Məhkəmə qərarları › İş №e-2(064)-35/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-35/2025

26.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-35/2025 26.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması, Cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********86 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ev və torpaq sahəsindən payına mütənasib olaraq 1/4 hissəsi şəklində ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********86 reyestr nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində ¼ hissədə onun payı, ¼ hissədə mərhum anası X2 və 2/4 hissədə atası X5 payı müəyyən edilmişdir. O, miras payının bir hissəsini alsa da, qardaşı Cavabdeh ilə əmlakı naturada bölə bilmirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İlkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə atası X8, xx.xx.2012-ci il tarixində isə anası X6 vəfat etmişdir. O, bacısı İddiaçı və digər bacısı X9 valideynlərinin qanun üzrə birinci növbədən vərəsələridirlər. Mərhum valideynlərindən onlara ünvan 1ində 0.29 hektar torpaq sahəsində yerləşən, sahəsi 110,4 kvadratmetr olan ev miras qalmışdır. Hər üç vərəsə miras əmlakdan istifadə və ona sahiblik etməklə miras əmlakı faktiki qəbul etmiş və bunu şəksiz nümayiş etdirmişdir. Amma Füzuli rayon notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçı anası X3 düşən hissədən 1/2 pay hüququ barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bu şəhadətnamə əsasında İddiaçı digər vərəsələri nəzərə almadan özünə düşən hissədə xx.xx.2024-cü il tarixində **********86-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış alaraq naturada bölünməsi iddiasını irəli sürmüşdür. Digər vərəsələrin olduğunu nəzərə alsaq iddiası əsassızdır. xx.xx.2024-cü il tarixdə anası X3 düşən digər hissə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmişdir. Yəni notarius tərəfindən aparılmış yanlış bölgü nəticəsində digər vərəsə X9 mirasdan məhrum olmuşdur. Füzuli rayon notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli şəhadətnamələrin və İddiaçı Şüküm qızına məxsus **********86-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış (və ya çıxarışların) etibarsız hesab edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında ədalətli bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(064)-35/2025 saylı qərardadı ilə X9 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və cavabdehin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 cavabdehin qarşılıqlı iddia ərizəsinə uyğun çıxış edərək ilkin iddianın rədd edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında ədalətli bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyətdə olan ünvan 1ində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payı, X2 ¼ hissədə payı, X5 2/4 hissədə payı müəyyən edilmişdir. - AZ-İ 575575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci ildə vəfat etmişdir. - AZ-İİ 377946 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinə X5 (2/4 hissə), İddiaçı (¼ hissə) və Cavabdeh (1/4 hissə) mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/4868/2025 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Füzuli rayonu Arayatlı kəndində yerləşən fərdi yaşayış evinin 4 saylı yaşayış otağından yeni giriş-çıxış yolunun açılması mümkündür. O cümlədən həmin yaşayış otağının iddiaçının payına uyğun olduğunu nəzərə alara fərdi yaşayış evində yenidənqurma işləri aparılaraq iddiaçının payına düşən hissəsinin ayrılması mümkündür. - müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan müəyyən edilir ki, o, miras payından imtina edir və bu müraciətin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə hazırki tələblərlə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakı hüquqi aktlara istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinin tələblərinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Beləliklə, məhkəmə istinad edilən hüquqi aktlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payı müəyyən edilmişdir. Lakin o, indiyədək sözügedən daşınmaz əmlaklardan payını digər mülkiyyətçilərdən natura şəklində ala bilməmişdir. Paylı mülkiyyətlə bağlı qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Həmçinin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/4868/2025 saylı ekspertiza rəyi əsasında müəyyən olunur ki, iddia obyekti iddiaçının payına düşən hissədə naturada ayrılaraq ona verilə bilər. Belə olan halda, ünvan 1ində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payı naturada ayrılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdeh qarşılıqlı iddia üzrə tələbinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdeh Füzuli rayon notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli şəhadətnamələrin və İddiaçı məxsus **********86-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın (və ya çıxarışların) etibarsız hesab edilməsi və miras əmlakın qanun üzrə vərəsələr arasında ədalətli bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh X7 mənafeyindən çıxış edərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair” xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərardadında göstərilir ki, hüquq elmində hüquq anlayışı obyektiv hüquq (və ya obyektiv mənada hüquq) və subyektiv hüquq (və ya subyektiv mənada hüquq) olmaqla iki mənada istifadə olunur. Obyektiv mənada hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati və s. hüquq sahələrinə bölünür. Subyektiv hüquq isə şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında gösətilir ki, Konstitusiyanın 60-cı maddəsihər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Qeyd olunan hüquqi aktların tələbindən çıxış edərək Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh qarşılıqlı iddia tələbi ilə X7 mənafeyindən çıxış edərək məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından qarşılıqlı iddia tələbi rədd edilməlidir. X1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan da müəyyən edilir ki, o, miras payından imtina edir və bu müraciətin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məsrəfinə görə Cavabdeh 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq qət etdi: İlkin iddia tələbi təmin edilsin. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr Xidməti Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli çıxarışına əsasən paylı mülkiyyətdə olan ünvan 1ində yerləşən ümumi sahəsi 110.4 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.29 ha olan torpaq sahəsi üzərində 1/4 hissədə payı naturada ayrılaraq iddiaçıya təhvil verilsin. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş qarşılıqlı iddia rədd edilsin. Cavabdeh 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar