Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-888/2024 22.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhəkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 957 saylı kredit müqaviləsindən irəli gələn 1420 manat əsas borc, 65.08 manat məbləğində əldən çıxmış fayda, 4402 manat məbləğində penya və 78.87 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5965.95 manat məbləğində borcun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 957 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı Cavabdeh 2120 manat məbləğində 12 ay müddətində xx.xx.2023-cü il tarixədək aylıq 147,50 manat ödəməli idi (bu müqavilənin predmeti olan, 1.2-ci bəndinə əsasən Samsung AU8000 U 55 ekran 140 sm ölçülü Televizoru istehlak məqsədilə verir). Bu Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin verilməsi nağd ödənişlə və ya tələbli əmanət hesabına köçürmə yolu ilə həyata keçirilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə görə borc alan kredit üzrə hesablanmış faizlərin və əsas borc məbləğini bu müqavilənin 2.4-cü bəndinə əsasən ödəmirsə, ödəniş yeddi təqvim günündən sonra gecikdirilmiş hesab olunur və hər gecikdirilmiş günə həmin məbləğin 1% miqdarında Borc verən tərəfindən hesablanmış peniya ödənilməlidir. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, həmçinin Borc verən tərəfindən hesablanmış penya və cərimə faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2.5-ci bəndinə əsasən Kreditin alınması üçün borc verənə təqdim etdiyi sənədlərdə hər hansı bir dəyişiklik baş verikdə (o cümlədən, Borc alanın iş yerinin və maaşının (gəlirinin) dəyişməsi, yaşayış yerinin və əlaqə telefonlarının dəyişməsi), həmin dəyişikliyin baş verməsindən sonrakı 3 təqvim günü ərzində bu barədə borc verəni yazılı surətdə xəbərdar etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr, fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadığı təqdirdə onlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Cavabdeh tərəfindən son ödəniş 000163 saylı qəbzdən də göründüyü kimi xx.xx.2023-cü il tarixində ödənilmişdir. Eləcə də, xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından da göründüyü kimi 1420 manat əsas borcu olduğu öz əksini tapır. Cavabdehə xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə pretenziya göndərilmişdir. Lakin bu günədək borc aktiv olaraq qalmaqdadır. Məhkəmə iclasında: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 957 saylı kredit müqaviləsinin surəti əsasında müəyyən edir ki, iddiaçı cavabdehə 2120 manat məbləğində 12 ay müddətində xx.xx.2023-cü il tarixədək aylıq 147,50 manat ödəməli idi. İddiaçı müqaviləyə əsasən Samsung AU8000 U 55 ekran 140 sm ölçülü televizoru istehlak məqsədilə cavabdehə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışından müəyyən edilir ki, cavabdehin həmin tarixə 1420 manat əsas borcu vardır. Məhkəmə əsas borcun məbləği ilə razılaşsa da, cərimə borcunun məbləği ilə razılaşmır. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 4402 manat penya pulu 1420 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 142 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən etdiyi iddia tələbini qanunauyğun hesab edərək qeyd edir ki, həmin 65.08 manat məbləğində pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Ona görə də, məhkəmə ödənilmiş 78,87 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 57,07 manat iddiaçıdan, 21,8 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1420 manat əsas borc, 65.08 manat məbləğində əldən çıxmış fayda, 142 manat məbləğində penya olmaqla, cəmi 1627,08 manat və ödənilmiş dövlət rüsumuna görə 21,8 manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-888/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-888/2024
22.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver