Məhkəmə qərarları › İş №e-2(067)-1847/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1847/2025

27.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1847/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 73355 (yetmiş üç min üç yüz əlli beş) manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 300 (üç yüz) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 310 (üç yüz on manat) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh 3 il əvvəl bir qonaqlıqda tanış olmuş, onunla tanış olduqdan sonra dostluq münasibətləri yaranmışdır. Sonra müntəzəm olaraq çay evlərində, kafe və restoranlarda görüşmüşlər. Aralarında olan dostluq münasibətləri o qədər möhkəmlənmişdir ki, ailəlikcə bir-birinin evinə gedib gəlməyə başlamışlar. O, istifadə edilmiş avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Saray qəsəbəsində bir avtosalon işlədirdi. Görüşlərin birində cavabdeh onun nə qədər pul qazanmağı ilə maraqlanmış, real vəziyyəti ona danışanda o ona özünün məşğul olduğu, işlədiyi sahədə kifayət qədər qazancın olduğunu bildirmiş və əgər pul qoyarsa birlikdə yaxşı qazanc əldə edəcəklərini demişdir. Onun dediyi yaxşı təklifləri bəyənmiş və əvvəl 5000 AZN, bir müddət keçdikdən sonra əlavə olaraq 10000 AZN ona pul vermişdir. Aralarında belə bir razılıq da olmuşdur ki, əldə edilmiş qazanc verdiyi pula uyğun olaraq bölünəcək. Birgə gördükləri işdən əvvəl verilmiş pulu, sonra isə qazancı böləcəklərini söz versə də ümumiyyətlə heç nə qaytarmamışdır. Cavabdeh yaxın dostu olmasına, ailəlikcə dəfələrlə onun onlarda olmağına görə həm etibar etmiş, həm də inanmışdır. Cavabdeh isə son iki il ərzində müxtəlif bəhanələr ilə aldadaraq və etibaından sui-istifadə edərək ondan pul alıb qaytarmamağı qarşısına məqsəd qoymuşdur. Elə həmin ərəfədə cavabdeh onun satmaq üçün aldığı Land Rover markalı avtomobilini tanıdğı adamlara satmağı və pulunu ona verməyi xahiş etmişdir. Ona guya pullarını qaytarmadığına görə təzyiqlər edildiyi, məcburiyyət qarşısında ona ağız açdığını demişdir. Cavabdehin ona borcu olduğuna görə əlavə olaraq pul vermək istəməmiş. Amma o təkid etmişdir ki, guya onu öldürəcəklər və s. Ailəlikcə yaxın olmağını və ona həddən artıq inamına görə özünə məxsus olan Land Rover markalı avtomobili satıb 21300 AZN ona pul vermişdir ki, borcunu bağlaya bilsin. Amma sonra ona məlum olmuşdur ki, ona heç kim hədə qorxu gəlməmişdir. Əsas məqsədi aldatmaqla pulunu ələ keçirmək olmuşdur. O həmin avtomobilin pulundan 10900 AZN-i ödəsə də qalanını -10400 manatı maddi imkanı olmadığı bəhanəsinə görə ödəməmişdir. 23 iyul 2023-cü il tarixdə Cavabdeh ona özünün ipoteka ilə aldığı Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, 104 nömrəli 2 otaqlı mənzili satmaq istədiyini bildirmişdir. O, cavabdehə verilmiş ipoteka şərtləri altında mənzili almaq istədiyini bildirmişdir. Aralarında ilkin ödəniş kimi 21000 manat ödəniş edəcəyini, ayda isə 848.82 manat qrafik üzrə ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Həyat yoldaşı Məhərrəmova Nurdanə İltizam qızı Sumqayıt 3 saylı Notariat ofisinə gedərək Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, 104 nömrəli 2 otaqlı mənzili satmasına razılıq bildirilən ərizəyə imza etmişlər. Onlar razılıq ərizəsini və evin sənədlərini də götürüb Abşeron Kristal ASC-nin ofisinə getmişlər. Orada rəsmiləşdirmə üçün onlardan 3000 AZN pul tələb etmişlər. O qədər pul həmin vaxt olmadığına görə onlar belə qərara almışlar ki, hələlik Cavabdeh adında qalsın və o ödənişləri davam etdirsin. 23 iyul 2023-cü il tarixdən 07 may 2024-cü il tarixədək 13555 manat Azərbaycan Beynəlxalq Bankın hesabına Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, 104 nömrəli 2 otaqlı mənzilə görə ödəniş etmişdir. 2024-cü ilin uyun ayında cavabdeh həmin mənzili başqa adama satmasını bildirmişdir. O, aralarında olan razılaşmanı, evin ona məxsus olmasının vacibliyini bildirdikdə isə özünə pul lazım olduğu üçün satdığını bildirmişdir. Bundan başqa 2024-cü ilin iyun ayında cavabdeh ona zəng edərək Xaçmaz rayonunda olan torpaq sahəsinin əlindən çıxacağını bildirmiş, təcili pul tapıb verməyini, əks halda meyvə bağlarının əlindən çıxacağını demişdir. O eyni zamanda ona meyvə bağlarının yaxşı qazanc gətirdiyini, ona da onu şərik etmək istədyini, amma əvvəlcə həmin daşınmaz əmalkın əlindən çıxmaması üçün pul tapıb verməyini bildirmişdir. Onun yalan sözlərinə və şirin vədinə bu dəfə də aldanmış və dostu Vüqarın yanında 8400 manat pul vermişdir. Cavabdeh nə həmin pulu qaytarmış, nə də həmin torpaq sahəsinə şərik etmişdir. 2023-cü ilin avqust ayında A4 formalı kağızlar almaq və onu birlikdə satılması ilə bağlı bir biznesə girmişlər. Kağızları almaqda məqsədləri ondan ibarət olmuşdur ki, iki aya onların qalxmasını proqnozlaşdırmışlar, daha doğrusu cavabdeh kağız, kserokopiya sahəsində işlədiyinə görə demişdir. Ümimilikdə 31500 AZN pul vermişlər. Onu satdıqdan sonra 5000 manatlıq A4 kağızı qalmışdır. Cavabdeh həmin kağızları şəhərin bir neçə yerində surətçıxarma işi ilə məğul olma səbəbindən özü götürmüşdür. 5000 AZN-i iki aya qaytaracağına söz vermişdir. Lakin digər yaranmış sözləri və vədləri kimi bu da yalan olmuşdur. Son iki il ərizində dəfələrlə aldatsa da həmişə ona etibar etmiş və inanmışdır. Ümumulikdə Cavabdeh aldadaraq aldığı pulu, Land Rover markalı avtomobilini satdırıb pulu verdiyinə, torpaq sahəsinin əldən çıxmamaması üçün verdiyi 7300 AZN və Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, 104 nömrəli 2 otaqlı mənzilə görə ödədiyi 73000 manat pul borclu qalmışdır. Sonrakı müddətdə dəfələrlə pulların qaytarılmasını xahiş etsə də ödəmək istəməmişdir. Ona görə məhkəmə yolu ilə pulun tələb etməyi qərara almışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehdəniddia ərizəsidə göstətilən aldığöı pulları ödəməmişdir, Ev üçün onu tərəfində hər ay ödənilməli olan pul məbləğini maddi sıxıntıları olduğuna görə bir neçə ay banka ödəniş edə bilməmişdir. Lakin sonradan həmin pulları da ödəmişdir. Təxminən 12-13 ay ərzində evə görə hər ay 850 manat ödəmişdir. Borclar barədə silinən (üzərindən xətt çəkilən) yazılı iltizamlar ödənilən məbləğdir. Lakin kağız biznesindən qalan 5000 manat borcu cavabdeh ödəməmişdir, həmin borc barədə yazılı iltizamın üzərindən nə üçün xətt çəkdiyini bilmir. Cavabdehlə aralarında faiz məsələsi olmamış, ona faizə pul verməmiş, almamış, aralarında biznes şərikliyi olmuşdur. Cavabdeh ona verilən 15000 manat puldan heç bir ödəniş etməmişdir. Avtomobili satıb 21300 manat pul cavabdehə verilib, bu barədə cavabdehin özünün yazdığı qəbz var. Həmin puldan 10900 manat ödəniş edib, 10400 manat borclu qalıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh artıq neçənci dəfədir ki, müxtəlif bəhanələr göstərərək məhkəmə iclaslarında iştirak etmir, hesab edir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilməlidir. Cavabdeh özü əvvəlki məhkəmə iclasında iştirak edərkən borclu olduğu məbləğləri etiraf etmişdir. Cavabdeh iddiaçıya ödənişlər etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Evə görə olan borca aid hissədə şahid ifadələri və yazılı iitizamla təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə 21000 manat ödəmişdir. Torpaq üçün iddiaçı tərəfindən cavabdehə 8400 manat pul verilmişdir. Cavabdehin sms yazışmalarda göstərdiyi məbləğlər kağız biznesinə aid ödənilən məbləğlərdir və iddiaçı özü də etiraf edir ki, həmin pullar kağız biznesi ilə əlaqədar cavabdehin ona etdiyi ödənişlərdir və o iddia tələbindən həmin pulları cavabdehdən tələb etməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, tərəflərlə düşmənçiliyi və ya ədavəti yoxdur. 2023-cü ildə onun yanında Orxan evə görə 21000 manat pul sayıb Təbrizə vermişdir, onlar dost olmuşlar. Razılaşma olmuşdur ki, 42 ay ərzində hər ay 850 manat olmaqla Orxan ödəniş edəcək idi, müqavilə əsasında ev Təbrizdən alınmışdır. Bir dəfə Orxan onun yanında evəin aylıq borcuna görə 4000 manat ödəniş etmişdir. Təbriz onun özündən də dəfələrlə borc alıb. Təbriz onların yanında demişdir ki, qaldığı evin işıq pulu ödəmədiyi üçün işığı kəsiblər, 3 ay ardıcıl ödəniş etməmişdir. Buna görə də Təbrizə Orxan bir dəfəyə böyük məbləğdə ödəniş etmişdir. Orxanın övladı yoxdur. Təbriz Orxanın zəif yeri kimi bundan istifadə edərək Orxana demişdir ki, onun uşağı olsa Orxana verəcək. İşi olmayıb evinin bazarlığına pul toplayıb vermişlər, hər hansı bir çətinliyinə görə pul lazım olubsa Təbrizə köməklik etmişlər. Borc verdikləri pulları sonradan onlara qaytarmışdır. Təbrizə verilən 21000 manat pul 100 manat və 50 manatlar olmaqla verilmişdir. 4300 manat pul “Azərbaycan Beynəlxalq Bankı”n terminalından evə görə ödəniş olmuş, pulu Orxan ödəmiş, lakin qəbzdə Təbrizin adından qeyd olunmuşdur. 29 may 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı ilə aralarında 3 ilə yaxın dostluq münasibətləri olmuşdur. İddiaçı ona pulu faizlə verib, 3 ilə yaxın faizlə iddiaçıya hissə-hissə olmaqla pul vermişdir. Sumqayıt şəhərindəki evini, avtomobilini satıb iddiaçıya vermişdir. Ümumilikdə 10000 manat iddiaçıya borcu qalmışdır. İddiaçıya pulu əlbəəl vermiş, kartına pul köçürmüşdür. İddiaçı mağazaya gəlib pulu ondan almışdır. İddiaçıdan nağd şəkildə 15000 manat pul alımışdır. Avtomobilə görə ona 21300 manat yox, 15000 manat pul verilib, 11000 manata yaxın pulu qaytarmış, 3000-4000 manat borcu qalmışdır. Ev üçün 15000 manat pul almış, iddiaçı 6000 manat köhnə borcdan onun üzərinə gələrək 21000 manat hesablamışdır. İddiaçı ev üçün 11 aya yaxın hər ay 840 manat ödəniş edib, həmin pulu qaytarmışdır. 8400 manat meyvəyə görə almış, borcu qaytarmışdır. Kağıza görə borcu qalmamış, 2000 manat ziyan olmuş, ziyanı da özü qarşılamışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh kserekopiya işi ilə, A4 kağızlarının satışı ilə məşğul olur. Ona da A4 kağız satışı təklif etmiş, o öz pulundan 31500 manat vermiş, kağızları cavabdehin evinə yerləşdirmişlər, bunu təsdiq edəcək şahidləri də var. Ondan başqa, bir dostunu da bu işə cəlb etmiş, kağızları sataraq qazancını özü xərcləmişdir. O, 31500 manat pulu özü qoyub qazanc əldə etmək məqsədilə kağız almışdır. Cavabdeh A4 kağızlarını onun pulu ilə alınmasına baxmayaraq kağızları satıb mənimsəmişdir. Cavabdehin hazırda A4 kağızlarından qalan borcu 5000 manatdır. Cavabdeh ondan öz məqsədləri üçün istifadə etmişdir. Cavabdehə 10000 manat verdiyi puldan əldə etdiyi qazancları vermiş, 5000 manat da əlavə verdiyi puldan qazanc ödəyəcək idi. Başqa şəxsə də A4 kağızı satılıb, onun pulu da cavabdehə verilmişdir, Nəsrəddin adlı şəxs idi. Cavabdeh həmin pulu Xaçmaz rayonundakı evlərinə yatırım etmişdir. Nəsrəddin Əliyevin bu barədə xəbəri olduqdan sonra cavabdehdən pulunu tələb etmişdir. Nəsrəddinin pulunu qaytarmaq üçün ona məxsus “Range Rover” markalı avtomobilini satıb, 21300 manat pulu cavabdehə borc kimi vermişdir. Avtomobilin pulundan 10400 manat borclu qalmışdır. Cavabdehin 4 evi olmuş, demişdir ki, satıb A4 kağızı alacaq, kağızın qiyməti 6 manatdan baha olacaq. Onu bu fikrindən yayındırmaq istəmiş, uşaqları olduğunu bildirmiş, lakin fikrini dəyişməmişdir. Evin ikisini satmışdır. Həmçinin, təklif etmişdir ki, evi ona satsın, evi 21000 manata satmış, həmin evdə özü kirayə qalmaq istəmiş, o da razılaşmışdır. O, 12-13 ay evin pulunu ödəmişdir. Cavabdehin kredit borcları olduğundan maddi vəziyyəti çətin olmuş, qaldığı, yəni onun aldığı evin işıq borcunu ödəmədiyi üçün işığını kəsmişlər. Onun əvəzinə 3-4 min manat işıq borcunu o ödəmişdir. Cavabdeh evi əşyaları ilə birlikdə satmış, soyuducunu da sonradan vermişdir. Evin aylıq ödənişlərini etmiş, 12-13 ay Azərbaycan Beynəlxalq Banka ödəmiş, 2023-cü ildən 2024-cü ilə qədər bankomatdan ödəmişdir. Hər ay 850 manat ödəmiş, ödəniş edəndə Təbriz də yanında olmuşdur. Rayondan torpaq almışlar, cavabdeh yenə də ona müraciət etmiş, Təbrizə demişdir ki, artıq borcla çox yüklənmişdir, əlavə borc yaranmasın, xahiş etmişdir ki, ona çox kömək etmişdir, razılaşmışdır, 8400 manat pul vermiş, pulu cavabdehə verməyə başqa bir dostu ilə getmişdir. Cavabdehin başqa şəxslərə də borcları olmuş, həmin şəxslərin hərəsi bir yolla borclarını geri almışlar. O isə cavabdehə inanmışdır. A4 kağız satışından qazanc əldə etməmişlər. 8400 manat pulu əvvəldən Təbirzə sayıb vermiş, torpaq satan adam pulu Təbrizdən almışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, kağız alverində qeydləri var, cavabdeh satdıqca pulu ödəmişdir. İddiaçı 30000 manat pul vermiş, birgə biznesləri olmuşdur. Cavabdehin təqdim etdiyi “WhatsApp” yazışmaları ancaq kağızlara görə olan borca aiddir, digər borclara aid deyil. 30000 manat puldan, kağız satışından 5000 manat borc qalıb, həmin pulu tələb edirlər. Bu hadisələrin hamısı 2 il ərzində baş verib. Cavabdeh pulu aldıqdan sonra iflasa uğramışdır, borcu qaytarmaq imkanı olmamışdır. Cavabdeh borca verilmiş 15000 manatdan heç bir ödəniş etməmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, tərəflərlə düşmənçiliyi və ya ədavəti yoxdur. Torpağın alınmasında iştirak etmiş, Siyəzən rayonunda Orxan onun yanında Təbrizə 8400 manat pulu vermiş, pul yüzlük əskinazlarla verilib, pul onun yanında sayılmışdır. Təbrizin avtomobilində əyləşmişlər. Təbrizi əvvəldən tanımış, ortaq dostları vasitəsilə tanış olmuşlar. Təbrizin ona da borcu olmuşdur. “Range Rover” markalı avtomobili də Bakı şəhərində bir yerdə satmışlar, təxminən 31000 manata satılmışdır. Onlar Sumqayıtdan 3 nəfər gəlmişlər, Siyəzənə çatarkən Orxan pulu sayıb Təbrizə vermiş, torpağı satan adam gələndən sonra Təbriz 8400 manat pulu həmin adama vermişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, avtomobilin satılmasında iştirak etmiş, Orxanın atası ilə yaxın münasibətləri var. Avtomobili satanda sənəd işində iştirak etmişdir. Təbriz Orxan və o olmuşdur. 21300 manat pulu alıb Təbrizə vermişdir, “Range Rover” markalı avtomobilin alqı-satqısı olmuşdur. Təbriz pulu ayın sonuna kimi qaytaracağını vəd etmiş, qaytarmamışdır. Avtomobili o satıb pulu almışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli iltizamda (əlyazma-əqddə) göstərilmişdir ki, “Orxanla belə söhbət etdik ki, 10000 azn məndə var. Ayda 700 azn üstündə pul verirəm. Belə qərara gəldik ki, xx.xx.2023-cü il tarixdə 5000 manat verəcək və ödəniş 1200 azn olacaq. Ayın xx.xx.2023-cü tarixdən sonra, yəni xx.xx.2024-cü il tarixindən isə 1000 azn olacaq. -xx.xx.2023-cü il tarixli iltizamda (əlyazma-əqddə) göstərilmişdir ki, evi satdıqdan sonra 42 aylıq ödəniş qalmışdır. Aylıq 850 azn-dən onun yaşadığı ünvan 9-cu mkr. Kristal ünvan 1dır. Qərara gəlmişlər ki, öz satdığı mənzildə kirayə qalacaq, 300 azn Orxanın adına verəcək. Banka ödəniş bitdikdən sonra Orxanın adına qeydə aldıracaq. Nə xərci olsa aralarında böləcəklər, kirayə hər ayın 1-də olacaq. Aralarında olan razılaşmaya əsasən əşyaları vermiş, tək soyuducu qalıb. -iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehə aid nikah haqqında şəhadətnamənin surətindən, ipoteka müqaviləsindən, Sumqayıt şəhəri 9-cu mikrorayon (təzə), ev 123A mənzil 104 Yeni qaydalarla: AZ5001, ünvan 2 ünvanında yerləşən mənzilə dair cavabdehin adına verilmiş texniki pasportdan, Bank sənədlərindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan, notariat ofisin ünvanlanmış Məhərrəmova Nurdanə İltizam qızının ərizəsindən, alqı-satqı müqaviləsindən, təmir işlərinə dair protokoldan, beh müqaviləsindən müəyyən olunur ki, Cavabdeh özünə məxsus sənədləri evi satmaq niyyətilə iddiaçıya vermişdir. -xx.xx.2024-cü il tarixli iltizamda (əlyazma-əqddə) göstərilmişdir ki, “mən Cavabdeh İddiaçı 5000 manat borc götürdüm. Belə danışıq etdik ki, mən pulu xx.xx.2024-cü il tarixdə qaytaracam”. -xx.xx.2024-cü il tarixli iltizamda (əlyazma-əqddə) göstərilmişdir ki, “mən Cavabdeh pula ehtiyacım olduğu üçün İddiaçı məxsus “Range Rover” markalı avtomobili satdıq. Mənə 21300 manat verildi. Danışığımız belə oldu ki, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024cü il tarixlərdə 3000 manat verəcək, yerdə qalan məbləği sentyabr ayında verəcəm. xx.xx.2024-cü ildə 3000 manat verdim. 6000 manat qaldı”. -ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda 150, 50, 700, 800, 4300, 3000, 855, 600, 700, 800, 800, 800,100 manat məbləğində, ümumilikdə 13655 manat krediti ödənişi etmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 310 manat dövlət rüsumu ödənilmişdir. -müqavilənin surətindən müəyyən olunur ki, hüquqi yardım xidmətinə görə Xırdalan şəhər vəkil bürosunun hesabına 300 manat pul ödənilmişdir. -Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur. İddiaçı onun 73355 manat borcunun olduğunu göstərmişdir. İddiaçıya görə həmin borc məbləği aşağıdakılardan ibarətdir. 1. Land Rover markalı avtomaşına görə 10400 manat, 2. Xaçmaz rayonunda olan torpaq sahəsinə görə 7300 manat, 3. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsi, 2-ci bina, ev 104 №- li evdə 2 otağa görə 73000 manat, 4. A4 formalı kağıza görə 5000 manat. İddiaçının iddia etdiyi A4 formalı kağızlara görə pul tələbinə cavab olaraq bildirir ki, iddiaçı ilə şərikli işləmişdir. Şifahi razılaşmaya görə qazanılan qazanc və ziyan bərabər bölünüb. Bu səbəbdən də o A4 kağızlarına görə yaranan zərərə cavabdehlik daşımır və bu hissədə iddia tələbini rədd edir. Həmçinin bildirir ki, “Land Rover” markalı avtomaşına görə və Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə görə iddiaçıya olan borcları onun kart hesabına və nəğd şəkildə ödəmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında olan 2 otaqlı mənzil mülkiyyət hüququ ilə ona məxsus olub, iddiaçıya heç bir aidiyyatı yoxdur. Həmçinin onun iddiaçı ilə birgə qazanc götürmək məqsədilə A4 formalı kağızlar almaq və onları satmaq barədə razılıqları olmuşdur. Həmin fəaliyyət nəticəsində əldə edilən gəlir bərabər bölünmüş, xərcləri hər ikisinə aid olmuşdur. Bu barədə iddiaçının 5000 manat pul tələbi tam əsassızdır. Bir daha bildirir ki, birgə fəaliyyətlə əlaqədar gəlirlər və xərcləri iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünmüşdür. Eyni zamanda bildirir ki, iddiaçı iddia etdiyi 73355 manat borcun təsdiqi barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki Mülki Prosessual Məcəlləyə görə iddiaçı iddia tələbini sübut etməlidir. İddiaçı borcu təsdiq edən hər hansı bir yazılı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin yuxarıda qeyd etdiyi kimi avtomaşına və torpaq sahəsinə görə borcu iddiaçıya ödəmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi əlyazmalarını öz dəst-xətti ilə yazaraq göstərmişdir ki, cavabdehin avtomaşına görə ona 6000 manat borcu qalmışdır. Həmçinin iddiaçı göstərmişdir ki, cavabdeh ondan xx.xx.2024-cii il tarixinə qədər qaytarmaq şərtilə 5000 manat borca pul almışdır. İddiaçının etiraf etdiyi həmin 6000 (altı min) manatı və 5000 (beş min) manatı onun kart hesabına və əlbəəl nəğd şəkildə ödəmişdir. Qeyd edilən məbləğlərdən başqa onun iddiaçıya borcu olmamışdır və həmin borcu yuxarıda qeyd etdiyi kimi ona ödəmişdir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, o, İddiaçı Yelo Bank **********095737 və digər kart hesablarına ayrı-ayrı vaxtlarda pul köçürmüşdür. Hesab edir ki, "xxxx" ASC, Kapital Bank” ASC, "xxxx" ASC və digər banklara sorğu verilərsə onun iddiaçıya ona ödəniş etdiyi təsdiq olunar. O, cümlədən iddiaçının özü ayrı-ayrı günlərdə ümumilikdə 15800 (on beş min səkkiz yüz) manatı işlədiyi yerdən gəlib götürmüşdür. Bunu şahidlər də sübut edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edir ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilsin. -“Sms” yazışma mətnin fotoşəklindən müəyyən edilir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya ümumilikdə 14870 manat məbləğdə pul ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətləri 2023-2024-cü ilin müxtəlif vaxtlarında (xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və s) yarandığından məhkəmə hesab edir ki, bu münasibətlərə müvafiq olaraq, Azərbaycan Respublikasının hər iki (2023-cü il oktyabrın 1-dək qüvvədə olan və 2023-cü il oktyabrın 1-dən qüvvədə etibarən) Mülki Məcəlləsinin maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (2023-cü il oktyabrın 1-dən etibarən qüvvədə etibarən) 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (2023-cü il oktyabrın 1-dək qüvvədə olan MM) Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbində cavabdehin ona ümumilikdə 73355 manat məbləğdə borcunun olduğunu bildirsə də, təqdim etdilmiş sənədlər və tərəflərin izahatı ilə cavabdehin iddiaçıya ümumilikdə 68455 manat məbləğdə borcunun olduğu müəyyən edilmişdir. Belə ki, yazılı iltizamlara əsasən, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə 10000 AZN, xx.xx.2023-cü il tarixdə 21000 AZN (evlə əlaqədar), xx.xx.2024-cü il tarixdə 5000 AZN, xx.xx.2024-cü il tarixdə 21300 AZN (avtomobilin satışından əldə olunan) məbləğdə pul vermiş, həmçinin, ödəniş qəbzləri və cavabdehin etirafı ilə müəyyən edildi ki, tərəflər arasında iddiaçıya satılması razılaşdırılmış evin aylıq ödənişləri olaraq iddiaçı tərəfindən banka ümumilikdə 13655 AZN ödənilmiş, əlavə olaraq, iddiaçı cavabdehə meyvə biznesi ilə əlaqədar cavabdehin də etiraf etdiyi 8400 AZN məbləğdə pul vermişdir. Qeyd olunan məbləğlərdən iddiaçının etirafına görə özünə məxsus avtomobilin satışından əldə olunaraq cavabdehə verilmiş puldan (21300 manatdan) 10900 AZN məbləğdə pul cavabdeh tərəfindən ona qaytarılmışdır. Məhkəmənin hazırlıq iclasında cavabdeh iddiaçıdan borc olaraq 15000 manat aldığını etiraf etmiş, lakin həmin pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir, Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, cavabdeh iddiaçının satdığı avtomobilin pulundan ona cəmi 15000 manat məbləğdə pul verildiyini və həmin puldan 3000-4000 manat məbləğdə borucunun qaldığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı iltizamda cavabdeh avtomobilin satışından əldə olunan 21300 manat məbləğdə pulu iddiaçıdan aldığını qeyd etmişdir. Həmçinin, cavabdeh həmin pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan borcun qaytarılmasına münasibətdə, iddiaçının 10900 manat məbləğdə pulun qaytarılmasına dair etirafı sübut kimi qiymətləndirilməli və iddia bu hissədə də təmin edilməlidir. Bundan başqa, cavabdeh ona məxsus evin satılması ilə əlaqədar iddiaçıdan cəmi 15000 manat pul aldığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı iltizamda cavabdeh satılması razılaşdırılmış evin müqabilində 21000 manat məbləğdə pulu iddiaçıdan aldığını qeyd etmişdir. Cavabdeh həmçinin, həmin evin ipoteka ödənişi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş aylıq pulları iddiaçıya qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Bundan başqa, cavabdeh meyvə biznesi ilə əlaqədar iddiaçıdan aldığı 8400 manat məbləğdə pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçı kağız biznesi ilə əlaqədar cavabdehin ona 5000 manat borcunun qaldığını bildirsə də, məhkəməyə təqdim etdiyi yazılı iltizamın üzərindən xətt çəkildiyi müəyyən edilmiş, iddiaçı izahatında üzərindən xətt çəkilən (silinən) iltizamlara dair borcların ödənildiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan kağız biznesi ilə əlaqədar aldığı pulu qaytardığını və borcunun qalmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tərəflər arasındakı kağız biznesi ilə əlaqədar cavabdehin iddiaçıya 5000 manat borcunun qalmasını təsdiq edən başqa hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə göndərilən və iddiaçı ilə “sms” yazışlmaları əks etdirən fotoşəkillər natamam olduğundan qaytarılan ümumilikdə 14870 manat məbləğdə pulun hansı borcla əlaqədar olduğunu müəyyən etmək mümkün olmamışdır. İddiaçı isə həmin “sms” yazışmaların kağız biznesi ilə əlaqədar olduğunu, qaytarılan pulların həmin borca aid olduğunu və iddia tələbində qeyd olunan məbləğləri mübahisələndirmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh məhkəmənin növbəti hazırlıq iclasları və baxış iclaslarında iştirak etmədiyindən qeyd olunan halın aydınlaşdırılması və çəkişmə prinsipinin tam təmin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 68455 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 manat pul və ödənilmiş dövlət rüsumunun müvafiq hissəsi alınaraq iddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi qismən, yəni 68455 manat hissədə təmin olunduğundan, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Elektron məhkəmə sistemində yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, 68455 manat dəyərində mülki işə baxılması ilə əlaqədar 295.36 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda mülki işə baxılması ilə əlaqədar ödənilmiş dövlət rüsumun 295.36 manat hissəsi cavabdehə, qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. İddiaçının irəli sürdüyü tələb qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, Cavabdeh ümumilikdə 68455 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 manat pul və ödənilmiş dövlət rüsumunun 295.36 manat hissəsi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 68455 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 manat pul və ödənilmiş dövlət rüsumunun 295.36 manat hissəsi alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar