Məhkəmə qərarları › İş №e-2(067)-1779/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1779/2023

13.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1779/2023 13.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evə istifadə hüququna xitam verilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2447/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ona məxsus evə köçürülməyinin qət edildiyi ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi və onun həmin fərdi yaşayış evindən çıxarılması, mənzildən çıxarılma ilə kompensasiya verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2447/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh mənə qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ünvan 1i ünvanında yerləşən onun yaşadığı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra olunmuşdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır və onunla münasibətləri son dərəcə gərgindir, Cavabdeh köçürüldüyü ev ona məxsus olsa da, həmin evdə o valideynləri ilə birlikdə yaşayır. O cümlədən o yenidən ailə həyatı qurmaq istəyir. Qeyd edilən vəziyyətdə onlar cavabdeh ilə eyni evdə yaşaya bilmirlər. Cavabdeh yenidən qeyd edilən evə köçürülməyi onun normal həyat şəraitimə maneə olur. Ona görə də cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilməklə onun istifadə hüququna (köçürülməyinə) xitam verilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mövcud qanunvericiliyin tələbinə əsasən hesab edir ki, kompensasiyanın məbləği davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə oxşar şəraitlə müqayisədə yaşamaq imkanı verəcək qaydada müəyyən edilməlidir. Onun hesablamaları ilə qeyd edilən mənzil üçün 5000 manat məbləğində kompensasiya ağlabatan məbləğdir. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün ona 26 aprel 2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia ərizəsində 5000 manat kompensasiya ödəməklə Cavabdeh evdən istifadə hüququna xitam verilməsini yazmış, lakin hazırda kompensasiya məbləğini artıraraq 10000 manat olmasını istəyirlər. AR MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predməti dəyişməyə, iddia həcminin azaldılmasına və artırılmasına qadirdir. Məhkəmə baxışı iclasında isə buna o halda yol verilə bilər ki, əsaslar məhkəmə baxışı gedişində əmələ gəlsin. Hazırda da ondan asılı olmayan səbəblərə görə bu mümkün haldır. Xahişi odur ki, Cavabdeh 10000 manat kompensasiya verilməklə evdən istifadə hüququna xitam verilsin. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, xahişi odur ki, iddia təmin olunsun. Onların birlikdə yaşamaqları mümkün deyil. 10000 manat kompensasiya ödəməyə razıdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, həmin evdə onun yaşamaq və istifadə etmək hüququ olduğunu, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən ona təklif olunan kompensasiya məbləğinin ağlabatan və ədalətli olmadığını bildirdi, təklif edilən məbləğ ilə ev ala bilməyəcəyibi, yaşamağa başqa yerinin olmamasını, bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarında olan: -Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. -Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Xaçmaz rayon Şollar kəndində yerləşən İddiaçı (məxsus) istifadəsində olan 0.10 ha fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində tikilmiş (20 kv.metr sahəsi olan) evə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2447/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon Şollar kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə onların nikahlarına xitam verilmişdir. Cavabdehin mübahisəli evə istifadə hüququ vardır və təklif olunan kompensasiya müqabilində istifadə hüququna xitam verilməsinə etiraz edir. Göründüyü kimi, tərəflər arasında mövcud mübahisənin predmeti qismində kompensasiya verilməklə mənzilə dair istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1..-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi qanunvericilik istifadə hüququna kompensasiya verməklə xitam verilməsi barədə yalnız mülkiyyətçi tərəfindən məhkəmə qaydasında tələb irəli sürülməsini nəzərdə tutur. İşin hallarından aydın olur ki, İddiaçı mübahisəli evə, eləcə də onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və məhkəmə araşdırılması zamanı da belə bir hal müəyyən olunmadı. Həmçinin İddiaçı Xaçmaz rayon Şollar kəndində yerləşən fərdi yaşayış evinə aid hər hansı mülkiyyət hüququnu təsdiq edən sənədi mövcud deyildir. Göründüyü kimi İddiaçı qeyd olunan evin hal hazırda onun mülkiyyətində olması ilə bağlı məhkəməyə dəlil təqdim etməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən AR MPM-nin 228-ci maddəsində mülkiyyətçi tərəfindən kompensasiya verilməklə, məhz istifadə hüququna xitam verilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, mövcud olmayan hüquqa xitam verilməsi, habelə subyektiv hüquqa malik olmayanın iddiası ilə hüquqa xitam verilməsi barədə tələb əsaslı və qanuni deyildir. İşin faktiki hallarına, maddi hüquq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə evə istifadə hüququna xitam verilməsi və sair tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay kecdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar