Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-567/2024 09.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı MMC-nin xeyrinə 6686 manat əsas borcun, ilkin mediasiya sessiyasına müraciət zamanı ödənilmiş 50 manat mediasiya xərcinin və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə, müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bundan sonra, cavabdeh 10 avqust 2021-ci il tarixli, 421 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Lakin, cavabdeh 23 dekabr 2022-ci il tarixli, 687 saylı əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. Belə ki, Cavabdeh iş vaxtı ərzində, bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Bu mənada, 24 noyabr 2022-ci il tarixdə Oba-Xırdalan 21 mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmiş, həmçinin həmin tarixdə aparılmış "İnventarizasiya nəticələrinə" dair aktlara əsasən yekun ziyan məbləğinin cəmi 7946,94 manat məbləğində olması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş, ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Bununla da, Cavabdeh qalıq borcu 6686 manat təşkil etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, habelə iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edib, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməklə izahatında göstərdi ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Belə ki, aradan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, qanunla müəyyən olunmuş müddətdə məhkəməyə müraciət olunmamışdır. Odur ki, iddiaçı müqavilədən irəli gələn iddia müddətini ötürdükdən sonra iddia tələbi ilə məhkəməyə müraciət etdiyinə görə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə bildirişi iddiaçıya məxsus elektron kabinetə 25 iyun 2024-cü il tarixdə, saat 12:27-də yerləşdirilməklə, eyni zamanda, Cavabdeh iddia müddətinin tətbiqi barədə verdiyi ərizə də, həmin tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmiş və bununla bağlı hər hansı münasibətini bildirməmişdir) lakin məhkəmə iclasında iştirak etməmişlər, etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmənin 30 may 2024-cü il tarixli iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək, əlavə olaraq göstərmişdir ki, Cavabdeh 24 noyabr 2022-ci il tarixdə Oba-Xırdalan 21 mağazasında aparılmış inventarizasiya nəticəsində cəmiyyətə vurduğu zərər güzəşt edilmiş, lakin sonuncu həm edilən güzəştə, həm də 02 dekabr 2022-ci il və 18 aprel 2023cü il tarixli rəsmi qaydada edilmiş xəbərdarlıqlara məhəl qoymamış və hazırkı vaxtadək dəyən ziyanı ödəməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 22 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin, eyni tarixli, 39 nömrəli əmrin çıxarışından, eləcə də həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətlərindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə "satıcı-kassir" vəzifəsinə işə qəbul edilmiş, həmçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan 04 may 2021-ci il tarixli əmək müqaviləsinə əlavənin və eyni tarixli, 245 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "baş satıcı" vəzifəsinə təyin edilmişdir. İşdə olan 10 avqust 2021-ci il tarixli əmək müqaviləsinə əlavənin və eyni tarixli, 421 nömrəli əmrin çıxarışından görünür ki, Cavabdeh həmin tarixdən "xxxx" MMC-yə "administrator" vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş 24 noyabr 2022-ci il tarixli “Oba-Xırdalan 21” filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, həmin tarixdə müvafiq komissiya tərəfindən aparılan araşdırma nəticəsində 7946,94 manat çatışmazlıq müəyyən edilmiş, lakin maddi məsul şəxs Cavabdeh həmin aktı imzalamamışdır. İşdə olan 24 noyabr 2022-ci il tarixli iltizamnamədən görünür ki, diyircəkli qələmlə yazılmış “sayımda sona qədər iştirak etdim. Sonda sayılan miqdarlar qarşılaşdırma yolu ilə yoxlanıldı. Əksik mallara baxıldı. Sayımla bağlı etirazım yoxdur” həmin qrafanın alt hissəsindən isə soyadını və adını qeyd etməklə imzalamışdır. İşdə olan 24 noyabr 2022-ci il tarixli imtina aktından görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Oba-Xırdalan 21 (1398) mağazasında həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Abbas oğlunun iştirakı ilə 24 noyabr 2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Abbas oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış, heç bir əsaslı səbəb bildirmədən ilkin, eləcə də yekun sənədləri imzalamamış və əksik gəlmələrin (7946,94 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan 23 dekabr 2022-ci il tarixli, 687 nömrəli əmrdən çıxarışın, eləcə də, eyni tarixli, xxxxxxx0005X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərinə əsasən Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İşdə olan 22 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq, onun hesabında 24 noyabr 2022ci il tarixində 7946,94 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksik gəlmələrə görə ümumi olaraq 6686 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, 22 may 2023-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan ümumi borcu 6686 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 18 aprel 2023-cü il tarixli xəbərdarlıqdan surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" MMC tərəfindən cavabdehə yenidən xəbərdarlıq edilmişdir (axırıncı xəbərdarlıq cavabdeh tərəfindən 24 aprel 2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir). İşdə olan mötəbər sənədlərdən görünür ki, "xxxx" MMC ilkin mediasiya qurumuna müraciət edən zaman 50 manat məbləğində mediasiya xərci, məhkəməyə müraciət edərkən isə 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin İ bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin İ hissəsinin “a” və “ç” bəndlərinə əsasən işçi qanuna zidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 194-cü maddəsinin İİ bəndinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir; birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür-ümumi və xüsusi; ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil, xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısadılmış və ya uzadılmış ola bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında göstərilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 22 yanvar 2021-ci il tarixli əmək müqaviləsi əsasında əmək münasibətləri başlamış və eyni zamanda, işçi ilə işəgötürən arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır ki, həmin müqavilə cavabdehi işəgötürən qarşısında etibar edilmiş maddi sərvətləri qorumaq, saxlamaq və görüləcək işi layiqincə yerinə yetirmək kimi öhdəliklərlə məsul etmişdir. Tərəflər arasında yaranmış mübahisənin əsası isə 24 noyabr 2022-ci il tarixdə “Oba-Xırdalan 21” filialında keçirilmiş inventarizasiya zamanı 7946,94 manat zərərin aşkar edilməsi olmuşdur. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Cavabdeh isə, məhkəmə iclası zamanı işəgötürənin hüququnun pozuntusunu bildiyi andan 2 ilə yaxın müddət keçməsindən sonra məhkəməyə müraciət etdiyini əsas gətirərək iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında formalaşmış mübahisəni əmək mübahisələrinin növlərinə münasibətdə mübahisə edən subyektlərə görə yaranmış mübahisəyə aid etmək olar. Ümumiyyətlə əmək mübahisələrinin yaranmasının səbəb və şərtləri mövcuddur ki, bu da məhz tərəflər arasında yaranmış mübahisənin özülünü təşkil edir. Beləliklə, əmək münasibətlərində yaranmış mübahisənin səbəblərini də iki kateqoriyaya, yəni, obyektiv və subyektiv səbələrə bölmək olar ki, hazırkı mübahisədə yaranmış səbəb məhz subyektiv kateqoriyanı (subyektiv səbəb obyektiv qanunauyğun xarakterinə malik olmayan, daha çox ayrı-ayrı subyektlərin fəaliyyətindəki çatışmazlıq və səhvlərlə müəyyən olunan ziddiyyətlərə aiddir) özündə ehtiva edir. Hazırkı halda prosessual qənaət prinsipi rəhbər tutulmaqla tərəflər arasında formalaşmış münasibətlər hüquqi müstəvidə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsinin əsaslılığı və qanuniliyinin araşdırılması fonunda öz əksini tapmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Beləliklə, işin araşdırılan, eləcə də, iddia tərəfinin təqdim etdiyi sənədlərindən görünür ki, iddiaçı MMC ilə cavabdeh arasında əmək münasibətləri 22 yanvar 2021-ci il tarixdə yaranmış, 23 dekabr 2022-ci il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, qanunvericilik işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. Belə ki, əmək qanunvericiliyi iddia müddətinin axımının başlanmasını işəgötürənə maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar edildiyi gündən müəyyən etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları, iddiaçının təqdim etdiyi sənədlər və eləcə də, iddiaçının nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin aşkar edilməsi məhz 24 noyabr 2022-ci il tarixdə “Oba-Xırdalan 21” filialında keçirilmiş inventarizasiya zamanı 7946,94 manat zərərin müyyən edilməsi olmuşdur (bu hallar iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapır). Beləliklə, məhkəmə hesab edir ki, 24 noyabr 2022-ci il tarixdən (zərərin aşkar edildiyi vaxtdan) 15 aprel 2024-cü il tarixədək, yəni iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək 1 ildən artıq müddət ötmüşdür. Bu hal isə iddianın təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair (sözügedən norma ilə bağlı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarında da qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Həmçinin sözügedən qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə məhkəmə, işin faktiki hallarını nəzərə alaraq mövcud mübahisəyə, yəni iddiaçı ilə Cavabdeh arasında olan mübahisəyə əmək qanunvericilikdə (Əmək Məcəllənin 296-cı maddəsi) nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 87 (səksən yeddi) manat məhkəmə xərci İddiaçı MMC-nin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı MMC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 87 (səksən yeddi) manat məhkəmə xərci İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №e-2(063)-567/2024
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-567/2024
09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver