Məhkəmə qərarları › İş №e-2(064)-58/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-58/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-58/2024 29.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 6595 manat, mediasiya xərcləri ilə bağlı ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 36 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2021-ci tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 6595 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olara ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh edilən xəbərdarlıqlara baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - OBA-Binəqədi 7 mağazasında baş-satıcı vəzifəsində çalışdığı zaman aparılmış yoxlama nəticəsində Cavabdeh 6595 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X1 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərər vuran) 6595 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir (xx.xx.2021-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin surəti əsasında); - cavabdeh saxta kupon hazırlaması nəticəsində iddiaçıya 6595 manat məbləğində ziyan vurmuş, dəyən ziyanı ödəməyi öhdəsinə götürmüş və törətdiyi əməldən peşman olduğunu bildirmişdir (xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən verilmiş izahatın surəti əsasında); - toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı MMC-yə Cavabdeh ilə aralarında yaranmış mülki münasibətlərdən irəli gələn öhdəliklər ilə əlaqədar AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur (xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 36 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas borc qismində 6595 manat, mediasiya xərcləri ilə bağlı ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 36 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar