Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-326/2023 19.12.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı nəvəsi X2 üzərində qəyyum təyin edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2019-cu il təvəllüdlü nəvəsi X2 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə bu Məcəllənin 114.1-ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.3-cü maddəsinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı nəvəsi - xx.xx.2019-cu il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi barədə ərizə ilə Xızı rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, sonuncu isə tərəflər arasında razılıq olmadığından qeyd olunan məsələnin məhkəmə qaydasında mübahisələndirilməsini tövsiyyə etmişlər. Hazırda İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının xx.xx.2019-cu il təvəllüdlü nəvəsi X2 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Halbuki İddiaçı ilk növbədə valideynlərini itirmiş nəvəsinin digər bana-nənədən alınaraq onun himayəsinə verilməsi barədə aidiyyəti məhkəmədə iddia qaldırmalı, həmin iddiası təmin olunduqdan sonra isə nəvəsi X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli ilə bağlı yaşayış yeri üzrə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, iddiaçıya nəvəsinin digər bana-nənədən alınaraq onun himayəsinə verilməsi barədə aidiyyəti məhkəməyə iddia ərizəsi vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xızı rayon İcra Hakimiyyətinə qarşı nəvəsi X2 üzərində qəyyum təyin edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(068)-326/2023
Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-326/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver