Məhkəmə qərarları › İş №e-2(067)-2653/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2653/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2653/2024 14.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 nümayəndəsi X3 və Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı əmlak və sair tələbinə dair mülki işə 06 iyun 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem (ot və yonca qarışığı) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 30 avqust 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 13 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 10 may 2024-cü il tarixli 3-17- 2/2-C-28628/2024 saylı xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 (üç) baş inəyin, 400 kq qarışıq yemvə 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddia ərizəsi aşağıdakılarla əsaslandırılır. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında”Azərbaycan Respublikasının Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilən şəxslərə bu aktivlər 1 (bir) il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunda, həm də Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. İşin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 nümayəndəsi X6 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, özünü məşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi mühasibatlıq və təyinat filialı arasında “özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən agentlik tərəfindən iribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yem natura şəklində təhvil-təslim aktına əsasən Cavabdeh təhvil verilmişdir. Vətəndaşın elektron kabineti açılır. Hər bir məlumatla şəxsi kabinet vasitəsilə müraciət edə bilərlər. Vətəndaşa seçib normal heyvan götürmələri izah edilir. Heyvanları onlar vermirlər. Nazirliklə Podratçı şirkət arasında müqavilə bağlanılır. Onlar müqavilə üzrə əmlakın cavabdehə verilməsi öhdəliyinə əməl etmişlər. Cavabdeh də 1 il ərzində ona təhvil verilmiş əmlakı kiməsə verə bilməzdi, sata bilməzdi. Heyvanlarda xəstəlik olsaydı, tələf olsaydı 30 gün ərzində vətəndaş mərkəzə məlumat verməli idi. Əgər mallarda hər hansı bir xəstəlik olarsa agentliyə müraciət etməlidir. Həmin vaxt şəkillər varsa qəbul edirlər. İldə 2 dəfə əməkdaşlar tərəfindən gəlib baxış keçirilir. Əgər vətəndaş müraciət edərsə gedib baxırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 13 may 168 nömrəli qərarı ilə təsdiq olunmuş işsiz şəxslərin özünü məşğulluğun təşkili qaydasının tələblərinə əsasən özünü məşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi monitorinq və Qiymətləndirmə filalının əməkdaşları tərəfindən monitorinqlər keçrilimişdir. Monitoriqlər Mərkəzi monitorinq və Qiymətləndirmə filialı tərəfindən həyata keçirilir. Filialın əməkdaşları yoxlama aparan zaman əgər verilən malqara satılmayıbsa bu zaman vətəndaşın mülkiyyətinə keçir. xx.xx.2024-cü il tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş iribuynuzlu maldarlıq təsərrüfatı zərfinə daxil olan 3 baş inək aşkar edilməmişdir. Cavabdeh agentlik tərəfindən verilən 3 baş inəyi mülkiyyətinə keçmədən, yəni 1 il müddət keçmədən satdığı müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdeh inəklər ona təqdim ediləndən sonra satılmışdır. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini və cavabdeh X7 tərəfindən eyni növlü və keyfiyyətli 3 yaşa qədər 3 baş inəyin, 400 kq qarışıq yem və 65 ədəd yemin natura şəklində agentliyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul tməyərək, izahatında göstərmişdir ki, Agentlik tərəfindən 30 avqust 2022-ci il tarixində ona 3 baş yaşlı inək verilmişdir. Ona inəklərin sağlam olduqları ilə bağlı müqavilə imzalatmışlar. Ona veriləndən əlavə özü 300 ədəd ot bağlaması almışdır. Heyvanların qısır olması, qoca olması ilə bağlı şifahi şəkildə agentliyə müraciət etmişdir. 3 ay keçdikdən sonra inək xəstələnmiş, o, da bu barədə baytaralıqdan arayış almışdır. Agentliyə məktub göndərmiş, lakin cavabı gəlməmişdir. Heyvanları 1 il 3 ay saxlamışdır. İnəyin xəstə olduğunu görüb baytar həkim gətirmiş və baytarlıqdan arayış vermişdir. 1 il yarım müddət keçsə də, gəlməmişlər. İnəklərdən biri ölmüş, ikisi də ölümcül xəstəliyə tutulmuşdur. 1 il 6 ay ərzində gedib yoxlamamışlar. O, agentliyə müraciət etmiş, lakin baxmamışlar. Xəstə olan 2 inəyi kolbasa hazırlanması üçün satmışdır. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur. Cavabdehə Məşğulluq İdarəsindən 3 baş inək vermişlər. Heyvanlar 2022-ci ilin avqust ayında verilmişdir. Mallar xəstə idi. 3-4 ay keçdikdən sonra 1 inək ölmüşdür. O, uzun müddət ferma müdiri işləmişdir və cavabdehə Məşğulluq Agentliyinə müraciət etməsini demişdir. Cavabdehin dediyinə görə 3 gün gedibgəlmişdir. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi şahid qismində ifadə vermiş X8 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur. Cavabdehə mallar gətiriləndə heyvanların üçü də xəstə idi. Buna görə baytar çağırmışlar və baytar həkim baxıb müalicə etsə də, heyvanlardan biri bir müddət sonra ölmüşdür. Qalan 2 baş inəyi də cavabdeh satmışdır. Cavabdeh 2 baş inəyi qış aylarında, 1 il 2 ay olar ki, satmışdır. Məhkəmə iddiaçının və cavabdehin zahatlarını, şahidlərin ifadələrini dinləyib, iddiaçı və cavabdehin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 nömrəli müqavilədən müəyyən olunur ki, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil etmiş, Filial tərəflər arasındakı təhvil-təslim aktında göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən Əmlakdan özünəməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüş və Filial Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. 30 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən 3 baş inək, 400 kq paketlənmiş qarışıq yem və 65 ədəd ot və yonca qarışığı yem cavabdehə təhvil verilmişdir. 13 fevral 2024-cü il tarixli özünə məşğulluğa cəlb edilmiş şəxsin fəaliyyətinin yekun monitorinqi barədə aktdan görünür ki, Cavabdeh verilmiş “İribuynuzlu maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 3 (üç) baş inək və 800 kq yem aşkar edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh ünvanlanmış 10 may 2024-cü il tarixli 3-17-2/2-C-28628/2024 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması cavabdehə təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznesplana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericilik dəymiş zərərin əvəzinin ödənilməsi məsələsini dəqiq tənzimləmək məqsədilə Mülki Məcəllənin 1115.1-ci maddəsində qeyd etmişdir ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurumu tərəfindən cavabdehə aktiv kimi təhvil verilmiş 3 baş inək monitorinq zamanı aşkar edilməmiş və həmin aktivlərin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Cavabdeh ona təhvil verilmiş 3 baş inəkdən 1 baş inəyin xəstəlik səbəbindən tələf olması, 2 baş inəyi isə qısır olmaları səbəbindən satmasını bildirərək, bununla bağlı iddiaya qarşı etirazının dəlilləri kimi Xaçmaz rayon Baytarlıq idarəsinin xx.xx.2022-ci il tarixli arayışını və şahidlərini məhkəməyə təqdim etmişdir. Lakin heyvanların qısır olmaları barədə qeyd olunan arayışın əsli məhkəməyə təqdim olunmadığından, məhkəmə həmin sənədi mötəbər sübut kimi qəbul etmir. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri ilə cavabdehə təhvil verilmiş 1 baş inəyin məhz iddiaçı tərəfin təqsiri səbəbindən tələf olması müəyyən olunmur, ona görə bu hissədə məhkəmə şahidlərin ifadələrinə tənqidi yanaşır. Eyni zamanda cavabdehin özünün və şahidlərin ifadələri ilə cavabdehin ona təhvil verilmiş 2 baş inəyi satması öz təsdiqini tapır. Cavabdeh 1 baş inəyin tələf olması barədə isə heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. Məhkəmə onu nəzərə alır ki, iddiaçı inəklərin xəstə və qüsurlu olmaları barədə MAS-a (“Məşğulluq” altsistemi) daxil etməmişdir. Məhkəmə iclasında izahatında da qeyd etdiyi kimi X2 yazılı şəkildə müraciət etməmişdir. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O cümlədən, həmin şəxs müqavilə müddətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir. Lakin cavabdeh bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncunun fəaliyyətinin yoxlanması və monitorinq zamanı 30 avqust 2022-ci il tarixli, 2022/ÖM/09057 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 3 baş inək olmadığı aşkar edilmişdir. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Məsələ ilə əlaqədar əlavə olaraq qeyd olunmalıdır ki, “Məşğulluq haqqında” Qanunun 24.7-ci maddəsinə əsasən,özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, tərəflər mübahisəni onun yarandığı vaxtdan 30 (otuz) iş günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə və ya danışıqlar yolu ilə həlli mümkün olmadıqda mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın9.2-ci yarımbəndinə əsasən, Qanunun 24.7-ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3-cü və 8.4-cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76.1ci maddəsinə əsasən,tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9–cu maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri: 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.7. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq Agentliyə qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 30 avqust 2022-ci il tarixli 2022/ÖM/09057 saylı müqaviləyə əsasən istifadəyə verilən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 (üç) baş inək, 400 kq qarışıq yem və 65 ədəd yemin (ot və yonca qarışığı) natura şəklində Cavabdeh alınaraq Agentliyə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar