Məhkəmə qərarları › İş №e-2(067)-395/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-395/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-395/2022 29.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi məhkəmə iclas katibi Rövşən Xudat oğlu Həsənlinin katibliyi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində 29 mart 2022-ci ildə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2580 manat sığorta ödənişinin əvəzi və ödənilmiş 45,80 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan M842OA5 dövlət qeydiyyat nişanlı LADA 2107 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü ilə sığortalanmışdır. 15.01.2021-ci il tarixdə cavabdeh idarə etdiyi M842OA5 dövlət qeydiyyat nişanlı LADA 2107 markalı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi nəticəsində ** MX *** dövlət qeydiyyat nişanlı QAZ 32213 markalı və ** DP *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitələrinə zərər vurmuşdur. Hadisənin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh hadisə baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasına və iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.03.2020-ci il tarixli və 09.04.2020-ci il tarixli sığorta aktından müəyyən olunur ki, sığorta ödənişinin məbləği 2580 manat təşkil edir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlardan müəyyən olunur ki, ** DP *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 990 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan müəyyən olunur ki, ** MX *** dövlət qeydiyyat nişanlı QAZ 2705 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 1590 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1, 327.2, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istsmar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 2580 manat sığorta ödənişinin əvəzi, ödənilmiş 45,80 manat dövlət rüsumu və 0,40 manat bank xərci tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar