Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2025/2022 16.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəsəfli Fuad Zeynal oğlunun katibliyi ilə , İddiaçı X1 nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən ödənilmiş 3746.90 manat məbləğində sığorta ödənişinin 1385.90 manat hissəsinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu daxil olmaqla cəmi 1416.30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddianı onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və Mİ–009059 №-li şəhadətnamə üzrə ** PL *** dövlət qeydiyyat nişanlı, “Dong Feng A 30” markalı avtomobil 15170 (on beş min yüz yetmiş) manat məbləğində 4 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu ərazisində,mağazanın qarşısında hərəkətsiz halda dayanarkən, mülkiyyət hüququ Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə edilən ** BU *** dövlət qeydiyyat nişanlı, “Vaz 21154” markalı avtomobil sığortalı avtomobillə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Xaçmaz DYPB-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq, "xxxx" MMC-də həyata keçirilmiş və tərtib edilən xx.xx.2021-ci il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 5070 (beş min yetmiş) manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən həmin məbləğdən 1000 manat azadolma məbləği, 323,10 manat köhnəlmə əmsalı çıxılmaqla qalan 3746,90 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilmiş və bu ödəniş bu ödəniş 26 avqust 2021-ci il tarixli 1691 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Mülkiyyət hüququ Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə edilən ** BU *** dövlət qeydiyyat nişanlı, “Vaz 21154” markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PAA********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalandığını nəzərə alaraq və “Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini rəhbər tutaraq, "xxxx" ASC tərəfindən ödənilmiş 3746,90 (üç min yeddi yüz qırx altı manat doxsan qəpik) manat sığorta ödənişinin Cəmiyyətin bank hesabına köçürülməsinə dair "xxxx" ASC-yə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC tərəfindən 2361 (iki min üç yüz altmış bir) manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC-yə məxsus subroqasiya qaydasında tələb hüququ “tələbin güzəşti” barədə xx.xx.2021-ci il tarixli, 1 saylı müqavilə əsasında İddiaçı İstehsal və Kommersiya Firmasına ötürülmüşdür. Məhkəmə iclasında İddiaçı X1 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə sığorta müqaviləsi bağlanılaraq ** PL *** dövlət qeydiyyat nişanlı “Dong Feng A 30” markalı avtomobil Mİ-009059 №-li şəhadətnamə üzrə 15170 manat məbləğində 4 il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “VAZ 21154” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Xaçmaz DYPB-nin əməkdaşları tərəfindən tərtib edilən TP ******* saylı qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. Hadisə nəticəsində zərər dəymiş ** PL *** dövlət qeydiyyat nişanlı “Dong Feng A 30” markalı avtomobilin qiymətləndirilməsi, müştərinin müraciətinə müvafiq olaraq "xxxx" MMC-də həyata keçirilib və tərtib edilən xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər 5070 manat məbləğində hesablanmışdır. Həmin məbləğdən 1000 manat azadolma məbləği, 323,10 manat köhnəlmə əmsalı çıxılmaqla, qalan 3746,90 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-nə çödənilib. Cavabdeh idarə etdiyi “VAZ 21154” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası PAA********** saylı şəhadətnamə əsasında "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nə 3746,90 manat məbləğində ödənişin köçürülməsinə dair "xxxx" ASC-nə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə 2361 manat məbləğində pul "xxxx" ASC-nin hesabına köçürülmüşdür. "xxxx" ASC-nə məxsus subroqasiya qaydasında tələb hüququ tələbin güzəşti barədə xx.xx.2021-ci il tarixli 1 saylı müqavilə əsasında İddiaçı X2 ötürülmüşdür. Ona görə hazırkı iddianı qaldırmışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ 21154” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə bir neçə avtomaşınla, o cümlədən ** PL *** dövlət qeydiyyat nişanlı “Dong Feng A 30” markalı avtomobillə toqquşmuşdur. Amma həmin qəzanı törətməkdə özünü təqsirli bilmir. Ona görə ki, BMV markalı avtomaşının onun avtomaşınını vurması nəticəsində digər avtomaşınlarla toqquşmuşdur. Baş vermiş yol qəzası ilə bağlı inzibati məsuliyyətə cəlb edilmişdir, lakin həmin qərarı mübahisələndirməmişdir. Qüsur aktında göstərilən məbləğə etiraz etmir, lakin ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İnzibati Tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “VAZ 21154” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 03 mart 2021-ci il tarixdə Xaçmaz rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus ** PL *** dövlət qeydiyyat nişanlı “Dong Feng A 30” markalı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli sığorta müqaviləsindən müəyyən olunur ki, ** PL *** dövlət qeydiyyat nişanlı “Dong Feng A 30” markalı avtomobil Mİ-009059 №-li şəhadətnamə üzrə 15170 manat məbləğində 4 il müddətinə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən müəyyən olunur ki, " VAZ 21154” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində"xxxx" MMC-yə məxsus “Dong Feng A 30” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Dəymiş zərərin məbləği 3746.90 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı hazırki işə məhkəmə qaydasında baxılması üçün 34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-sü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-si maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunverisiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd edilir ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hallarda subroqasiya hüququ subroqasiya hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPMnin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edirik iddia əsasl olduğundan təmin edilməli, Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 3746.90 manat məbləğində sığorta ödənişinin 1385.90 manat hissəsinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1416.30 manat pulun tutularaq İddiaçı X1 xeyrinə tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaysan Respublikasının Mülki Prosessual Məsəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ödənilmiş 3746.90 manat məbləğində sığorta ödənişinin 1385.90 manat hissəsinin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1416.30 manat pulun tutularaq İddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-2025/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2025/2022
16.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver