Məhkəmə qərarları › İş №e-2(066)-56/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-56/2025

11.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-56/2025 11.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “elektrik dirəyin sökülməsi, qanunsuz istifadəyə görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərişıq ASC-yə qarşı “elektrik dirəyin sökülməsi, qanunsuz istifadəyə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərişıq ASC-dən ona məxsus elektrik dirəyinin onun sahəsindən çıxarılması, 3 il (36 ay) müddəti ərzində torpaq sahəsini qanunsuz olaraq istifadə etməsi üçün aylıq 50 AZN olmaqla 1800 AZN, ödənilmiş 100 AZN dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 400 AZN pulun, cəmi isə 2300 AZN miqdarında pulun cavabdeh Azərişıq ASCdən tutulub ona verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Göygöl şəhərində yerləşən 0.8572 ha ərazisi olan torpaq sahəsinin mülkiyyətçisidir. Mülkiyyət hüququ DƏDRX-dən verilmiş **********96 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Onun mülkiyyətində olan torpaq sahəsində onun razılığı və xəbəri olmadan, Azərişıq ASC-nin X4 tərəfindən yüksək gərginlikli elektrik dirəyi basdırılmışdır. Həmin elektirk dirəyi əvvəl torpaq sahəsilə avtomobil yolu arasında olan mühafizə zolağında olmuşdur. Lakin təxmini olaraq 4 (dörd) il əvvəl, X4 həmin dirəklərdən birinin yerini dəyişərək, onu torpaq sahəsinə basdırmışdır. Cavabdeh bununla onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən qanunsuz olaraq istifadə etmişdir. Azərişıq ASC-yə dəfələrlə müraciət olunmasına baxmayaraq, həmin elektrik dirəyi, mülkiyyət hüququna zidd hərəkət etməklə, onun ərazisindən çıxarılmır. Məhkəmə iclasında İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək bildirdi ki, onun obyekti Göygöl şəhəri, Ayaz Kazımov küçəsində yerləşən “Kafe Karusel”-dir. Onlar həmin obyekti tikən vaxtı orada işıq dirəyi olmamış, həmin obyektdən 5-6 metr kənarda olmuşdur. Cavabdeh tərəfindən işıq dirəyi təxminən 2020-ci ildən sonra obyekt işləməyən vaxt, onun obyektinin ərazisinə köçürülmüşdür. Orada işləyən fəhlələr və mühafizəçilər şahid qismində iştirak edəcəklər və hazırda məhkəmənin inzibati binasında gözləyirlər. Əlavə olaraq bildirdi ki, onun cavabdehin nümayəndəsinin söylədikləri haqqında heç bir məlumatı yoxdur və onun danışdıqlarını şər və böhtandan ibarətdir. 2020-ci illərin əvvəllərində işıq dirəyinin yeri dəyişdirilmiş. Onun məhkəməyə gec müraciət etməyinin səbəbi isə ona işıq dirəyinin yerinin dəyişdiriləcəyini və əvvəlki yerinə qaytarmalarını demələri olmuşdur. Əvvəlcə işıq dirəyi ərazidən keçən qaz dirəyinin yanında olmuşdur. Torpaqla bağlı çıxarış ona 2024-cü ildə verilmiş, lakin o, həmin torpaq sahəsini ondan əvvəl almışdır. O ilk dəfə torpaqla bağlı çıxarışı 2018-ci ildə 0.90 ha ilə almışdır. Cavabdehin nümayəndəsinin dediyi dirək orada olmamış və onun müraciətinə əsasən yeri dəyişdirilməmişdir. Əgər cavabdehin nümayəndəsinin bildirdiyi kimidirsə onun müraciəti olmalı idi. Cavabdeh tərəfindən məhkəməyə gətirilmiş şahid cavabdehin göstərdiyi xüsusatları təsdiq etmədi. İşıq dirəyinin gah aşağıda gah dayuxarıda basdırılmasını bildirdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərişıq ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı onlara qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onların əməkdaşlarına öz hesabına dirəyi çıxarmaq üçün müraciət etmiş, şəbəkənin əvvəlki rəisi ilə razılaşaraq dirəyin yeri 2021-ci ildə dəyişilmişdir. Belə ki, həmin obyektə daşınmaz əmlak tərəfindən sənəd verilmədiyindən iddiaçı tərəfindən dirək öz hesabına yeri dəyişdirilmişdir. Onlar tərəfindən dirək 1980-ci illərdən işıq xəttinə uyğun yerləşdirilmişdir. Köhnə işıq dirəyi iddiaçının mağazasının arxasında yerləşdirilmiş, iddiaçının mağazasına sənədləşmə ilə bağlı problem yarandığından onun xahişi ilə həmin dirək oradan çıxarılıb, həmin ərazidə olan darvazanın arxasında yerləşdirilmişdir. İşıq dirəyinin yeri 2020-2021-ci ildə dəyişdirilmişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etdi. Xəttlər və dirəklər 1980-ci ildə quraşdırılmış, lakin iddiaçının xahişi ilə xəttlər qalmaqla sadəcə işıq dirəyi dəyişmişdir. Göygöl şəbəkəsinin əvvəlki rəisi Samir Rəsulzadə olmuşdur. İşıq dirəyinin yeri onun dövründə dəyişdirilib. Bununla bağlı layihələndirilmə olmayıb, o vəzifəsindən sui-istifadə edib. Məhkəmənin verdiyi sorğuya cavab məktubunun ətraflı cavab yazılmamasının səbəbi Göygöl EŞ-nin rəisi Yusubovun 3 il bundan əvvəl gəlməsi və bu haqqda məlumatı olmamasıdır. Şəbəkənin keçmiş rəisi vəzifəsindən istifadə edərək, işıq dirəyinin yerini layihə olmadan dəyişdirilmişdir. Məhkəmədən iddianın təmin edilməməsini və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, iddiaçını tanıyır onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. O, 2015-ci ildən 2020-ci ilə qədər həmin ərazidə bağban işləmiş. O, orada həmin işıq dirəyini görməmişdir. Əlavə olaraq bildirdi ki, hal-hazırda danışılan dirək əvvəllər orada olmamış, yolun mühafizə zolağında olmuş, darvazadan içəri girdikdə dirək sol tərəfdə, asfalt tərəfdə yerləşmiş, hazırda yeri də qalıb, Ayşə restoranının qarşısında yerləşmişdir. Təzə yer isə Altayın ərazisi olmuşdur. Həmin dirək təzəlikcə - bir neçə il olar ki yerini dəyişmiş, o hazırda da həmin ərazidə işləyir. Dirəyin nə vaxt qoyulması dəqiq yadında deyil, ancaq ki, sonradan qoyulub, hardasa 2015-ci ildən sonra qoyulub. O, 2020ci ilə kimi Altayın yanında bağban işləmiş. Həmin vaxt Altayın ərazisində dirək olmamış, dirəyin yeri bir neçə ildir ki dəyişmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, iddiaçını tanıyır onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Altayın torpağı ana heykəlinin qabağında yolun kənarında yerləşir. 15 ildən artıq həmin ərazidə gözətçi işləmiş. 2 il olar ki həmin yerdən səhəti ilə əlaqədar işdən çıxmışdır. Həmin ərazidə yerləşən işıq dirəyi o, işləyən vaxtlar orada olamamış, darvazadan sonra qoyulmuşdur. Həmin işıq dirəyinin yeri sonradan dəyişdirilib, orada işıq dirəyi olmamış, işıq dirəyi yuxarıda, yol tərəfdə olmuş, hazırda həmin dirəyin yeri də qalmışdır. Sonradan yerini dəyişdiriblər. Ola bilsin, həmin dirək elə vaxtı yerləşdirilib ki, həmin vaxt o, orada işdə olmamışdır. İşıq dirəyinin nə vaxt basdırılmasını dəqiq deyə bilməz, təxminən 5 il olar ki, sonrdan yerləşdirilib. O, həmin obyektə oğurlanan və yaxud digər şübhəli işlərlə maraqlanmış, işi bundan ibarət olmuş, Azərişıq tərəfindən dirəyin quraşdırılması ilə maraqlanmamışdır. İşıq dirəyi yuxarıda yol tərəfdə yerləşmiş, hazırda yeri də qalıb. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, iddiaçını tanıyır onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. O əvvəllər həmin ərazidə hörgü işi görmüş, həmin ərazi Altay məllimin ərazisi olmuş. Həmçinin Altayın obyektində darvazanı yerləşdirməmiş, divarlarını hörmüşdür. Həmin torpaqda o işıq dirəyi görməmiş, həmin dirək sonradan yerləşdirilib. Həmin ərazidə onun tərəfindən barı təxminən 2018-ci ildə hörülmüş, həmin barının uzunluğu təxminən 50 m olmuşdur. 2018-ci ildə Altay məllimin torpağında işləmiş. Həmin vaxt orada onun tərəfindən dəzgah qurulmuş və o orada işıq dirəyini görməmiş, əgər orada həmin vaxt işıq dirəyi olsa idi onun dəzgah qurmasına və hörgü işləri görməsinə maneə yaratmış olardı. İşıq dirəyi həmin ərazidən keçən qaz durbasının yanında olmuşdr. O, həmin yerdə bir ay işləmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, iddiaçını tanıyır onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Onlar “Karusel” restoranında tikinti işlərini qardaşı Şahid2lə birlikdə aparmışlar. Həmin vaxtı oradakı işıq dirəyi qaz durbasının yanında olmuşdur. Hazırda da həmin dirəyin əvvəlki yerinin izi qalmışdır. Hazırda da gedib əraziyə baxmış, görmüşdür ki, o işıq dirəyinin yeri dəyişmişdir. Orada əvvəlki stolbanı 2018-ci ilin yay aylarında görmüşdür. Əlavə olaraq bildirdi ki, Altaya məxsus olan torpaq sahəsində 2018-ci ildə işləmiş və işə görə pulu Altay məllimdən almışdır. İşıq dirəyinin yerinin nə vaxt dəyişdirilməsindən məlumatı yoxdur, lakin o gedib indi baxmış və həmin dirək orada olmamış, qaz durbasının yanında olmuşdur. Köhnə dirəklə yeni dirəyin arasında hardasa 4-5 m məsafə var. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, iddiaçını tanıyır onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçəliyi yoxdur. Məhkəmədə baxılan işdən məlumatı var. O, 2015-ci ildən Göygöl Elektirk şəbəkəsində işləyir. O, işlədiyi vaxtdan həmin dayaq hazırda olduğu yerdə olmuşdur. Deyilənə görə, dirək yuxarıda olmuş həmin ərazidə olan plakata maneə törətdiyinə görə aşağı köçürdülmüşdür. Deyilənə görə, Altay məllimin darvazasının yanında yerləşən dirək hazırda olduğu yerdən aralı yerləşib. Əlavə olaraq bildirdi ki, Altaya məxsus ərazidə dirəyin nə vaxt basdırıldığını bilmir, o işə 2015-ci ildən gəlmişdir. O işə gəldiyi yerdən həmin dirəyi orada görmüşdür. İşıq dirəyi hazırda da Altayın tikilisinin yanında yerləşir. İşıq dirəyi həmin yerdə, sadəcə hasardan içəri tərəfdə olmuşdur. Həmin yer mühafizə zonasıdır. Onun iddiaçının əvvəlki şəbəkə rəisi ilə razılaşaraq, öz vəsaiti hesabına dirəyi dəyişməsi barədə onun heç bir məlumatı yoxdur. Elə bir şey olmamışdır. O, 2015-ci ildən işə gəlmiş, onun xidməti vaxtı dirəyin yeri dəyişməmişdir. Dirəyin nə vaxt basdırıldığından məlumatı yoxdur. Ancaq 2015-ci ildən dayaq həyətdə olmuş, hazırda da dirək Altayın tikilisinin yanındadır. Hazırki dayağı o, həmişə orada-öz yerində görmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, reyestr nömrəsi **********96 olan çıxarışın surətindən görünür ki, Göygöl şəhərində yerləşən 0.8572 ha yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********53 olan çıxarışın surətindən görünür ki, Göygöl şəhərində yerləşən 0.9 ha yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Göygöl rayon A.Kazımov küçəsində yerləşən obyektin sahibi İddiaçı ərizəsinə əsasən X3 əməkdaşları tərəfindən ünvana baxış keçirmişdir. Abonentə bir ədəd elektrik dayağının quraşdırması üçün, ASAN xidmət mərkəzinin 13-cü bölməsinə müraciət etməsi tövsüyə olunmuşdur. İş materiallarına əlavə edilmiş X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli eyni məzmunlu məktublardan görünür ki, İddiaçı torpaq sahəsindən keçən yüksək gərginlikli hava xətti 35/6 kv-luq Göygöl 1 yarım stansıyasından çıxan 6 kvluq 5-ci Şəhər hava xəttidir. Xətt 1980-ci ildə dayaqlar quraşdırılaraq üzəri ilə naqil çəkilrməklə istismara verilmişdir. Bu xəttin çəkilişindən qırx beş il müddət keçdiyinə görə X4ndə xəttin çəkilişinin layihəsi haqqında heç bir məlumat yoxdur. 6kv-luq 5-ci Şəhər hava xətti Göygöl rayonunda 20-21-ci kvartal adlanan ərazini elektrik enerjisi ilə təmin edir. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntülərdən görünür ki, torpaq sahəsinə giriş üçün nəzərdə tutulmuş qapının sol arxa hissəsində işıq dirəyi yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində: 1. “Hüquqların Dövlət qeydiyyatı haqqında” Daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.8572 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerində müəyyən edildi;

2. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa və həmin Çıxanşa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli plan və ölçü sənədinə əsasən 0.8572 ha torpaq sahəsi üzərində hava elektrik ötürücü xəttinin keçdiyi və həmin elektrik xətti keçən dirək mövcuddur. Lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/1296 nömrəli ekspert rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli plan və ölçü sənədinə əsasən 0,8572 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********96 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa və həmin Çıxarışa dair İddiaçı adına tərtib olunmuş xx.xx.2024-cü il tarixli plan və ölçü sənədinə əsasən 0,8572 ha torpaq sahəsi üzərində hava elektrik ötürücü xəttinin keçdiyi və həmin elektrik xətti keçən dirək mövcud olduğu müəyyən edilmişdir. Lakin, həmin elektrik ötürüçü xəttinin gərginliyi barədə məlumat olmadığına görə, mühafizə zonasına düşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyət hüququnun müdafiəsi ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasənmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5).Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8).Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, mülkiyyətə qəsd və başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməli və cavabdehin həmin əşya üzərində heç bir hüququ olmamalıdır. Yəni, cavadehin hərəkətləri qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində elektrik dirəyi yerləşdirmişdir. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssis verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi İddiaçı qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********96 olan çıxarışa əsasən Göygöl şəhərində yerləşən 0.8572 ha torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Cavabdeh tərəfindən torpaq sahəsində yerləşdirilmiş elektrik dirəyi iddiaçının qanuni sahibliyinə və mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir və həmin işıq dirəyi iddiaçının mülkiyyət hüququnun qeydə alındığı dövrdən sonra heç bir texniki şərt və razılaşdırma aparılmadan quraşdırılmışdır, həmin torpaq sahəsində cavabdeh tərəfindən yerləşdirilmiş elektrik dirəyi iddiaçının hüquqlarını pozur, cavabdeh iddiaçının qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl şəhəri ərazsisində yerləşən 0.8572 ha torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********96 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olmasını, Göygöl şəhəri ərazsisində yerləşən 0.8572 ha torpaq sahəsi qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********96 olan çıxarışda və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən 0.8572 ha torpaq sahəsində cavabdeh tərəfindən qanuni əsas olmadan elektrik dirəyi yerləşdirməsi, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0.8572 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən elektrik dirəyi cavabdeh Azərişıq ASC-nin vəsaiti hesabına çıxarılmalıdır. Həmçinin məhkəmə iddianın icarə haqqının ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Həmçinin izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ..Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, iddiaçı tərəfindən icarə haqqının ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərişıq ASC-dən məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Məhkəmə xərci qismində cavabdeh Azərişıq ASC-dən məhkəmə xərci vəkil xidmət haqqı 400 (dörd yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən tələbi təmin edilsin. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış əsasında İddiaçı mülkiyyətində olan Göygöl şəhərində yerləşən 0.8572 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən elektrik dirəyi cavabdeh Azərişıq ASC-nin vəsaiti hesabına çıxarılsın. Azərişıq ASC-dən məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Cavabdeh Azərişıq ASC-dən məhkəmə xərci vəkil xidmət haqqı 400 (dörd yüz) manat və 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar