Məhkəmə qərarları › İş №e-2(067)-2708/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2708/2024

12.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2708/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi, torpaq sahəsinin boşaldılması, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, mülkiyyət hüquq ilə ona məxsus Xaçmaz rayonu, Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsi, 0.61 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsinin, 1.35 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Xəzərli kəndi 1.7412 ha torpaq sahəsinin, 1.8071 ha torpaq sahəsi kənd təsərüfat təyinatlı torpaq sahəsinin, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha kənd təsərüfat təyinatlı torpaq sahəsinin, Xaçmaz rayonu Qaracəlili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və 3.45 ha kənd təsərüfat təyinatlı torpaq sahəsinin zəbtdən azad olunması, zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınaraq bərpa edilməsi, cavabdeh tərəfindən mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və onunla cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilən 325 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyət hüquq ilə ona məxsus Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsi, 0.61 ha torpaq sahəsi, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsi, 1.35 ha torpaq sahəsi, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha torpaq sahəsi, 1.8071 ha torpaq sahəsi kənd təsərüfat təyinatlı torpaq sahələridir. Əri vəfat etdikdən sonra qaynı həmin torpaqlara dair onunla icarə müqaviləsi bağlayaraq həmin torpaq sahələrini idarə edib gəlir əldə edəcəyini və həmin gəlirlə onlara da dəstək olacağını bildirmişdir. O, da bütün prosedurları aparması üçün onunla cuzi məbləğə 07 dekabr 2022ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Lakin qaynı bundan sonra nəinki icarə müqaviləsində nəzərdə tutulan cuzi məbləği ona ödəməmiş, hətta yığılan torpaq vergilərini belə ödəməkdən imtina etmişdir. Həmçinin icarə müqaviləsində nəzərdə tutulmayan mülkiyyət hüquqi ilə ona məxsus olan Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha kənd təsərüfat təyinatlı torpaq sahəsi və Xaçmaz rayonu Qaracəlili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və 3.45 ha kənd təsərüfat təyinatlı torpaq sahələri cavabdeh tərəfindən qanunsuz istifadə olunur. Cavabdehə dəfələrlə zəbt edilmiş torpaq sahəsini boşaltmasını və etdiyi qanunsuzluqlara son qoymalarını təklif etmişdir. Cavabdehlərin hərəkətləri, maneələri nəticəsində torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlə arasında icarə müqaviləsi formal olaraq başlansa da, o, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də məhkəmə müdafiəsindən yararlanmaq qərarına gəlmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən icarə müqaviləsində nəzərdə tutulmayan 0.25 ha, 3.45 ha və Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 0.15 ha torpaq sahəsinin zəbtdən azad olunması hissəsində iddia tələbini geri götürmüş və iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müaviəsinin ləğv edilməsi və icarə müaviləsində qeyd olunan mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahələrinin, yəni Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha, 0.61 ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha və 1.8071 ha torpaq sahələrinin cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan Xaçmaz rayonu, Qaracəlli kəndində yerləşən 5,7 ha torpaq sahəsi, 0.61 ha torpaq sahəsi, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsi, 1.35 ha torpaq sahəsi, Xaçmaz rayonu, Xəzərli kəndi 1.7412 ha torpaq sahəsi, 1.8071 ha torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahələridir. Həmin torpaq sahələri iddiaçının ərinə məxsus olmuş, əri vəfat edəndən sonra iddiaçıya qalmışdır. Cavabdeh iddiaçının qaynıdır. İddiaçı həyat yoldaşı vəfat edəndən sonra onun qaynı olan cavabdeh həmin torpaq sahələrinə dair iddiaçı ilə icarə müqaviləsi bağlayaraq həmin torpaq sahələrini idarə edib gəlir əldə edəcəyini və həmin gəlirlə iddiaçıya dəstək olacağını bildirmişdir. İddiaçı da cavabdehlə cuzi məbləğə xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Tərəflər arasında icarə müqaviləsi 2027-ci ilədək bağlanılmşdır. Həmin icarə müqaviləsi formal olaraq bağlanmışdır. Cavabdeh özü iddiaçıya icarə müqaviləsi bağlamağı təklif etmiş, iddiaçı da torpaq sahələrini tək idarə edə bilməyəcəyi üçün qaynı ilə müqavilə bağlamışdır. Lakin cavabdeh icarə müqaviləsinin şərtlərini pozmuşdur. İddiaçının uşağı xəstə olduğuna görə icarə müqaviləsinə əsasən cavabdeh onlara pul verəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh icarə müqaviləsinin şərtlərini pozmuş və müqaviləyə əsasən heç bir öhdəliyi yerinə yetirməmiş, torpaq sahələrinin hektarına görə illik 200 manat subsidiya alsa da, aldığı subsidiyaları iddiaçıya verməmiş, hətta yığılıb qalan torpaq vergilərini də ödəməmişdir. Cavabdeh iddiaçıya 500 manatdan, cəmi 1000 manat pulu iddiaçının uşağı xəstə olduğuna görə bir əmi kimi ona vermiş, formal olaraq bağlanmış icarə müqaviləsinə əsasən öhdəliklərinə əməl etməyərək, iddiaçıya müqavilə üzrə heç bir ödəniş etməmişdir. Həmçinin icarə müqaviləsində nəzərdə tutulmayan mülkiyyət hüquqi ilə iddiaçıya məxsus olan, Xaçmaz rayonu, Əhmədoba kəndində yerləşən 0.15 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi və Xaçmaz rayonu, Qaracəlili kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və 3.45 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. Cavabdehə dəfələrlə zəbt olunmuş əraziləri boşaltması təklif olunsa da onun hərəkətləri və maneçilikləri nəticəsində iddiaçı öz torpaq sahələrindən istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 dekabr 2022ci il tarixli icarə müaviəsinin ləğv edilməsi və icarə müaviləsində qeyd olunan mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahələrinin, yəni Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha, 0.61 ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha və 1.8071 ha torpaq sahələrinin cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, qardaşı 2020-ci ildə vəfat etmişdir. Qardaşı vəfat edəndən sonra ailəsinin bütün xərclərini o, çəkmişdir. İddiaçının 2 uşağı var. Bir uşaq dializ xəstəsi idi və vəfat etmişdir. İcarə müaviləsində qeyd olunan məbləğ formal göstərilmişdir və həmin məbləğdən çox pul ödəmişdir. 2020-ci ildə dövlət tərəfindən subsidiya verilməmişdir. 2020ci ildə alınmalı olan subsidiyanı iddiaçıya o, öz hesabına ödəmişəm. Hər il 900 manat torpaq vergisi ödəmiş, hər il 3000 manat pulu iddiaçının özünə vermişdir. Pulu iddiaçıya əlbə-əl vermiş, ailə üzvləri də buna şahiddir. İddiaçıdan kart hesabı açmasını istəmiş, lakin o, hesab açmamışdır. 2023-cü ildə o, 3660 manat iddiaçının kartına subsidiya pulu köçürmüşdür. İddiaçının uşağı xəstə olanda 500 manatdan iki dəfə cəmi 1000 manat pul vermişdir. Ona uşaq üçün kart hesabı açılmasını bildirmiş, ildə 5000 manat ona pul düşür, 4000 manat uşağın adına ödəyəcəyini bildirmişdir. İddiaçıya ildə 5400 manat pul vermişdir ki, illik 1000 manat pul xəstə uşaq üçün dializ köçürməsi üçün xərcləmişdir. 2021-ci ildə, 2022-ci ildə və 2023-cü ilə kimi hər ay iddiaçının bütün xərclərini, kommunal ödənişlərini o, ödəmişdir. Hər ay 200-250 manat kommunal xərclərlə birgə mən iddiaçıya illik 4000-4500 manat pul ödəmişdir. İddiaçıya pulu karta göndərməsi üçün kart hesabı açmasını desə də, o, razılaşmamışdır. İddiaçı özü müəllimə işləyir, uşağı Sumqayıt şəhərində oxumağa aparıb. İddiaçının özünə aid olan torpaq sahəsini öz adına rəsmişlədirmişdir. İddiaçının torpaq sahələrini satmasından ehtiyat edərək, onları saxlayır. Hazırda icarə müqaviləsinin ləğv edilməsinə etiraz edir və icarə müqaviləsinin müddəti bitdiyi 2027-ci ilə qədər müqavilənin ləğv edilməməsini xahiş edir. O, subsidiyanı alıb torpaq sahəsində əkin əkir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı İddiaçı iddiasını müdafiə edərək, bildirmişdir ki, 2020-ci ilin mart ayında həyat yoldaşı vəfat etmişdir. Daha sonra övladı vəfat edəndən sonra cavabdehin ailəsi ona soyuq davranmağa başlamışdır. Çətin vaxtlarında cavabdeh mərhum həyat yoldaşının adına olan torpaq sahələrinin subsidiyalarını alaraq ona köməklik etməmişdir. Uşaq xəstə olanda cavabdeh ona iki dəfə 500 manat pul vermişdir. 2022-ci ilə qədər cavabdeh kömək olaraq pul vermişdir. İcarə müqaviləsi bağlanandan sonra ona pul verməmişdir. Cavabdehin ailə üzvləri onunla maraqlanmamışlar. Hazırda cavabdehlə arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyət hüquq ilə özünə məxsus Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha torpaq sahəsini, 0.61 ha torpaq sahəsini, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha torpaq sahəsini, 1.35 ha torpaq sahəsini, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha torpaq sahəsini, 1.8071 ha torpaq sahəsini 07 dekabr 2022-ci il tarixədək Cavabdeh icarəyə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən cavabdeh hər hektar torpaq sahəsi üçün illik 15 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. 12 iyul 2024-cü il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh ilə bağladığı 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliklərini pozması səbəbindən icarəyə verilən torpaq sahələrini boşaldaraq geri qaytarmasını tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. 22 avqust 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Elektron qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən 325 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 708.3-cü maddəsinə əsasən icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. 709-cu maddəsinə əsasən icarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir. 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. 711.1-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. 711.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.7-ci maddəsinə əsasən bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. 719.8-ci maddəsinə əsasən ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. 721.1-ci maddəsinə əsasən əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. 721.2-ci maddəsinə əsasən müqavilə iştirakçılarından birinin iddiası üzrə məhkəmə qüvvəsinə vaxtından əvvəl və ya qismən xitam verilmiş torpaq icarəsi müqaviləsinin təsviyəsi qaydasına dair qərar qəbul edə bilər. Əgər torpaq icarəsi müqaviləsinin qüvvəsi yalnız icarəyə götürülmüş torpağın hər hansı hissəsi üçün uzadılırsa, məhkəmə həmin hissə üçün icarə haqqını müəyyənləşdirə bilər. 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. 722.2-ci maddəsinə əsasən əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı ağacların dəyərini icarəyə verənə ödəməlidir. Digər zərərin əvəzinin ödənilməsinə dair pretenziya verilməsi istisna edilmir. 722.3-cü maddəsinə əsasən hüquq münasibətlərinə xitam verildikdən sonra qalan kənd təsərrüfatı məhsullarından icarəçi növbəti məhsuladək təsərrüfatçılığın davam etdirilməsi üçün zəruri olan miqdarda məhsulu, hətta o, həmin hüquq münasibətlərinə girərkən belə məhsulu qəbul etmiş olmasa da, verməlidir. Əgər bununla əlaqədar olaraq icarəçi icarəlik torpaq verilərkən aldığı məhsula nisbətən daha çox miqdarda və ya daha yaxşı keyfiyyətli məhsulu verməlidirsə, icarəyə verəndən dəyəri ödəməyi tələb edə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə olan halda icarə müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasını sübut etmə yükü iddiaçının üzərinə, müqavilə üzrə icarə haqqını ödəməsini sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi tam təmin olunduğundan məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsi formal olaraq bağlanılmışdır. Bu hal tərəflərin izahatlarından başqa icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının məbləği ilə də öz təsdiqini tapır. Belə ki, hər hektar torpaq sahəsinə görə 15 manat illik icarə haqqı müqavilənin bağlandığı dövr üçün torpaqların real icarə haqqı ilə uzlaşmır. Bundan başqa cavabdeh izahatında qardaşı vəfat edəndən sonra onun ailəsinin bütün xərclərini çəkdiyini, o cümlədən qardaşının oğlunun müalicəsinə köməklik etdiyini, bundan əlavə müxtəlif vaxtlarda iddiaçıya müxtəlif məbləğlərdə pul ödənişləri etdiyini bildirsə də, qeyd olunan pul məbləğlərini ümumiyyətlə iddiaçıya verməsinə və həmin ödənişlərin məhz icarə haqqı kimi verilməsinə dair heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabadehin iddiaçıya hər hansı məbləğdə pulu icarə haqqı kimi ödəməsi məhkəmə araşdırması zamanı heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsi formal bağlandığına görə və cavabdeh tərəfindən müqavilə üzrə icarə haqqının ödənilməsi öhdəliyi yerinə yetirilmədiyindən ləğv edilməli və mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha və 0.61 ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha və 1.8071 ha torpaq sahələri Cavabdeh istifadəsindən alınaraq İddiaçı verilməsi və Cavabdeh tərəfindən həmin torpaq sahlərindən iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalı və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Xaçmaz rayonunun Qaracəlili kəndində yerləşən 5.7 ha və 0.61 ha, Xaçmaz rayonunun Əhmədoba kəndində yerləşən 1.96 ha və 1.35 ha, Xaçmaz rayonunun Xəzərli kəndində yerləşən 1.7412 ha və 1.8071 ha torpaq sahələri Cavabdeh istifadəsindən alınaraq İddiaçı verilsin və Cavabdeh tərəfindən həmin torpaq sahlərindən İddiaçı istifadəsinə yaradılan maneələr aradan qaldırılsın. Hüquqi yardıma görə ödənilmiş 325 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar