Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3518/2025 25.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər idarəsi ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5212,67 manat, İcbari Tibbi Sığorta Fonduna olan 5,27 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxx 1977-ci il, Doğulduğu yer - AZ6RBAYCAN, XAÇMAZ; NƏRƏCAN KƏNDİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025- ci il tarixə vergi ödəyicisi olan Xaçmaz rayonunun Nərəcan bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 5212,67 manat, İcbari Tibbi Sığorta Fonduna 5,27 manat olmaqla, ümumilikdə 5217,94 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********790500, xx.xx.2025-ci il tarixli **********601700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İş üzrə iddiaçı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, Xaçmaz rayonu Nərəcan kəndinin bələdiyyə sədri vəzifəsində işləyir. Bir neçə bələdiyyə birləşdirildiyi üçün borc yaranmışdır. Hazırda ölkədən getmək barədə planı yoxdur. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2010-cu il tarixli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər idarəsi ilə Xaçmaz rayonu Nərəcan bələdiyyəsi arasında vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilə bağlanmışdır. -Hüquqi şəxs haqqında məlumatdan görünür ki, X1 rayonu Nərəcan bələdiyyəsinin sədridir (rəhbəridir). -bildirişdən müəyyən olunur ki, məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. -bildirişrdən müəyyən olunur ki, icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair Xaçmaz rayonu Nərəcan bələdiyyəsinə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. -xəbərdarlıqdan müəyyən olunur ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq olunmuş, borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Qeyd olunmuşdur ki, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Konsitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 84.0-cı maddəsinə əsasən vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci və 355-5.2-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-6-cı maddəsinə uyğun olaraq, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətə baxılır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyəcisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi hüquqi şəxs haqqında məlumatda Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin rəhbəri Cavabdeh olduğu müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, həmin bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcuna görə Xaçmaz rayonu Nərəcan bələdiyyəsinin rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin vergi borcunun mövcud olması və ödəyici tərəfindən həmin öhdəliyin icra edilməməsi faktı sonuncunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7.4, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx xxx 1977-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi qətnamənin icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-3518/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3518/2025
25.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver