Məhkəmə qərarları › İş №e-2(064)-29/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-29/2024

10.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-29/2024 10.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” Publik Hüquqi şəxsin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” Publik Hüquqi şəxsin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” Publik Hüquqi şəxsi Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 12 iyul 2021-ci il tarixində 116 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 17 saylı Ərazi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 12 iyul 2021-ci il tarixində 116 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3655, 2947 və 3863 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 21 iyun tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və 2022-ci il 25 yanvar tarixli aralıq və 2022ci il tarixli 24 noyabr tarixli yekun monitorinq aktlarına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 3655, 2947 və 3863 birka nömrəli 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2023 tarixli 3-17-2/2-1346/2023 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Həmçinin Agentlik tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə (bundan sonra – Komitə) 21 iyun 2023-cü il tarixində məktub göndərildiyi və həmin məktubda “Məşğulluq haqqında” Qanunun (bundan sonra – Qanun) 24.5-ci maddəsinə əsasən eyni (analoji) əmlaklar üçün dərc edilmiş qiymətlər barədə məlumatların Agentliyə təqdim edilməsinin xahiş edildiyi qeyd edilmişdir (əlavə olunur). Komitə tərəfindən Agentliyə ünvanlanmış 4 iyul 2023-cü il tarixli 3-34/2-66/04-1/2023 nömrəli cavab məktubunda sorğu edilən məhsulların Komitə tərəfindən qiymət müşahidəsi aparılan məhsulların siyahısında olmadığı bildirilmişdir (əlavə olunur). Qeyd olunanlardan aydın şəkildə görünür ki, Qanunun 24.3-cü maddəsində göstərilən bazar qiyməti, bu Qanunun 24.5-ci maddəsinə əsasən Komitə tərəfindən dərc edilən qiymət əsasında müəyyən edilməli idi. Lakin Komitə tərəfindən bu qiymətlər dərc edilməmişdir. Komitə tərəfindən sözügedən qiymətlər barədə məlumatların dərc edilməməsi səbəbindən hazırda özünüməşğulluğa cəlb olunmuş şəxsə müqavilə əsasında verilmiş əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün qiymətinin Agentilk tərəfindən Qanuna müvafiq olaraq müəyyən edilməsi mümkün olmamaqdadır. Belə ki, Agentilk tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq sözügedən qiymətin müəyyən edilməsi yalnız əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün Komitə tərəfindən dərc edilməli qiymətlər əsasında mümkün ola bilər. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 (üç) baş inəyin və 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” Publik Hüquqi şəxsin nümayəndəsi X3 iddia ərizəsində qeyd olunanlarla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməklə cavabdehdən 3 baş inəyin və 400 kq qarışıq yemin natura şəklində və ya bu mümkün olmadıqda dəyərinin alınaraq iddiaçıya verilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi heyvanları o, satmamışdır və hazırda onun həyətindədir. Odur ki, iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə verir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdəki sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli özünüməşğulluğa kömək göstərilməsinə dair 116 saylı müqavilə, Cavabdeh Agentliyə ünvanladığı izahatı və digər sənədlərlə müəyyən edilir ki, Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3655, 2947 və 3863 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərələr arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, cavabdeh ona verilmiş əmlakdan bir il müddətində özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürsə də buna lazımınca əməl etməmiş və həmin heyvanların üçünü də satmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, 3 yaşlı yerli cins inəklərin orta bazar satış qiyməti 1.500 manat civarındadır. Qüvvəli yemin bir kiloqramının orta bazar qiyməti 0.47 manat civarındadır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən hər birinin dəyəri 1.500 manat olan 3 baş inək, eləcə də bir kq-nın dəyəri 0,47 manat olan 400 kq yem naturada və ya bu mümkün olmadıqda dəyəri alınaraq iddiaçıya verlməlidir. “Məşğuluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.15. özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsidir. 24.4. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. “Özünüməşğulluğun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş özünüməşğulluğun təşkili Qaydaları”nın 8.3-cü bəndində qeyd edilir ki, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119, 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “X4” Publik Hüquqi şəxsin xeyrinə Cavabdeh hər birinin dəyəri 1.500 manat olan 3 baş inək və hər bir kiloqramının dəyəri 0,47 manat olan 400 kq yem naturada və ya bu mümkün olmadıqda dəyəri pulla alınaraq verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar