Məhkəmə qərarları › İş №e-2(067)-2185/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2185/2023

24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2185/2023 24.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə Ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 10495,34 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxx 1982-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, XAÇMAZ; MOLLA-BURHAN KƏNDİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 3 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN RESPUBLİKASİ XAÇMAZ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇİSİNİN YERGÜC KƏND İƏD-ÜZRƏ NÜMAYƏNDƏLİYİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 10495,34 manat olmaqla, ümumilikdə 10495,34 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********588400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında ərizəçinin səlahiyyətli nümayəndəsi X4 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Cavabdeh vergi öhdəliklərini AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd İƏD üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 10495,34 manat olmaqla, ümumilikdə 10495,34 manat borcu vardır. X5 yerli nümayəndəliyidir və cavabdeh bunu qəbul edib. Cavabdeh özü də bilir ki, nəyi qəbul edib. Cavabdeh imza çəkib qəbul edib. Büdcə vəsaitini də təqdim etmişdir. Son tarixlərdə ödəniş olunmayıb. Üstəlik ödəniş 90 manat olduğu halda, 70 manat ödəyib. Hansı əsaslarla 70 manat ödəyib. İcra nümayəndəliyinin borcu kapıtal qaydada hesablanıb. Xahiş edir ki, iddia təmin olunsun. Məhkəmə iclasında maraqlı tərəf ərizəyə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki mülki işin materiallarında olan sənədlərdən görünür ki xx.xx.2013-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc Kənd İəd-Üzrə Nümayəndəliyinin (VÖEN: **********) 10495.34 manat məbləğində borcu var. Borclu hüquqi şəxsin icra orqanının rəhbəri isə Cavabdehdur. Məhkəmə işin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarı) Xüsusi nəzərə alınmalıdır ki, vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişinin həyata keçirilməsinin təmini üçün qanunverici bir sıra təminatlar müəyyən etmişdir Belə ki, göstərilən konstitusion müddəalara uyğun olaraq, Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir (Vergi Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir Beləliklə, qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunverici konstitusion əhəmiyyətli dəyərlərdən irəli gələn vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər müəyyən etmiş və həmin tədbirlərdən biri kimi də vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunu nəzərdə tutmuşdur. Diqqətə alınmalıdır ki, adı çəkilən qanunvericilik aktlarında vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Konstitusiya azadlıq hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, azadlıq hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulmalı, legitim məqsəd daşımalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu mənada, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması konstitusion əhəmiyyətli dəyərlərdən olan vergi öhdəliyinin icrasını təmin etmək məqsədi ilə tətbiq edildiyindən legitim sayılmalıdır Digər tərəfdən, tətbiq edilən məcburiyyət tədbirinin müvəqqəti xarakter daşıması, həmin məhdudiyyətin aradan qaldırılması əsasının MPM-nin 335-7.6-cı maddəsində birbaşa təsbit olunması və vergi ödəmək vəzifəsinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması baxımından da mühüm əhəmiyyət kəsb etməsi halları isə bu məhdudiyyətin mütənasib olması qənaətinə gəlinməsi üçün kifayətedici əsas kimi çıxış edir Məhkəmə hazırkı ərizəyə də göstərilən kontekstdən yanaşaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun müəyyən edilmə məqsədi və təyinatını, eləcə də vergi ödəyicisi olan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc Kənd İəd-Üzrə Nümayəndəliyinin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 10495.34 manat borcu yarandığı, qanunla müəyyən edilmiş müddət ərzində vergi borcunun ödənilməsi barədə vergi orqanının etdiyi xəbərdarlığın nəticəsiz qaldığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və hüquqi şəxsin icra orqanının rəhbəri kimi Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü və 355-7.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 307.2.9, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1982-ci ildə Xaçmaz rayonu Mollaburhan kəndində anadan olan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Azərbaycan Respublikası MPM-in 355-7.4-cü maddəsinə əsasən qətnamə dərhal qüvvəyə minir. Qətnamədən apelyasiya şikayəti verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar