Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-71/2025 13.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - İddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək cavabdehlərdən 9000 manat əsas pulun, ödədiyi 2972 manat faiz məbləğinin və hüquqi yardım üçün ödədiyi 800 manat pulun əvəzinin tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, kasıbçılıqla ailəsini dolandıran vətəndaşdır. İddia ilə bağlı bildirir ki, ev almaq məqsədi ilə Cavabdeh1 9000 manat pul verib. Lakin Cavabdeh1 evi ona vermək əvəzinə qaynanası Afər Xəlilova ilə aralarında guya evi alqı-satqı edirmişlər kimi müqavilə bağlamışlar. Həmin müavilədən sonra Cavabdeh2 onu həmin evdən çıxarmış və evin özünə məxsus olduğunu bildirmişdir. Halbuki həmin evə görə İddiaçı cavabdehin birinə pul ödəmiş, digər cavabdeh isə süni surətdə evə sahib çıxmışdır. Cavabdehlər onun ödədiyi pulu geri qaytarmalıdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etdi. Cavabdeh2 Məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən: Cavabdeh1 izahat verərək bildirmişdir ki, bir müddət əvvəl maddi vəziyyəti ilə əlaqədar olaraq ona məxsus evi satmaq qərarına gəlib, odur ki, evin satışı ilə bağlı elan paylaşıb və 11000 manat satış qiyməti təyin edib. Elanla bağlı həmkəndlisi Cavabdeh2 və ailəsi onunla əlaqə saxlayıblar. Həmin vaxt sadəcə Cavabdeh2 və ailəsini tanıyıb, İddiaçıla (İddiaçı) tanışlığı olmayıb. Daha sonra Cavabdeh2 və ailəsi evə baxmaq məqsədilə gəliblər və bu zaman onlara evi həmkəndliləri olduğu üçün 9000 manat sata biləcəyini, lakin bütün sənədləşmə işləri ilə özlərinin məşğul olmasını və bütün xərclərini ödəmələrini bildirib. Həmçinin pulun ona tam lazım olduğunu və hissə-hissə ödəniş qəbul etmədiyini bildirib. Sənədləşməni konkret kimin edəcəyini bilməyib.Son haqq-hesabı danışmaq üçün İddiaçı evə baxmağını gözləyiblər. Sonradan İddiaçı da evin alınması ilə bağlı razılığını bildirib və ailəsi ilə birlikdə evə köçüb, lakin pulu indi verə bilməyəcəyini, təxminən 10 gün vaxt verməsini xahiş edib. Təxminən 10 gün sonra pulu almaq üçün həmin evə getdikdə Cavabdeh2 əri ona təxminən 1600 manat (məbləği dəqiq xatırlamır) pulu nəğd verdiyini, qalan pulu isə İddiaçı onun kartına köçürəcəyini bildirib. İddiaçı qalan məbləği ona məxsus kart hesabına köçürüb. Bir müddət sonra aralarında ailəvi problemlər yaranıb və İddiaçı ona qarşı pul iddiasına çıxıb. İddiaçı evin ödənişi ilə bağlı kredit götürməsindən xəbəri olmayıb. Kredit götürməyə o məcbur etməyib, odur ki, faiz borcunun ondan tələb olunmasını əsassız hesab edir. Həmçinin mövzu ilə bağlı İddiaçı tərəfindən gizli şəkildə onun səs yazıları qeydə alınıb. Söhbət əsnasında nə dediyini dəqiq özü də xatırlamır, ola bilsin ki, fikrini düzgün ifadə edə bilməyib. Cavabdeh1 vəkili Nümayəndə2 cavabdehin özü ilə oxşar məzmunda izahat verərək bildirmişdir ki, İddiaçı tərəfindən Məhkəməyə təqdim edilən səs yazıları qanunsuz şəkildə, gizli yolla əldə olunub. Odur ki, Məhkəmədə mötəbər sübut kimi qiymətləndirilməsini düzgün hesab etmir. Cavabdeh2 nümayəndəsi Qanuni nümayəndə2 izahat verərək bildirib ki, İddiaçı onun keçmiş əri olub. Evli olduqları dövrdə təxminən 400 manat məbləğində əmək haqqı alırdı. Hazırda belə öz övladı ilə maraqlanmır, aliment ödəyə bilmir. Odur ki, İddiaçının heç vaxt ev almağa maddi imkanı olmayıb və deyilənlər ağlabatan deyil. Pulu ona ailəsi (İ.Allayarovanın ailəsi) verib. Odur ki, iddia əsassız olduğundan rədd olunmalıdır. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, GTZK9393974B299 saylı kredit müqaviləsi və ödəniş qrafiki əsasında müəyyən olunur ki, İddiaçı Kapital Bank ASC-dən 48 ay müddətinə illik 22,9% dərəcəsi ilə 5548 manat məbləğində kredit götürüb və ona kredit məbləğinə uyğun 2976,92 manat faiz məbləği təyin edilib; - xx.xx.2024-cü il tarixli tərəflər arasında bağlanmış, lakin notarial qaydada təsdiq edilməmiş alqı-satqı müqaviləsi əsasında müəyyən olunur ki, Ağayev X1 rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində ona məxsus 0,08 ha torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 100 kv.m. çiykərpicdən tikilmiş evi birdəfəlik olaraq Cavabdeh2 9000 manata satmışdır; - **********5 nömrəli qəbz əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “Bir Bank” tətbiqi vasitəsilə 416973******2284 saylı kart hesabından 416973******3060 saylı kart hesabına 7310 manat məbləğində vəsait köçürülüb; - CD diskə qeydə alınmış səs yazıları əsasında müəyyən olunur ki, İddiaçı Cavabdeh1 satın alınmış evin müqabilində 1690 manat nəğd formada, 7310 manat kart vasitəsilə olmaqla cəmi 9000 manat məbləğində ödəniş edib. - Kapital Bank tərəfindən verilmiş qəbzə əsasən müəyyən olunur ki, 800 manat məbləğində pul “vəkil haqq” təyinatı üzrə ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki qanunvericiliyə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasında əsassız varlanma da yer alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən CD diskdə qeydə alınmış səs yazmadan və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı Cavabdeh1 məxsus heç bir hüquqmüəyyənedici sənədi olmayan tikilinin Cavabdeh2 (keçmiş qayınanası) adına rəsmiləşdirməsi şərti ilə, eyni zamanda həmin tikilidən özünün də istifadə edə biləcəyini ehtimal edərək 9000 manat məbləğində pulu Cavabdeh1 ödəmiş, lakin İddiaçıya sözügedən tikilidən istifadəsinə ailə üzvləri tərəfindən yaradılmış maneələr həmin tikilidən istifadəni sonuncu üçün mümkünsüz etmiş, nəticədə Cavabdeh1 İddiaçının hesabına heç bir qanuni və ya müqavilə əsası olmadan 9000 manat əldə edərək varlanmışdır. Məhkəmə cavabdeh tərəfin CD diskdə qeydə alınmış səs yazmanın qanunvericiliyin tələblərinə zidd olaraq əldə olunduğu üçün sübutlar siyahısından çıxarılmasına dair vəsatətini əsassız hesab edərək bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi nəzərə alınaraq CD diskdə qeydə alınmış səs yazısı qanunvericiliyin tələbinə uyğun olaraq əldə edilmiş və hazırki mübahisənin qiymətləndirilməsində mötəbər sübut kimi qəbul edilir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı irəli sürülməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iclası zamanı tərəflər ifadə verərək bildirmişlər ki, mübahisə yarandığından həmin tikilidə hal-hazırda heç kim yaşamır. Həmin ifadələri Məhkəmə mötəbər sübut kimi qəbul edərək hesab edir ki, Cavabdeh2 mövcud vəziyyətdə əsassız varlanmadığı üçün ona qarşı iddia irəli sürülə bilməz. Beləliklə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin vəkilə hüquqi yardım üçün ödənilmiş 800 manat hissəsinə münasibət bildirərək Məhkəmə qeyd edir ki, CD disk tədqiq edilən zaman müəyyən olunur ki, İddiaçı Cavabdeh1 yaranmış mübahisə ilə bağlı mövcud vəziyyəti izah edir, həmçinin əks təqdirdə mübahisənin hüquq müstəvisində həll edəcəyini də bildirir, lakin işin faktiki hallarından müəyyən olunur ki, sonuncu tərəfindən bu istiqamətdə hər hansı müsbət addımlar atılmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardım üçün ödənilmiş 800 manat məbləğində pul vəsaiti də Cavabdeh1 alınaraq İddiaçıya ödənilməlidir. Bundan başqa, iddia tələbinin İddiaçının ödədiyi 2972 manat faiz məbləği hissəsinə münasibət bildirərək Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən göstərilən hissədə tələb müvafiq maddi hüquq normaları ilə düzgün əsaslandırılmadığından, həmçinin cavabdeh bağlanmış kredit müqaviləsi üzrə tərəf olmadığından, meydana gələn öhdəliklə bağlı Cavabdeh1 iddia tələbinin İddiaçının ödədiyi 2972 manat faiz məbləği hissəsinə görə məsuliyyət daşımamalıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 9000 manat məbləğində pul və hüquqi yardım üçün ödənilmiş 800 manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-71/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-71/2025
13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver