.m, yaşayış sahəsi 116.7 kv.m, yardımçı sahəsi 157.2 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə, həmçinin B literli bir mərtəbəli, ümumi sahəsi 71.5 kv.m olan fərdi yaşayış evinə və mərhum X11 mülkiyyətində olmaqla X1 olan 19 fevral 2015-ci il tarixli 659/E/AS saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 5 ünvanda olan 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 102.5 kv.m, yaşayış sahəsi 55.9 kv.m, yardımçı sahəsi 46.6 kv.m olan 3 yaşayış otaqlı və 1 mərtəbəli fərdi yaşayış evinə, həmçinin B literli bir mərtəbəli, ümumi sahəsi 16 kv.m olan təsərrüfat damına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlakların satışından əldə olunmuş vəsaitin borcun ödənilməsinə yetərli olmadıqda qalan məbləğin müştərək qaydada cavabdehlər X14, X7 və X5 tutularaq, İddiaçı ASC-yə ödənilməsi, cavabdeh X18 mülkiyyətində olan fərdi yaşayış evinin İpoteka predmetinin ilkin satış qiymətinin 71000 manat və mərhum X11 mülkiyyətində olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 38000 manat müəyyən edilməsi, X14 600 manatın tutularaq, "xxxx" (qiymətləndirmə xidməti) MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X23 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3485/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 102,5 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdən İddiaçı ASC-nə məxsusdur. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın başqasının qanunsuz sahibliyindən geri alınması ilə bağlı yaranmış mübahisədir və yaranan mübahisəyə mülkiyyətin müdafiəsi üzrə olan normalar əsasında hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmlak üzrə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Evdən çıxarılma tələbi ilə bağlı məhkəmə diqqətə çatdırır ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.) da əsas və ayrılmaz hüquqlardan biri kimi önəmli yer tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş mülkiyyət hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin mənzilindən çıxarılmasını tələb etmək hüququna malikdir. Onun iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. İş materialları ilə təsdiqin tapmışdır ki, mübahisəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, daha sonra kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyi üçün tutma qətnamə əsasında ipoteka predmeti olan mübahisəli mənzilə yönəlmişdir. Bu barədə Tovuz Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Daha sonra qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmiş və icra tədbirləri nəticəsində İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən İddiaçı ASC-yə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququ maddi nemətlərin konkret şəxslərə məxsusluğu vəziyyətini, yəni əmlaka mülkiyyət hüququnun yaranması, dəyişməsi və xitamı əsaslarını tənzimləyən və müdafiə edən hüquq normalarının məcmusundan ibarətdir. Qanunla nəzərdə tutulmuş hüquqi faktların baş verməsi konkret şəxsdə və ya şəxslərdə mülkiyyət hüququnun yaranmasına səbəb olur. Mülki Məcəllənin 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu zaman mülkiyyətçi əmlak üzərində tam hakimiyyət əldə edir və bu hüquqdan öz istəyinə uyğun olaraq istifadə edir, digər şəxslərin əşyadan qanunsuz istifadəsinin qarşısını alır və yaxud istifadənin xüsusi qaydasını müəyyən edir. Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. Mülki Məcəllənin 205.2-ci maddəsində qeyd olunmuşdur ki, tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə sadalanan hüquq normaları əsasında mülki iş materiallarını müqayisəli təhlil edərək göstərir ki, mübahisəli mənzil qanuni əsaslarla İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Hazırda isə cavabdehlərin həmin mənzildə yaşamaları hər hansı hüquqi əsasa söykənmir. Bir sözlə cavabdehlərin evdən istifadəsi iddiaçının mülkiyyət hüquqlarını pozur. Eyni zamanda cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etməsinə əsas verən hər hansı etibarlı hüquqi əsas yoxdur. Belə ki, yaşayış sahəsindən çıxarılma barədə iddialara baxılarkən araşdırılmalı məsələlərdən biri, mübahisəli yaşayış sahəsinin hüquqi statusu məsələsidir. Yəni mübahisəli yaşayış yerinin kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər. İş materiallarından göründüyü kimi, cavabdehlərin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları yoxdur. Çünki evin mülkiyyətçisi dəyişmiş və mülkiyyətçi ilə orada yaşayan şəxslərin hüquq və vəzifələrinin həcmi də dəyişilmişdir. Bununla belə cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onun mülkiyyət hüququna müdaxilə edirlər. Ona görə də iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olar. Belə ki, Konstitusiya Məhkəməsi «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsində qeyd edilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmçinin məhkəmə onu da göstərir ki, cavabdehlər xx.xx.2012-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə evdən çıxarılmalıdır. Çünki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il təvəllüdlü İbrahim adlı uşaqları ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış üzrə İddiaçı ASC-nə məxsus olan ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 102,5 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın. Fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsi boşaldılaraq İddiaçı ASC-nə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nə aid edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar