Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-739/2024 08.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7128 manat əsas pulun, 221 manat vəkilə ödənilmiş xidmət haqqının və 19 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün və şəhid ailəsinin üzvüdür. X1 1992-ci ildə ailə həyatı qurduqdan sonra gəlini Cavabdeh (cavabdeh) əvvəl özünü mülayim aparsa da sonradan oğluna və ona qarşı olan münasibəti dəyişmiş və bunun nəticəsində oğlu 2018-ci ildə boşanmaq üçün məhkəməyə müraciəti etmişdir və nəticədə onların nikahları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2000-ci il tarixli 543 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 1999-cu il tarixli 184 nömrəli və 20 avqust 2001-ci il tarixli 139 nömrəli qərarları ilə köçkünlərə hər ay üzrə 99 manat çörək pulub ödənilir. Həmin məbləği iddiaçı 2018-ci ilədək ona məxsus olan kart hesabından çıxarmaqla istifadə etmişdir. 2018-ci ildən bügünki günədək həmin çörək pulu kartı cavabdeh tərəfindən ələ keçirilmiş və iddiaçının adına olan kapital bank hesabından bügünədək ümumilikdə, 7128 manat pul mənimsənilərək ziyan vurulmuşdur. Cavabdeh hər dəfəsində iddiaçını aldadaraq və hər dəfəsində bəhanə gətirərək “bu kartdan gələn bunu sənin nəvələrin üçün xərcləmişəm” demişdir. Halbuki,cavabdeh karta gələn pulu yalnız öz şəxsi mənafeyi üçün xərcləmişdir. Odur ki, cavabdeh tərəfindən son 6 il ərzində hər ay üzrə bu məbləğ 99 manat olmaqla 7128 manat pul mənimsənilmişdir. Cavabdehə iddiaçı tərəfindən pulun qaytarılmasına dair xx.xx.2024-cü il tarixində pritenziya qaydasında göndərmiş olduğu müraciəti də nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə da iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia olunan çörək pulu kartı keçmiş qayınanası tərəfindən könüllü olaraq ona verilmişdir. Belə ki, keçmiş əri Əfqan Nəzərov öz ailəsinə lazımi maddi təminatı göstərmədiyi üçün, həmçinin boşanma olduqdan sonra aliment kəsildiyindən və Əfqan Nəzərov özü şəxsən aliment ödəmədiyindən onun qayınanası həmin kartı göstərilən ödənişlərin bir qisminin əvəzi olaraq könüllü olaraq ona vermişdir. Hal-hazırda keçmiş əri Əfqan Nəzərovun 4000 manatdan artıq aliment borcu yığılmışdır. Həmin borc onun tələbilə Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Əfqan Nəzərovdan istənildiyi üçün, keçmiş qayınası da həmin karta köçmüş pul məbləğini aliment borcunun ödənilməsini tələb etməməsi üçün ondan tələb edir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-36-3/2-2567/2024 saylı məktubda qeyd edilmişdir: “AR Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onalara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyır.” İş materiallarıda olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2024/111/18730 nömrəli məktubunda qeyd edilmişdir: “”Banklar haqqında” Qanunun 41.2.12-ci maddəsinə əsasən müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən məhkəmələrə yalnız məhkəmənin icraatında olan işlərlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilir.” İş materiallarında olan Binəqədi Rayon İcra Şöbəsi tərəfindən verilmiş məktubda qeyd edilmişdir: “Şöbənin icraatında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-679/2022 saylı icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq X2 350 manat aliment pulu alınaraq Cavabdeh xeyrinə ödənilməlidir. İcra tədbirləri nəticəsində borclu Əfqan Nəzərov məcburi köçkünlər üçün nəzərdə tutulmuş çörək pulu kartının aliment kəsildiyi vaxtdan Cavabdeh verdiyi barədə izahat vermişdir. Həmçinin Cavabdeh da eyni məzmunlu izahahat verərək çörək pulu kartının həqiqətən onda olmasını və karta 99 manat pul köçməsini, həmin məbləğin 3 nəfərə məxsusu olmasını və həmin məbləğdən 33 manat vəsaitin oğlu Əli Nəzərova məxsus olduğunu, qalan 66 manat pulun isə aliment pulundan çıxılaraq hesablandığını bildirmişdir. 08.2024-cü il tarixə icra sənədi üzrə aliment borcu 4388 manat təşkil edir.” İş materiallarında olan Nəzərov Əfqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda qeyd edilmişdir: “Bildirirəm ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-679/2022 saylı icra sənədinə əsasən hər ay 2 uşağın saxlanması üçün 350 manat aliment pulunu Cavabdeh ödəməliyəm. xx.xx.2024-cü il tarixə 1530 manat aliment borcum var. Həmin borcun silinməsi üçün Füzuli Rayon Məhkəməsinə müraciət etmişəm. Qərarın nəticəsindən asılı olaraq borcu ödəyəcəyimə söz verirəm. Həmçinin bildirirəm ki, aliment kəsilən vaxtdan məcburi köçkünlər üçün verilən çörək pulu kartını aliment pulundan çıxılması məqsədilə anamın və özümün könüllü razılığı ilə tələbkar Cavabdeh təqdim etmişəm və ondan istifadə edir. İzahat mənim sözlərimlə doğru və düzgün yazıldı. Mənə ucadan oxundu. İmzamla təsdiq edirəm. ” Beləliklə, iddia ərizəsindən və məhkəmə iclasında tərəflərin vermiş olduqları izahatlardan, həmçinin mülki iş materiallarından görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-679/2022 saylı icra sənədinə əsasən oğlunun cavabdehə ödəməli olduğu aliment borcunun əvəzi olaraq ona və oğluna məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət kartını könüllü olaraq cavabdehə təqdim etmişdir. Belə olan halda iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə görə tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. 543-cü maddəsinə görə əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh iddiaçı tərəfindən tələb olunan pul məbləğini keçmiş əri tərəfindən öz ailəsinin ehtiyacları üçün ödənilməli olduğu zəruri xərclərin və aliment ödənişinin əvəzi olaraq, həmçinin iddiaçının könüllü razılığı olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyindən də aydın olur ki, sübutların toplanması və verilməsi yükü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə düşür. Belə olan halda, iddiaçı tərəfindən ona və oğluna məxsus məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət kartını könüllü olaraq cavabdehə təqdim etməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını, tərəflərin verdiyi izahatları və iş materiallarında olan sübutları nəzərə alaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, tam və məcmu şəkildə, eləcə də iş üzrə müəyyən edilmiş faktiki hallara göstərilən maddi hüquq normaları ilə qarşılıqlı əlaqə formasında hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, iddia rədd edilməli, çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216-220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-739/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-739/2024
08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver