Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-306/2025 14.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 87950 manat zərərin əvəzi, 354 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq onun xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən Xaçmaz Nabran yolunun kənarında yerləşən 0.20 ha torpaq sahəsini almaq üçün atasına müraciət etmiş, həmin vaxt atası əməliyyat olunmalı olduğundan onunla məsləhətləşdikdən sonra 70000 manata həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Bundan sonra cavabdeh onlara 5000 ABŞ dolları beh vermiş və qısa zamanda qalan pulu verib torpaq sahəsini onlardan alaçağına söz vermişdir. Həmin torpaq sahəsinin 0.10 ha hissəsi çıxarışlı, qalanı isə sənədləri düzəlməli idi. Bundan sonra cavabdeh həmin 0.10 ha torpaq sahəsini özü qısa müddətdə düzəldəcəyini və bunun üçün verdiyi behdən 3500 manatını ona geri qaytarmağını bildirmişdir. Onunla razılaşıb 3500 manatı ona geri qaytarmışlar. Bundan sonra cavabdeh onlarla məsləhət etmədən həmin torpaq sahəsində yerləşən tam bəhərdə olan 21 ədəd gilas ağacını, 15 ədəd alça ağacını, 23 ədəd şaftalı ağacını kökündən çıxardaraq ona 87950 manat ziyan vurmuşdur. Bu barədə mütəxəsis rəyi alınmışdır. Cavabdeh həmin ağacları məhv etdikdən sonra torpaq sahəsini imkanı olmadığı üçün ala bilməyəcəyini bildirdi. Bundan sonra tərəfindən bu barədə Xaçmaz rayon polis şöbəsinə müraciət olunmuşdur. Xaçmaz rayon polis şöbəsində cavabdeh izahat verərək bildirmişdir ki, guya atasından icazə aldığı üçün iddia ərizəsində göstərilən ağacları tanımadığı şəxsin ekskavatoru ilə çıxardığını bildirmiş, həmçinin torpaq sahəsini maddi imkanın olmadığını bəhanə gətirərək ala bilmədiyini bildirmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona ümumilikdə 87950 manat ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, artıq geniş məhkəmə araşdırması aparılıb və iddia tələbi tam təsdiqini tapıb. Polis orqanlarında da araşdırma aparılıb, tərəf özü də etiraf edir ki, həmin ağacları mülkiyyətinə qəbul etməmiş çıxardıb məhv edib. Tərəflərin arasında beh münasibətləri var idisə də, istənilən halda hesab edir ki, bu mülkiyyətə qəsddir. Ona görə ki, mülkiyyətçi mülkiyyət əldə etməmişsə, o boyda ağacları məhv edə bilməz. Hansı ki, o ağaclar bunların gəlir yeri olmuş, illərlə zəhmət çəkmişlər. Orada 50-dən çox ağacdır, onların böyüdülməsi, ərsəyə gətirilməsi üçün kifayət qədər vəsait xərclənib, kifayət qədər ağacların üzərində insan zəhməti var. Bağı almamış, tərəflər arasında sövdələşmə baş tutmamış, mülkiyyətinə keçirməmiş ağacları məhv etmiş, sonra da sövdələşmə baş tutmamış, torpağı almamışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır. O, iki rəy təqdim etmiş, biri məhsuldarlıqla bağlıdır, hər iki rəy də mötəbərdir. Hansı ki, dəymiş zərəri də, ala biləcəkləri məhsulu da qarşı tərəfdən tələb edirlər. Amma ilkin olaraq ağacların dəyəri dövlət orqanı tərəfindən verilmiş mötəbərin rəyin əsasında öz təsdiqini tapmışdır. Ağacların verə biləcəyi məhsuldarlıq da dövlət orqanı tərəfindən verilmiş rəylə öz təsdiqini tapmışdır. Ona görə hesab edir ki, hər şey gün işığı kimi aydındır. Hər biri bilir ki, ağac olub, ağac cavabdeh tərəfindən kəsilib. Qiymət də Dövlət orqanı tərəfindən müəyyən olunub. Hüquqi əsaslara gəldikdə isə, mülkiyyətinə qəbul etməmiş əmlakı məhv etmək mülki məsuliyyət yaradır. Bu da işin mübahisəsiz halıdır. Ona görə xahiş edir iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilsin. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, o torpağı 60000 manata razılaşmış, behi də vermişdir. Dərhal sonra, qısa müddət sonra ağacı çıxarmışdır. Üzərindən 5 il keçmiş, sonra iddiaçı tərəf polisə şikayət etmişlər. Hər şey razılıqla olmuşdur. Hər bir bağda da qurumuş ağac da, qurumamış ağac da olur. 60000 manata razılaşmışdılar. İndi ondan 80000-90000 manat təzminat istəyir. Bu yerin o qədər dəyəri var idisə, 150000 manata satardı, niyə 60000 manata satırdı? 60000 manata imza atıb. Ondan sonra da iki şəxsi də aldadıb. Ondan sonra da 68000 manata başqasına satıb, yəni dəyərindən baha satmışdır. Onun 5000 ABŞ dolları da hələ də iddiaçıdadır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə göstərmişdir ki, hesab edir ki, iddia tamamilə əsassız iddiadır. Əvvəla ona görə ki, iddia ərizəsinin özündə də qeyd olunur ki, 0,20 ha torpaq sahəsini almaq üçün müraciət edib. Həmin vaxt atası əməliyyat olunduğundan, onunla məsləhətləşdikdən sonra 70000 manata həmin torpaq sahəsini satmaq qərarına gəlib, bundan sonra cavabdehdən 5000 ABŞ dolları məbləğində beh alıb və tərəflər arasında faktiki olaraq razılaşma baş tutub. Cavabdeh bildirir ki, ərazidə qurumus ağaclar, qələmlər də var idi. Razılaşma baş tutandan dərhal sonra cavabdeh ərazidə öz əmlakı kimi iddiaçının razılığı əsasında torpaq sahəsində işlərə başlayıb, yəni torpaq işlərinə başlayıb. Behi verdikdən sonra torpaq işlərinə başladıqdan sonra əgər orada kimsə tərəfindən etiraz bildirilsə idi, bununla əlaqədar müraciət olunardı, iddia qaldırılardı, hər hansı tədbir görülərdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, həmin torpaq sahəsi sonradan digər şəxsə də 68000 manata satılıb. Qəbul edək ki, Elnur həmin torpaq sahəsini 60000 və ya 70000 manata razılaşma olduğu təqdirdə aldı. O, torpaq sahəsindəki ağaclara əlavə pul ödəməli deyildi. O, torpaq sahəsini razılaşma əsasında almış, orada ağac var və ya yoxdur, məsələyə heç bir aidiyyəti yoxdur. O cümlədən digər şəxsə satanda da o, torpaq sahəsini satıb, torpaq sahəsinin üstündəki ağacları ayrı satmır ki. İndiki iddia ərizəsindən belə anlaşılır ki, tərəf həm torpağı satb pulunu alıb 68000 manat, həm də indi orada mövcud olan yaxud olmayan, qurumuş yaxud qurumamış ağacların da pulunu cavabdehdən tələb edir, yəni ikinci qazanc da tələb edir. Bu yolverilməzdir. Mütəxəssisin tərtib etdiyi akta istinad olunur. Aktdan görünür ki, çıxarılmış ağacları haradasa gedib müəyyən edib. Bu o demək deyil ki, o, müəyyən edibsə, bu ağaclar məhz buradan çıxarılan ağaclardır, bunu necə müəyyən edib, bəlkə başqa sahədən çıxarılmış ağacdır? Ağacın kötüyü əsasında ağacın necə olması, ondan nə qədərsə gəlir əldə edilməsinin mümkünlüyünü göstərmək absurddur, mövcud olmayan ağaclar əsasında rəy vermək hesab edir ki, əsassızdır. Torpaq sahəsi 68000 manata satılıb, sənədləri təqdim etmişlər. Beh müqaviləsinin pozulmasının səbəbkarı da elə torpaq sahəsini satan şəxs olmuş, mülkiyyət sənədlərini vaxtında düzəltməmişdir. Hesab edir ki, iddianın təmin olunması üçün əsas yoxdur. Xahiş edir iddia rədd edilsin. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, Xaçmaz rayonunun Nərəcan kəndində iddiaçıya məxsus 0,20 ha torpaq sahəsi olub. Cavabdeh torpaq sahəsini almaq üçün beh verib. Məhkəmə bununla bağlı işə baxıb və qətnamə çıxarıb ki, 5000 manat pul əsassız varlanmadır. Cavabdeh tərəf 17000 manat pul tələb etmiş, məhkəmə 5000 manat təmin etmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermişlər və iş hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Həmin iddianı qaldırmaqla cavabdeh münasibətlərinin korlandlğını təsdiq edib. Cavabdeh torpaq sahəsi adına keçirməmiş oradakı ağacları kəsib. Kəsilən ağaclar bəhərdə olan ağaclar olub. Bu barədə mütəxəssisin də rəyi var. Cavabdeh tərəf ağacları iddiaçının icazəsi ilə kəsdiyini desə də, bu barədə sübutu yoxdur. O, Xaçmaz RPŞ-də də izahat verərkən etiraf etmişdir ki, ağacları kəsib. Cavabdeh torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmiş iddiaçının torpaq sahəsindəki ağacları kəsməklə ona 89750 manat məbləğində ziyan vurub. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2021-ci ildə iddiaçı, onun atası və cavabdeh arasında razılıq olub və onların aktda imzaları var. Cavabdeh 5000 ABŞ dollarını vermiş, qalan 51500 manat pulu da aprel ayınadək verməyi öhdəsinə götürmüşdür. Cavabdeh pulu təqdim etmiş, səhəri gün də satın aldığı torpaq sahəsindəki qələmləri çıxarmışdır. Cavabdeh qələmləri özbaşına çıxara bilməzdi. 2022-ci ilin avqust ayında məlum olur ki, satıcılar cavabdehə satdıqları torpağı başqa şəxsə baha qiymətə satmaq istəyirlər. Ona görə cavabdeh pulunun qaytarılmasını istəmişdir. İddiaçı Afət Rzayeva adlı şəxsə daha baha qiymətə, yəni 68000 manata torpaq sahəsini satmış və pulunu almışdır. O, torpağı satıb pulunu alsa da, yenidən cavabdehdən pul tələb edir. Bundan başqa ağacların kəsilməsi barədə sübut yoxdur. Mütəxəssis olmayan şeyə necə rəy verə bilər? Başa düşə bilmirəm ki, iddiaçı torpağı başqa şəxsə satdığı halda cavabdehdən niyə pul tələb edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 göstərmişdir ki, torpaq sahəsi oğlunundur. Torpaq satılırdı, cavabdeh də gəlib beh vermiş, 2-3 gün sonra oğlu ilə evə gedəndə görmüşdür ki, sahəyə ekskavator və kamazla gəlib ağacları çıxarırlar. 10 ilin ağacları olmuş. Niyə kəsdiklərini soruşmuş, demişlər ki, onsuz da fındıq sexi tikəcəklər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, tərəfləri tanımır. Onların heç biri ilə qohumluğu, ədavəti yoxdur. Hacıyev X8-Qarabağ zonasına ezam olunmuş və hazırda oradadır. xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil1 Azərbaycan Respublikası Kənd təsərrüfatı nazirliyinin meyvəçilik və çayçılıq elmi-tədqiqat institutuna ərizəsi daxil olmuş və həmin ərizəni direktor onun üzərinə dərkənar etmişdir. Onlar onu elektron sənəd dövriyyəsində sistemdə qeydə almışlar. Vətəndaş müraciəti 7 iş günü müddətində baxılır. Oktyabrın 4-də Şahid1 və Rəşad Eldarov mütəxəssis kimi təyin olunmuşlar və baxış üçün İddiaçı Xaçmaz rayonunun Nərəcan kəndindəki yerinə getmişlər. Onlar yerindəcə baxış keçirib aktlaşdırıblar və akta əsasən onlar rəy tərtib etmişlər. Həmin rəy də elektron sənəd dövriyyəsində kənd təsərrüfatı nazirliyinə razılıq üçün gedir. Onlara razılıq vermişlər və oktyabr ayının axırlarına yaxın onlara razılıq vermişlər və onlar həmin sənədi tam şəkildə sistemdən keçirmiş və özlərinə təhvil vermişlər. O özü gedib baxış keçirməmişdir. Şahid1 və Rəşad Eldarov baxış keçirmişlər. Çünki mütəxəssis onlardır, onların ağacdan, bitkidən, təbiətdən başı çıxır və gördüklərini həm şəkil üzərində, həm akt şəklində tərtib ediblər. Akta əsasən də onlar ümumi rəy tərtib etmişlər. Rəy də birbaşa Nazirliyə gedir, Nazirlik razılıq verəndən sonra onlar qarşı tərəfə onu təqdim edirlər. O, hüquq kadr məsələlərinə baxır və inzibati işlər şöbəsinə baxır, torpaq və ağac üzrə mütəxəssis deyildir. Torpağa baxışda iştirak etməmişdir. Rəyi Nazirliyə göndərirlər, orada onlar aktın obyektivliyini yoxlayıb sistem üzərindən onlara razılıq verəndən sonra onlar rəyi təsdiq edirlər. Elektron sənəd dövriyyəsi üzərində sistemdə onlarda razılıq var. Razılıq birbaşa direktor Elxan Qaraqurbanlının adından gedir oranın torpaq, bitki mühafizəsi ilə bağlı şöbəsinə gedir, orada sənədlər yoxlanılır və onlara təsdiq göndərilir. Razılığı sistem üzərindən göndərə bilər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. Tərəflərin heç biri ilə qohumluğu, ədavəti yoxdur. İddiaçının bağının yanından keçəndə görmüşdür ki, ekskavator işləyir, ağacları qazıb çıxarır, “Kamaz” maşınına yükləyib aparırlar. İddiaçının yaxşı bağı olmuş, 50 ağac var idi. Orada 10 illik qələmlər, ağaclar olmuşdur, onları kəsib aparmışlar. İddiaçının xəbəri olmamış, o gedib xəbər vermişdir. Demişlər ki, yəqin ki, bağı almaq istəyən adamlardır. Orada gilas qələmləri, şaftalı ağacları, gavalı, alça ağacları var idi, 10 illik ağaclar olmuş, yaxşı baxılan bağ olmuşdur. O, Bədəl müəllimə zəng etməmiş, gedib evinə demişdir. Həmin vaxt bağın içərisində “Kamaz” və ekskavator olmuşdur. Ekskovator ağacları qırıb “Kamaz” markalı yük maşınına yükləyirdi. Ağaclar bəhərə düşmüşdü. İş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, X4 Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarda Cavabdeh izahatında "xxxx"' MMC-nin direktoru vəzifəsində işlədiyini, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Xaçmaz rayonu, Nərəcan kəndində olarkən yolun kənarında torpaq sahəsinin satılması ilə bağlı elan gördüyünü, elandakı mobül nömrəyə zəng edib adının ona sonradan məlum olan Bədəl adlı şəxsə həmin torpağı neçə manat dəyərində satdığını soruşduğunu, bu zaman Bədəl adlı şəxsin ona 0,21 ha torpaq sahəsi Xaçmaz rayonu, Nərəcan kəndində yerləşdiyini və 70000 manat dəyərində satdığını, həmçinin onu oğluna məxsus olduğunu dediyini göstərmişdir. Danışıq zamanı həmin torpaq sahəsini 60000 manat dəyərində almaq istədiyini və Bədəl ilə bununla razılaşdığını göstərmişdir. Bundan bir iki gün keçdikdən sonra həmin torpaq sahəsi yerləşən kənddə Bədəl ilə görüşdüyünü, ona 5000 ABŞ dolları verdiyini, pulun qalan hissəsini 51500 manatı isə 2021-ci ilin aprel ayında ödəyəcəyinə ona söz verdiyini, lakin maddi irnkanı zəif olduğu üçün həmin pulun qalan hissəsini ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutununa daxil olmuş Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil1 01 oktyabr 2024 -cü il tarixli dəymiş ziyanin hesablanmasına dair rəydən müəyyən olunur ki, Meyvəçilik və Çayçılıq X1 Çoxaltma Laboratoriyasının müdiri Şahid1 04 oktyabr 2024 cü il tarixində Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən İddiaçı məxsus 0.20 ha torpaq sahəsinə dəymiş ziyanın hesablanması üçün zəruri olan sənədlərə və ərazidən çıxarılmış ağacların qalıqlarına baxış keçirmişdir. Baxış zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 1. Ağacların güclü kök sistemi və inkişaf etmiş çətirə malik olmaları onların sağlam və məhsuldar olduqlarının əsas sübutu kimi diqəti cəlb etdi. 2. Ağacların əksər hissəsinin üzərlərinə qalın torpaq qatı tökülmüşdür. 3. Hadisədən 3 il keçməsinə və ağac köklərinin qurumasına baxmayaraq onlar hələ də öz əzəmətini itirməmişdir. Gilas və şaftalı ağacları xəstəlik və zərərvericilərə və ətraf mühitdə baş verən dəyişikliklərə çox həssas bir bitkilər olduğundan onların qulluğu böyük zəhmət, diqqət və xərc tələb edir, Sahibkara dəymiş zərərlə bağlı Meyvəçilik və Çayçılıq X1 Çoxaltma Laboratoriyasının müdiri Şahid1 tərtib etdiyi 04 oktyabr 2024 cü il tarixli akta əsasən 11 illik gilas ağacının böyüdülməsinə və onun müntəzəm olaraq sahibkara verə biləcəyi məhsulun maya dəyərinin hesablanması, eləcə də sahibkarın bundan sonrakı dövrlərdə itirmiş olduğu məhsulu nəzərə alaraq 1 ağac üçün 3000 azn, 1 ədəd 7 illik alça ağacı üçün 350 azn, 1 ədəd 3 illik Şaftalı Fədai ağacı üçün 400 azn hesablanmışdır. Ümumilikdə 21 ədəd gilas ağacı 61000 azn, 15 ədəd alça ağacı 15750 azn, 23 ədəd Fədai şaftalı ağacı üçün isə 9200 azn cəmi olaraq isə 87950 azn sahibkara dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X9 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 315.7 kv.metr olan qeyri yaşayış binasını və həmin ünvanda mülkiyyətdə olan 0.14 ha torpaq sahəsini Cavabdeh satmışdır. İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli 25 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsini X2. İş materiallarında olan AN-İ № seriyalı ******* nömrəli 25 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsini X2. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli, xx.xx.2023cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 425 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********16-06301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində 0.14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 315.7 kv.metr olan qeyri yaşayış binası Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 70A nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarında olan Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəsinin 162 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Nərəcan kəndində özünə məxsus 0.10 ha həyətyanı torpaq sahəsində 21 ədəd gilas, 25 ədəd şaftalı, 15 ədəd alça və digər ağaclar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 18 mart 2025-ci il tarixli 03/01 saylı rəyindən görünür ki, meyvə ağacının dəyəri onun yetişdirdiyi məhsulun dəyəri ilə ölçülür. Buradan belə nəticəyə gəlmək olar ki, 11 illik 1 ədəd gilas ağacının maya dəyəri 1500 Azn, 3 illik şaftalı (1 ədədi) ağacının maya dəyəri 150 Azn və 7 illik alça ağacının göyçə sortunun maya dəyəri 100 Azn hesablanmışdır. Qeyd edilmiş meyvə ağaclarının son 3 ildə verə biləcəyi məhsul hesablanmadan tək ağacın özünün maya dəyəri aşağıdakı kimi hesablanmışıdır. Gilas 21 ədəd x 1500 azn =31500 şaftalı 23 ədəd x 150 = 3450 alça 15 ədəd x 100= 1500 cəmi 36450 azn. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 354 manat rüsum ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsinə görə Xaçmaz rayon vəkil bürosunun hesabına 325 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, tərəflərin və şahidlərin izahatlarını dinləyib aşağıdakı nəticəyə gəlir: İddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşma əsasında iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini cavabdehə satmaq qərarına gəlmiş, cavabdeh isə bunun müqabilində müvafiq beh müqaviləsini bağlamadan iddiaçıya 5000 ABŞ dolları məbləğində pul ödəmişdir. Cavabdeh torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada (daşınmaz əmlaka münasibətdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi bağlamalı olduğu halda, bunu etmədən) torpaq sahəsini öz adına rəsmiləşdirmədən, yəni xüsusi mülkiyyətinə keçirmədən torpaq sahəsində olan ağacları kökündən çıxarmışdır. Daha sonra tərəflər arasında olan şifahi razılaşma pozulmuş və beh qismində iddiaçıya verilmiş pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehə qaytarılması qət edilmişdir. Bu hallar iddianın mübahisəsiz tərəfləridir. Hazırda cavabdeh tərəf torpaq sahəsində olan ağacları kökündən çıxarılması ilə bağlı törətdiyi əməlini etiraf etsə də, ağacların sayı, növü, yaşı, keyfiyyəti ilə bağlı iddiaçının mövqeyi ilə qəti razılaşmır. Cavabdeh dediyinə görə ağacları sayı daha az olmuş və ağaclar quru halda olmuşdur. Lakin məhkəmə Mülki Prosessual qanunvericiliyinin sübutetmə yükü ilə bağlı müddəalarını rəhbər tutaraq hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla müəyyən edilir ki, cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsinin üzərində olan ağacları çıxarmaqla hüquqa zidd əmələri törətmiş və hazırda da delikt qaydasında iddiaçı qarşısında məsuliyyət daşımalıdır. İddiaçı iddia tələbində cavabdehdən ağacların dəyərinə görə 87950 manat pul tələb etsə də, bu məbləğə uyğun məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin iddiaçı ağacların dəyərinə dair məhkəməyə 36450 manat məbləğində mütəxəssis rəyi təqdim etmişdir. Bundan başqa iş üzrə dindirilmiş şahidlər də, ağacların iddia tələbində göstərilən sayda və keyfiyyətdə olmasını təsdiq etmişlər. Bununla da, ağacların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmişdir. Cavabdeh isə, ağacların dəyəri ilə bağlı iddiaçının təqdim etdiyi sübutları təkzib edə bilməmişdir. Belə olan halda, iddia tələbi yalnız 36450 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 87950 manat pul tələbinə dair 354 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbi 36450 manat hissəsində əsaslı olduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası dövlət rüsumu haqqında Qanununa əsasən iddianın məbləği 36450 manat olduqda 199.35 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə də, iş üzrə ödənilmiş 354 manat dövlət rüsumunun 199.35 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 325 manat hissəsi də, təmin edilməlidir. Ona görə ki, iddiaçının vəkilə ödədiyi 325 manat rüsumu iş materiallarında olan qəbzlə sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 36450 manat məbləğində pul, ödənilmiş 354 manat dövlət rüsumunun 199.35 manatı və 325 manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-306/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-306/2025
14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver