Məhkəmə qərarları › İş №e-2(067)-1332/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1332/2020

22.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1332/2020 22.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı MMC-nin nümayəndəsi X1və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 514,35 (beş yüz on dörd manat otuz beş qəpik) manat ziyanın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən İddiaçı MMC-nin tabe qurumu olan Xaçmaz TKQ-yə məxsus FO-12 markalı rabitə kabelini qırmışdır, nəticədə rabitənin boşdayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş materiala sərfiyyata görə İddiaçı MMC-nə 514,35 manat məbləğində ziyan dəymişdir. Bu barədə akt tərtib edilmişdir. İddiaçı MMC-nə ziyan vurulması ilə nəticələnən hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət olunmuşdur və təhqiqatçının xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla cavabdehin təqsirkar əməli sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən cavabdehə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq ziyanın akta əsasən hesablandığını, rabitə dirəklərinin hündürlüyünün 6,5 metr olduğunu, onun da 1 metrlik hissəsinin yerə basdırıldığını, qalan hissəsinin üstdə qaldığını, cavabdehin maşınında əlavə yük daşıdığına görə kabeli qırdığını bildirmişdir. İddia ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını o, idarə edir. İddiaçı MMC-nin tabe qurumu olan Xaçmaz TKQ-nin əməkdaşları evinə zəng edib bildirmişlər ki, o, xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində avtomaşını ilə hərəkətdə olarkən İddiaçı MMC-nin tabe qurumu olan Xaçmaz TKQ-yə məxsus FO-12 markalı rabitə kabelini qırmışdır. Məsələ ilə bağlı hadisə yerinə gedib kabelin qırıldığını görmüş, kabelin qırılması ilə əlaqədar 514,35 manat məbləğində ziyan hesablandığı ona bildirilmişdir. O, bununla razı deyildir. Ona görə ki, onun avtomaşınının hündürlüyü 3,80 metrdir, özü də üstü dəmirlə bağlıdır. Kabellər aşağıda olduğundan avtomaşın kabelləri qırmışdır. Ona görə də hesab edir ki, kabelin qırılmasında heç bir təqsiri yoxdur. Həm də o, avtomaşınında heç nə daşımamışdır, kabelin qırılmasını hiss etməmişdir. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* sayı etibarnamədən müəyyən olunur ki, Cavabdeh “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını etibarnamə əsasında idarə edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən İddiaçı MMC-nin tabe qurumu olan Xaçmaz TKQ-yə məxsus FO-12 markalı rabitə kabelini qırmışdır. İş materiallarında olan Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində FO-12 markalı rabitə kabelinin bərpası üçün Lokal Smetasından müəyyən olunur ki, rabitənin boşdayanmasından və rabitə kabelinin bərpası üçün istifadə edilmiş materiala sərfiyyata görə İddiaçı MMC-nə 514,35 manat məbləğində ziyan dəymişdir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon Polis Şöbəsinin xx.xx.2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla cavabdehin Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində etibarnamə əsasında idarə etdiyi “Kamaz” markalı ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən İddiaçı MMC-nin tabe qurumu olan Xaçmaz TKQ-yə məxsus FO-12 markalı rabitə kabelini qırdığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı» MMC tərəfindən hazırki iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X7 Məhkəməsi «X2rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının 514,35 (beş yüz on dörd manat otuz beş qəpik) manat məbləğində maddi zərərə məruz qalması müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 514,35 (beş yüz on dörd manat otuz beş qəpik) manat ziyan və ödənilmiş 30(otuz) manat dövlət rüsumu məbləğində pul tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 514,35 (beş yüz on dörd manat otuz beş qəpik) manat ziyan və ödənilmiş 30(otuz) manat dövlət rüsumu məbləğində pul tutulsun. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar