Məhkəmə qərarları › İş №e-2(064)-479/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-479/2024

16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-479/2024 16.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı vurulmuş zərərin subroqasiya qaydasında ödənilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açaq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə VAZ21703 markalı, 90NO377 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixində Cavabdeh sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ21703 markalı, 90NO377 d.q.n-lı nəqliyyat vasitəsi ilə Füzuli ray., Horadiz şəh., M. Ə. Rəsulzadə küç., ərazisindən piyada X4 avtomobillə vurması nəticəsində çox saylı bədən xəsarətləri alaraq ölmünə, səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilimişdir, ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları tam toplamaq yolu ilə Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 sentyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay, 12 (on iki) gün müddət ona təyin edilmiş əsas cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X1 ölmü ilə bağlı 5000 (beş min) manat məbləğində sığorta ödənişi X3 verilmişdir. Məhkəmə iclasında: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iclasın Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavbdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki,: - VAZ21703 markalı, 90NO377 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır (xx.xx.2020-ci il tarixli PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin surətinə əsasən); - Cavabdeh xx.xx.2021-ci il tarixdə Füzuli rayonu,Horadiz şəhəri, M. Ə. Rəsulzadə küçəsi ərazisindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada X4 avtomobillə vurması nəticəsində çox saylı bədən xəsarətləri alaraq ölmünə, səbəb olmuşdur və Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları tam toplamaq yolu ilə Cavabdeh cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 sentyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay, 12 (on iki) gün müddət ona təyin edilmiş əsas cəzaya daxil edilərək həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. ( Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-137/2022 saylı hökmünün surətinə əsasən); - X1 ölmü ilə bağlı 5000 (beş min) manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir (xx.xx.2023-cü il tarixli çıxarışın surətinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə göstərilən sənədlər və qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərkən atası X5 xx.xx.2021-ci il tarixli,ƏN-V 649197 nömrəli etibarnamə əsasında istifadəsində olan “Vaz 21703 minik” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, asfalt yolu sağ tərəfdən sol tərəfə keçən piyada X4 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Gülnaz Səfərovanın xəsarətlər alaraq hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxsə yardım göstərmədən etdiyi hadisə ilə bağlı məsuliyyətdən yayınmaq məqsədilə qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Baş vermiş hadisədə X1 ölmü ilə bağlı iddiaçı "xxxx" ASC tərəfindən X3 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 70 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 5000 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar