Məhkəmə qərarları › İş №e-2(067)-2424/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2424/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2424/2024 14.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Cavabdeh qarşı əmlak və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəmədə iddia qaldıraraq cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 16 avqust 2022-ci il tarixində № ÖM/08197 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 16 avqust 2022-ci il tarixində №ÖM/08197 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 7382-6581 və 7182 birka nömrəli 3 (üç) baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 16 avqust 2022-ci il tarixində №ÖM/08197 nömrəli aktla vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-ci il 22 yanvar tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 7382-6581 və 7182 birka nömrəli 3 (üç) baş inək və 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-C-27805/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdehtərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirik ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 baş inəyin 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, özünü məşğulluq proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 tərəfindən Cavabdeh 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Lakin sonradan aparılmış monitorinq zamanı aktivlər aşkar olunmamışdır. Cavabdeh xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi və Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 baş inəyin, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışıqlı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehdən eyni növlü və keyfiyyətli 3 baş inəyi tələb edirlər. İnəklər təhvil verilərkən onların keyfiyyəti ilə bağlı sağlamlıq sertifikatı, birkalar verilir, baytarlıq arayışı olur. Sənədləri onlara podratçı şirkət təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, ona verdikləri inəkləri 1 il 3 ay saxlamış, amma onlar qısır çıxmışlar, dərman da vermişlər, alınmamışdır. Sonra arvadı xərçəng xəstəliyinə tutulmuş, oğlu da xəstədir. Ona görə inəkləri satmalı olmuşdur. İnəyin birini 480 manatdan satmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 16 avqust 2022-ci il tarixində 2022/ÖM-08197 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 Filialının əməkdaşı X6 və özünüməşğulluğa cəlb edilmiş Cavabdeh təsdiq etmişlər ki, Ffilial 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem – ot və yonca qarışığı təhvil vermiş, özünüməşğulluğa cəlb edilmişşəxs isə həmin əmlakı təhvil almışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən,özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinə əsasən,özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76.1ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 16 avqust 2022-ci il tarixində 2022/ÖM-08197 müqaviləyə əsasən istifadəyə verilən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində Agentliyə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar