Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-168/2025 26.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «payın naturada ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 2.92 hektar torpaq sahəsinin iddiaçıya aid olan payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə (torpağın təyinatı: kənd təsərrüfatı məhsulları istehsalı üçün) Cavabdeh3, X8, Cavabdeh1, X9 və Cavabdeh2 2.92 hektar torpaq sahəsi ayrılmış və dövlət aktı qeydiyyat kitabında 109 nömrə ilə qeydiyyata alınmışdır. Lakin o, ayrılmış torpaq sahəsindən 25 ildən artıqdır ki, istifadə edə bilmir. Belə ki, cavabdehlər ona ayrılmış torpaq sahəsini öz mülkiyyəti kimi istifadə edərək əkib becərərək bu günə qədər ondan bəhər götürürlər. Halbuki, həmin torpaq sahəsi payçıların hər birinin bərabər pay hüququ vardır. İddiaçı ona ayrılmış torpaq sahəsini cavabdehlərdən tələb etsə də, Cavabdeh3 və onun ailə üzvləri tərəfindən ona hədə qorxu gələrək ölümlə hədələyək buna mane olmuşlar. İddiaçı həmin torpaq sahəsinin bölünməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Bundan əlavə iddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə əməkdaşları tərəfindən torpaq sahəsinin bölgüsü aparılarkən Cavabdeh3 və onun ailə üzvləri (X3 və Cavabdeh2) tərəfindən maneçilik törətmələrinin qarşısının alınması barədə Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin ərizəni iş materiallarına əlavə etmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, JN-109(KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən mülkiyyətçilər arasında razılıq olmadığından bölgü sxemini tərtib etmək mümkün deyildir. Bundan başqa iddiaçı həmin torpaq sahəsindən özünə düşən payın naturada bölünməsini cavabdehlərə bildirsə də, könüllü olaraq razılığa gələ bilməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil 12 avqust 2025-ci il tarixdə məhkəməyə vəsatət verərək, gələcəkdə məhkəmə qətnaməsinin icrası ilə bağlı çətinliklərin yaranması zərurəti olduğundan JN-109 seriyalı, kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsinin, faktiki ölçüsü (TEKUİS) 2.8557 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında 1/5 hissədə narutada bölünməsini və E - 0.5711 ha kimi koordinatla müəyyən olunmuş torpaq sahəsinin İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci tarixli, 05 nömrəli qərarı ilə Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 2.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı ona ayrılmış torpaq sahəsindən 25 ildən artıqdır ki, istifadə edə bilmir. Ekspert rəyində də, bildirilmişdir ki, Xaçmaz rayonun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsi, paylı mülkiyyətçilər arasında 1/5 hissədə naturada bölgüsü mümkün olmuşdur. Bununla bağlı torpaq sahəsinin ölçü planı və koordinatları göstərilmişdir. JN-109 seriyalı, kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsinin, faktiki ölçüsü (TEKUİS) 2.8557 ha torpaq sahəsinin paylı mülkiyyətçilər arasında 1/5 hissədə naturada bölünməsini və E-0.5711 ha kimi koordinatla müəyyən olunmuş torpaq sahəsinin İddiaçı payı kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddiaya qarşı etiraz göndərərək, ərizədə göstərmişlər ki, iddiaçı heç vaxt onların ailə üzvü olmamış və onlara məxsus Xaçmaz rayonunun Hacıəhmədoba kəndindəki evdə yaşamamışıdr. O, cavabdehlərdən Cavabdeh3 əmisi oğlunun həyat yoldaşıdır. Dəqiq deyə bilmirlər ki, iddiaçı evləndikdən sonra hansı müddətdə ərinin qohumlarının evində yaşamışıdr. Bu müddət qısa olmuş və təxminən 1970-ci illərdə olmuşdur. Torpaq islahatı aparılan zaman (1996-1998) iddiaçı ümumiyyətlə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yaşamamış, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşamış və hazırda da orada yaşayır. Onun adının ailələrinin adına olan dövlət aktına necə düşməsi onlara məlum deyil. Torpaq islahatı zamanı ailələri Cavabdeh3, Cavabdeh1, X14, Cavabdeh2 və X10 ibarət olmuşdur. Çox qəribədir ki, ailələrinin adına xx.xx.1999-cu il tarixdə verilmiş JN-109 seriyalı, kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında ailə üzvləri olan xx.xx.1993-cü il təvəllüdlü X11 adı salınmamış, ailə üzvləri olmayan İddiaçı adı tam qanunsuz olaraq bu sənədə salınmışdır. Ona görə də qeyd etmək istəyirlər ki, yaşadıqları evin həyətyanı torpaq sahəsinə dair JN-109F seriyalı, kod nömrəsi 30205028 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ailə üzvləri kimi Cavabdeh3, Cavabdeh1, X14, Cavabdeh2 və X18 göstərilmişdir. Göründüyü kimi şəhadətnamədə iddiaçının adı yoxdur. Əgər o, ailə üzvləri olsa idi və islahat zamanı evlərində yaşasa idi, onun adı şəhadətnamədə əks olunardı. Kənddə torpaq islahatı aparılarkən iddiaçının qohumu Xaçmaz rayonunun Hacıəhmədoba kəndində kənd sovetində vəzifə tutmuşdur. Çox güman ki, o, qohumu olan iddiaçıya kənddə pay torpağının düşməsi üçün saxtakarlığa yol vermiş və onu kənddə torpaq payı almağa hüququ olanların siyahısına salmışdır. X22 ailə üzvləri olan xx.xx.1993-cü il təvəllüdlü X11 adı salınmamış, ailələri ilə heç bir bağlılığı olmayan yad bir adamın adı həmin sənədə salınmışdır. Əslində ailələrinə verilmiş pay torpaq sahəsinin ölçüsü beş nəfər torpaq payı almaq hüququ olan şəxslərə verilməli torpaq sahəsidir və həqiqətən də torpaq islahatı vaxtı ailələri beş nəfərdən ibarət olmuşdur. X23 tam qanunsuz olaraq iddiaçının adı qeyd olunsa da, onun ailələrinə verilmiş 2,92 ha torpaq sahəsində payı yoxdur və ümumiyyətlə iddiaçının Torpaq islahatı haqqında Azərbaycan Respublikası qanununa əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində pay torpaq almaq hüququ olmamışdır, çünki o, həmin vaxt o kənddə qeydiyyatda olmamış və orada yaşamamışdır. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışında da qeyd olunur ki, Dövlər arxivində saxlanılan Əhmədoba kənd İƏV nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərrüfat başına kitabında Cavabdeh3 291 saylı təsərrüfat başçısıdır, təsərrüfatın üzvləri Cavabdeh1, X14, Cavabdeh2 və X15r. Göründüyü kimi islahat aparılan zaman İddiaçı adında ailə üzvləri olmamışdır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehlərin iddiaya qarşı etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 may 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, X17 23 avqust 2013-cü ildə ölmüşdür. 11 may 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, X4 ilə X6 arasında 24 sentyabr 2007-ci ildə 08 № ilə nikah qeydə alınmışdır. Torpağa mülkiyyət hüququna dair JN-109 saylı, 30205028 kodlu dövlət aktından müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Cavabdeh3, X5, X1, X6 və Cavabdeh2 paylı mülkiyyətinə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində cəmi 2,92 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 20 iyun 2024-cü il tarixli məktubundan müəyyən olunur ki, JN-109 saylı, 30205028 kodlu dövlət aktında göstərilən mülkiyyətçilər arasında razılıq olmadığından, bölgü sxemini tərtib etmək mümkün olmamışdır. 08 avqust 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3388 saylı ekspert rəyindən müəyyən olunur ki, JN - 109 seriyalı, Kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsi faktiki naturada və torpaqların elektron kadastr uçotu sistemində (TEKUİS) 2,8557 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Ona görə də 2,8557 ha torpaq sahəsi paylı mülkiyyətçilər arasında 1/5 hissədə naturada bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. JN - 109 seriyalı, Kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsinin 2,8557 ha torpaq sahəsini paylı mülkiyyətçilər arasında naturada bölgüsünün mümkün olduğu müəyyən edilmiş və həmin bölgünün hansı variantlarda olması mütəxəssis rəyinə əlavə olunmuş sxemdə əks olunmuşdur. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən İ. hər kəsin mülkiyyət hüququ vardır; İİ. mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X7 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.2-ci maddəsinə uyğun olaraq paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-109 saylı, 30205028 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində cəmi 2.92 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh3, X5, X1, X6 və Cavabdeh2 paylı mülkiyyətinə verilmişdir. İş materiallarında olan arayışdan müəyyən edilir ki, paylı mülkiyyətçilərdən X17 23 avqust 2013-cü ildə ölmüşdür. İddiaçı X12 paylı mülkiyyətçilərdən biri kimi öz payının naturada ayrılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin, dövlət aktında göstərilən mülkiyyətçilər arasında razılıq olmadığından, bölgü sxemini tərtib etmək mümkün olmamışdır. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə cavabdehlərin yaşayış yeri üzrə məhkəməyə müraciət etmiş və özünə çatan torpaq payının naturada ayrılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı etiraz ərizələrində iddiaya qarşı etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçı heç vaxt onların ailə üzvü olmamış və onlara məxsus Xaçmaz rayonunun Hacıəhmədoba kəndindəki evdə yaşamamış, ümumiyyətlə torpaq islahatı aparılan zaman (1996-1998) iddiaçı Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yaşamamış, torpaq islahatı zamanı ailələri Cavabdeh3, Cavabdeh1, X14, Cavabdeh2 və X10 ibarət olmuşdur. Məhkəmə cavabdehlərin iddiaya qarşı etirazın dəlillərini əsasız hesab edir. O əsasla ki, Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı əsasında verilmiş JN-109 saylı, 30205028 kodlu dövlət aktı hazırda qüvvədədir və həmin hüquq müəyyənedici sənədlə tərəflərin birgə paylı mülkiyyətinə Xaçmaz rayonunun Hacıəhmədoba kəndində cəmi 2.92 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdehlər iddiaçının qeyd olunan daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlarını məhkəmə qaydasında mübahisələndirmələrinə dair heç bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Beləliklə, yuxarıda qeyd olunan işin hallarından müəyyən olunur ki, iddiaçının qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən bərabər paylı torpaq sahəsindən özünə çatan torpaq payını digər paylı mülkiyyətçilərin payından naturada ayrılmasını tələb etmək hüququ vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 14 may 2025-ci il tarixli 10/3388 saylı ekspert rəyi ilə JN - 109 seriyalı, Kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsinin faktiki naturada və torpaqların elektron kadastr uçotu sistemində (TEKUİS) 2.8557 ha torpaq sahəsi kimi öz əksini tapması və həmin torpaq sahəsinin paylı mülkiyyətçilər arasında 1/5 hissədə naturada bölgüsünün mümkün olduğu müəyyən edilmiş, bölgünün mümkün variantları mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi JN-109 seriyalı, kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən paylı mülkiyyətdə olan 2.92 ha torpaq sahəsinin E-0.5711 ha kimi koordinatla müəyyən olunmuş hissəsinin İddiaçı payı kimi müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təklif onun bölgüyə cavabdehlər tərəfindən etiraz daxil olmadığını da əsas götürərək, mütəxəssis rəyinə əsasən bölgünün mümkün variantlarından biri kimi qeyd olunan hissədən iddiaçının payının naturada ayrılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, JN - 109 seriyalı, Kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3, İddiaçı, Cavabdeh1, X6 və Cavabdeh2 paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən 2.92 ha torpaq sahəsinin (faktiki naturada və torpaqların elektron kadastr uçotu sistemində TEKUİS-də 2.8557 ha torpaq sahəsi kimi öz əksini tapmış) E-0.5711 ha kimi koordinatla müəyyən olunmuş hissəsi naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehlərdən tələb etməmişdir. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. JN - 109 seriyalı, Kod nömrəsi 30205028 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3, İddiaçı, Cavabdeh1, X6 və Cavabdeh2 paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Hacıəhmədoba kəndində yerləşən 2.92 ha torpaq sahəsinin (faktiki naturada və torpaqların elektron kadastr uçotu sistemində TEKUİS-də 2,8557 ha torpaq sahəsi kimi öz əksini tapmış) E-0.5711 ha kimi koordinatla müəyyən olunmuş hissəsi naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı aid edilsin. . Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-168/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-168/2025
26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver