Məhkəmə qərarları › İş №e-2(068)-32/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-32/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-32/2022 20.04.2022 XIZI RAYON MƏHKƏMƏSİ X8 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 800 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun, ümumilikdə 830,40 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.01.2021-ci il tarixdə, saat 06:45 radələrində Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış, X3 məxsus və etibarnamə olmadan cavabdeh tərəfindən idarə olunan “Chevrolet Aveo” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Abşeron rayon DYPŞnin 16.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci (nəqliyyat vasitəsini etibarnamə olmadan idarə olunması) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 0345 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxs X1 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 800 manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənlərə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə görə, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1983-cü ildə, Abşeron rayonu, Sitalçay kəndində anadan olmuş, Xızı rayonu, Sitalçay kəndində qeydiyyatdadır. AD seriyalı, 854296 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. AD seriyalı, 498942 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Aveo” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 13.01.2021-ci il tarixdə, saat 06:45 radələrində Masazır kəndi, Ə.Vahid küçəsi ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı mülkiyyətçisi X7 olan və hadisə baş verən anda cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunan “Chevrolet Aveo” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində mülkiyyətçisi X5 və hadisə baş verən anda sürücüsü X6 olan “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Abşeron RPİ DYPŞ əməkdaşı tərəfindən cavabdeh barəsində 13.01.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və 16.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. 14.01.2021-ci il tarixli qüsur aktına əsasən “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 800 manat məbləğində müəyyən edilmişdir. İşdə olan 22.01.2021-ci il tarixli sığorta aktına və 28.01.2021-ci il tarixli ödəniş tapşırığına əsasən “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən X1 800 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış avtomobil cavabdeh tərəfindən etibarnamə olmadan idarə olunarkən sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı bununla bağlı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir (936.6.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Eyni zamanda Mülki Məcəllədə göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşdən göründüyü kimi cavabdeh iddiaçı tərəfindən sığortalanmış avtomobilin sürücüsü olmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (25.1.3). İşdən göründüyü kimi cavabdeh etibarnamə olmadan avtomobil idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və buna görə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və avtomobili onun mülkiyyətçisinin razılığı ilə idarə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçı tərəfindən “Toyota Prius” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 800 (səkkiz yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar