Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-9/2023 28.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X14 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xızı rayonu, Altıağac qəsəbə sakinləri - Cavabdeh, İddiaçı, X9, X10 və X7 Xızı rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0,14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ümumbirgə torpaq sahəsi hesab edilir. Torpağın onların ümumbirgə mülkiyyətlərinə dair Xızı rayonu Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı əsasında JN-329A saylı, 30602016 kodlu şəhadətnamə mövcuddur. İddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsində payların müəyyən olunması barədə ilkin mediasiya sessiyasından xx.xx.2022-ci il tarixdə keçmiş, lakin cavabdehə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılsa da, “əmlak tələbi“ barədə mübahisə üzrə keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə imtina məktubu göndərilmişdir. İmtinaya səbəb olaraq göstərilmişdir ki, daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmadığından və hüququnun tanınması üçün əsas olan JN-329A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi idarənin arxiv şöbəsində aşkar edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin daşınmaz əmlakın olubolmaması barədə xx.xx.2022-ci il tarixli, **********41 nömrəli sorğunun cavabında bildirilir ki, respublika ərazisinin mövcud arxiv materiallarına əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi JN-329A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11 iyun 2001-ci il tarixdə Cavabdeh 5 nəfər ailə üzvü ilə ümumbirgə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayonu, Xızı qəsəbəsi ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi JN-437H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 05 oktyabr 2005-ci il tarixdə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin əmlak üzərində həbs qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində heç bir pay müəyyən olunmadığına görə onların birgə mülkiyyətidir. Həmin torpaq sahəsindən ailə üzvlərinin hamısının istifadə etmək hüququ vardır. Hal-hazırda ayrı yaşadıqları üçün iddiaçının həmin torpaqdan istifadə hüququ tam məhdudlaşdırılmışdır. Bu səbəbdən də, iddiaçı Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsində ona düşən 2/3 hissə payın ayrılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh özü də təsdiq edir ki, həmin vaxt torpaq sahəsi deyil, ancaq ev satılmışdır. Evin satılmasında və alqı-satqısında olan imzanın iddiaçıya məxsus olmasını isə dəqiq bilmir. Hər halda məhkəməyə təqdim olunan sənədlərdə onu dəqiqləşdirmək olar. Lakin Dövlət arxivindən verilən cavab məktubunda xüsusilə qeyd edilmişdir ki, həmin sənədlər dövlət arxivinə təhvil verilməmişdir. Yəni sənədlər Xızının özünün arxivindədir, həmin sənədlər dövlət arxivindən çıxmamışdır. Sadəcə şəhadətnamə alınıb verilmişdir. Hazırda hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Bu səbəbdən də, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, bütün sənədləşmə işləri qanun çərçivəsində olmuşdur. Belə ki, ev satılan vaxtı onların münaqişəsi olmamış, mehriban bir ailə olmuşlar. Alqı-satqı tam razılıq ilə olmuş və iddiaçı razılıq ərizəsinə qol çəkmişdir. Çunki bu məcburi yox, könüllü olan bir iş olmuşdur. Onların ailəsi sonradan dağılmışdır. Yəni bu işə aidiyyatı olmamışdır. İddiaçı özü də bilir ki, razılıq ərizəsi vermiş və sonra ev satılmışdır. Satandan sonra evdə bir neçə ay yaşamışlar, daha sonra isə evi təhvil verib çıxmışlar. Təxminən bundan 1 ilə yaxın vaxt keçəndən sonra 2005-ci ildə onlar ayrılmışlar. 3 il ayrı yaşadıqdan sonra 2008-ci ildə nikahın pozulması üçün məhkəməyə verilmiş və nikahları pozulmuşdur. 2020-ci ilə qədər uşaqlar onun himayəsində qalmış, qarşı tərəf isə aliment də verməmiş, 3 uşağı o, saxlamışdır. Alqı-satqı zamanı hər hansı narazıçılıq olsaydı, iddiaçı bu illər ərzində ona qarşı iddia qaldırardı. Sadəcə böyük qızı sosial yardım düzətmək üçün müraciət edən zaman ona adlarına torpaq sahəsi olduğu bildirilmişdir. Bundan sonra, iddiaçı fikirləşmişdir ki, torpaq sahəsi adında qalıbsa, onu tələb etsin. Onlar evi satanda torpaq sahəsi ilə birlikdə satmış, həmin vaxt orada tikinti olmamış, taxta evi satmışlar. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, təxminən 20 il bundan əvvəl onun Xızı rayonunun Altıağac qəsəbəsində yaşayan qohumları qəsəbə ərazisində ev satıldığını ona bildirmişlər. O da, satılan evin sahibi Cavabdeh soraqlamış və dağdan arıları gətirərkən Yarımca yolunda görüşmüşlər. Həmin vaxt İsmandan ev satması ilə maraqlanmış və hə cavabını satmışdır. Bundan sonra evə baxmaq istəmiş və razılıq əsasında evə baxmışlar. Evə daxil olanda taxta tikili olduğunu və peçin yanında 3 nəfər uşağın oturduğunu, 1 nəfər qadının isə uzandığını görmüşdür. İsman ona uzanan şəxsin arvadı olduğunu və kefsiz olması səbəbindən uzandığını bildirmişdir. Daha sonra, razılıq əsasında evi almış və notarial qaydada alqı-satqı etmişlər. Bundan sonra İsman ondan qabaqdan qış ayları gəldiyini və icazə verərsə 5-6 ay yaşayıb, sonra evi boşaltmağı xahiş etmiş, o da razılıq vermişdir. Bir müddət sonra, evi boşaldıb ona təhvil vermişlər. Daha sonra, qanuni şəkildə icazə alıb orada yeni ev tikmişdir. Sadəcə kimlərinsə səhvinə görə alqı-satqı edəndə və çıxarış alanda torpaq sahəsi göstərilməmişdir. İddiaçı ev satıldıqdan sonra 5-6 ay orada yaşamışdır, əgər narazı idisə niyə onda şikayət eləmirdi? Bütün qəsəbə sakinləri də onun evi torpaq sahəsi ilə birlikdə almasını bilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-329A, kod 30602016 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,14 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri Cavabdeh, İddiaçı, X10, X9 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Xızı rayon qeydiyyat şöbəsi tərəfindən 23 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 085422 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı 23 dekabr 2008-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış 27 aprel 2022-ci il tarixli məktubdan görünür ki, respublika ərazisinin mövcud arxiv materiallarına əsasən Xızı rayonu, Altıağac qəsəbəsi ünvanında yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi JN-329A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 11 iyun 2001-ci il tarixdə Cavabdeh 5 nəfər ailə üzvü ilə ümumbirgə paylı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xızı rayonu, Xızı qəsəbəsi ünvanında yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi JN-437H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 05 oktyabr 2005-ci il tarixdə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əmlak üzərində həbs qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 mart 2022-ci il tarixli məktubdan görünür ki, onun Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsi üzərində əvvəllər yaranmış hüququn tanınması barədə ərizənizə cavab olaraq bildirilir ki, daşınmaz əmlaka texniki baxış keçirilməsinə şərait yaradılmadığından və hüququnun tanınması üçün əsas olan JN-329A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv nüsxəsi idarənin arxiv şöbəsində aşkar edilmədiyindən müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bu səbəbdən də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. 15 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və iş materiallarına əlavə edilmiş Xızı rayon dövlət notariat ofisində 04 oktyabr 2004-cü il tarixdə 4Ə-46 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin təsdiq olunmuş kserosurətindən görünür ki, xx.xx.2004-cü il tarixli, 224832 nömrəli müqaviləyə əsasən Cavabdeh Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 23,6 kv. metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X1. Həmçinin, həmin notariat işində olan İddiaçı tərəfindən Xızı rayon dövlət notariat kontoruna ünvanlanmış ərizədə göstərilmişdir ki, “bildirirəm ki, həyat yoldaşım Cavabdeh Xızı rayonu Altıağac qəsəbəsində yerləşən 2 otaqlı evin satılmasına heç bir etirazım yoxdur.” İşdə olan Xızı rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportun və inventar iş nömrəsi 386 olan qeydiyyat vəsiqəsinin surətlərindən görünür ki, Xızı rayonu, Altıağac qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən yaşayış sahəsi 23,6 kv. metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına reyestr kitabında 1010A nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Xızı rayonu İcra hakimiyyəti başçısının 04 sentyabr 2009-cu il tarixli, 138 nömrəli tikintiyə icazə verilməsi barədə sərəncamının surətindən görünür ki, X4 Xızı rayonu, Altıağac qəsəbəsində aldığı 2 otaqlı köhnə yaşayış evinin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə rayon İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsi tərəfindən razılaşdırılmış layihə əsasında icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. 154.2-ci maddəsinə əsasən bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,14 ha torpaq sahəsi Xızı rayonu, Altıağac qəsəbə sakinləri Cavabdeh, İddiaçı, X10, X9 və X6 mülkiyyətinə verilmişdir. Bundan sonra, Xızı rayon dövlət notariat ofisində 04 oktyabr 2004-cü il tarixdə 4Ə-46 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə əsasən Cavabdeh həmin torpaq sahəsində yerləşən yaşayış sahəsi 23,6 kv. metr, köməkçi sahəsi 6,8 kv.metr olan 2 otaqlı fərdi yaşayış evini X2 və İddiaçı da evin satılmasına razılıq ərizəsi vermişdir. Daha sonra, Xızı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 085422 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh İddiaçı ilə olan nikah 23 dekabr 2008-ci il tarixdə ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi isə 2004-cü ildə üçüncü şəxsə satılmışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından iddiaçının həmin torpaq sahəsi üzərində payının naturada ayrılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixli, 224832 nömrəli müqaviləyə əsasən satılmışdır. Bu səbəbdən hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olmuş qanunvericilik tətbiq edilməlidir. 17 aprel 2007-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. İşdən göründüyü kimi yuxarıda sadalanan maddi normalara əsasən hazırda mübahisəli torpaq sahəsinə hüquqlar həmin evi əldə edən üçüncü şəxsə keçmiş və həmin şəxs torpaq sahəsinə üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən də, məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddiaçının tələbi ilə torpaq sahəsinin ½ hissə payın naturada ayrılması qanuni və ədalətli hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikah dövründə əldə etdikləri Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən 0,14 ha torpaq sahəsinin ½ hissə payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-9/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-9/2023
28.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver