Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1773/2025 30.12.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyə cavabdehə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmə binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyə cavabdehə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona 100 metr məsafədə yaxınlaşmasına, yaşadığı ünvana və ətraf əraziyə gəlməsinə, onunla telefon, sosial şəbəkələr və digər vasitələrlə əlaqə saxlamasına, ona qarşı təzyiq, təqib və hədə xarakterli hərəkətlər etməsinə qadağa edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəllər qeyri rəsmi nikah münasibətlərində yaşamışlar. Hal-hazırda münasibətləri bitmişdir. Münasibətlər bitdikdən sonra cavabdeh tərəfindən ona qarşı davamlı olaraq qanunsuz, aqressiv və təhlükəli hərəkətlər törədilir. Cavabdeh dəfələrlə onun razılığı olmadan yaşadığı ünvana gəlmiş, hasardan tullanaraq həyətə daxil olmuş, evdən çıxmaqdan imtina etmişdir. Bundan əlavə cavabdeh ona məxsus qiymətli əşyaları oğurlamış, satmış, bank kartından pul vəsaitlərini qanunsuz şəkildə mənimsəmişdir. O, davamlı olaraq onu təqib edir, narahat edir, təhqir edir, şər-böhtan atır (bu barədə Bakı şər. Xəzər ray. 1 saylı polis bölməsinə yazlı surətdə müraciət etmişdir), alkoqol qəbul edərək qeyri-adekvat davranışlar nümayiş etdirir, onun kartından çəkdiyi pulları onlayn kazino oyunlarına xərcləyir. Göstərilən hallarla bağlı dəfələrlə polis orqanlarına müraciət olunmuşdur. Yaxın zamanda cərrahi əməliyyat keçirmişdir. Cavabdehin bu davranışları səbəbindən həyatı, sağlamlığı və şəxsi təhlükəsizliyi üçün real və davamlı təhlükə mövcuddur. Gecə saatlarında yatmağa qorxur. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Hesab edirəm ki, iddia ərizəsi forma və məzmuna riayət edilməmiş, ərizənin dəlilləri və ərizənin xahiş etdi hissəsində qeyri-müəyyənlik olmaqla cavabdehə yönələn tələbi müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmçinin iddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, ərizəçinin məhkəməyə müraciət etməkdə hüquqi marağı uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərar qəbul edilməsidir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə xüsusi icraat qaydasında zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilməlidir. Lakin hazırkı halda iddiaçı Neftçala rayonunda yaşasa da iddia icraatı qaydasında ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-1.1-ci maddəsinə əsasən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-1.2-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-2-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 149.2.5–ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Həmin Məcəllənin 152.1.1–ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149–cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1–ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah olunmalıdır ki, əgər onun hüquqi marağı uzunmüddətli mühafizə orderinin verilməsi ilə bağlı olduğu halda xüsusi icraat qaydasında yaşadığı yer üzrə məhkəməyə müraciət edəbilər. Əgər onun tələbi başqadırsa dəqiqləşmə aparmaqla yenidən məhkəməyə müraciət edəbilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263–264 və 268–269–cu maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyi cavabdehə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Rəşad Mustafayev İş № 2(066)-1773/2025 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 30 dekabr 2025-ci il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən məhkəmənin inzibati binasında iş üzrə tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “müəyyən hərəkətləri etməyə cavabdehə qadağa qoyulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxılır. Prosessual hərəkət saat 16:45-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq ərizənin icraata qəbul edilmədən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 16:50-də başa çatdırdım. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1773/2025
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1773/2025
30.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver