Məhkəmə qərarları › İş №e-2(070)-1/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-1/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-1/2024 07.05.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Kərimov Namiq Saleh oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 21000 manat pul borcu barədə 25 fevral 2021-ci il tarixli kredit müqaviləsinin tərəflərin həqiqi iradə ifadəsini əks etdirməyən yalançı əqd olduğuna görə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında 25 fevral 2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilədə borc verən tərəfindən ona 21000 manat məbləğində borc pulun verilməsi və onun tərəfindən həmin pul məbləğinin 05 mart 2021-ci il tarixədək borc verənə qaytarılması göstərilmişdir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməyinin səbəbi cavabdeh tərəfindən ona hər hansı məbləğdə borc pul verilmədiyinə görə həmin borc müqaviləsinin etibarsız hesab edilməsini tələb etməkdir. Övladının xəstə olması ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi kimi tanınan ərazinin yaxınlığında ona məxsus 2 otaqlı mənzili satmaq qərarına gəlmişdir. X5 ilə 28500 manata evi satmağa razılaşdıqdan sonra 30 sentyabr 2017-ci il tarixdə X2 12500 manat pulu borc alaraq həmin pulun ödənilməsi barədə kredit müqaviləsi imzalamışlar. Daha sonra ona pul lazım olduğu üçün X2 2018-ci ildə əlavə olaraq 16000 manat borc pul almışdır. X5 ilə aralarında ev barəsində alğı-satqı müqaviləsi olmamış, qeyd olunan pul məbləğlərini ondan borc olaraq aldıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi kimi tanınan ərazinin yaxınlığında ona məxsus 2 otaqlı mənzili 35000 manata başqa şəxsə satmışdır. X5 ondan evi tələb etdiyi zaman həmin evi başqa şəxsə satdığını və ondan aldığı pul məbləğlərini geri ödəyəcəyini bildirmişdir. X2 aldığı 16000 manat borc pul sənədləşdirilmədiyinə görə həmin pulu sənədləşdirmək üçün Aynurun qardaşı X6 və özünü Samirin xalası oğlu kimi təqdim edən 2 nəfər şəxs Kürdəxanı qəsəbəsində yerləşən yaşadığı evə gələrək ondan borc puldan əlavə 5000 manat pul ödəməyini razılaşdıraraq, ümumilikdə 21000 manat pul barəsində onunla özünü Samirin xalası oğlu kimi təqdim edən cavabdeh arasında 25 fevral 2021-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən notariusda borc müqaviləsi bağlanmışdır. Qeyd olunan hallarla əlaqədar Sabunçu RPİ-nin 15-ci polis bölməsinə müraciəti əsasında araşdırma aparılaraq 01 sentyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərardan da göründüyü kimi araşdırma aparılarkən cavabdeh ifadəsində qeyd etmişdir ki, “Samir adlı şəxsi onun uşaqlarının kirvəsi olduğuna görə tanıyır. Təxminən 2-3 il olar ki, Samir ona Hüseynəli adlı şəxsin bacısı Aynurəni aldatmasını və ondan pul almasını bildirmişdir. Onların depressiyada olması səbəbindən notariusda Hüseynəli və onun arasında borc müqaviləsinin bağlanmasını xahiş etdikdən sonra Samirlə razılaşmış və Hüseynəlinin ona borcu olmadığı halda Maştağa qəsəbəsində yerləşən notariusda 21000 manat pul barəsində müqavilə imzalanmışdır”. Cavabdehin ifadəsindən də göründüyü kimi cavabdehə hər hansı məbləğdə borcu olmamış, cavabdehlə onun arasında bağlanmış 25 fevral 2021-ci il tarixli kredit müqaviləsi həqiqi iradə ifadələrinə əsaslanmamışdır. Belə ki, sənədləşdirilməmiş 16000 manat borc pul üzrə şifahi borc müqaviləsi barədə razılaşma əslində onunla X5 arasında olsa da Aynurun qardaşı X6 və özünü Samirin xalası oğlu kimi təqdim edən cavabdeh Kürdəxanı qəsəbəsində yerləşən yaşadığı evə gələrək ondan sözügedən 16000 manat pul borcunun və əlavə olaraq guya onun tərəfindən ödənilməli 5000 manat pul borcunun, ümumilikdə 21000 manat pul borcunun sənədləşdirilməsini tələb etdikdən sonra onunla cavabdeh arasında həqiqi iradə ifadəsini əks etdirməyən kredit müqaviləsi bağlanmışdır. Göründüyü kimi onunla cavabdeh arasında bağlanmış 21000 manat pul borcunun olması barədə 25 fevral 2021-ci il tarixli kredit müqaviləsinə əsasən onun cavabdehə faktiki hər hansı borcu olmamış, həmin müqavilənin bağlanması ilə əslində onunla X5 arasında 16000 manat borc pul üzrə şifahi borc müqaviləsinin pərdələnməsi və etibarlı müqavilənin bağlanması görüntüsü yaratmaq niyyəti ilə yalançı əqd bağlanmışdır. Buna görə də hesab edir ki, onunla cavabdeh arasında bağlanmış 21000 manat pul borcu barədə 25 fevral 2021-ci il tarixli kredit müqaviləsi tərəflərin əsl iradəsinə uyğun olmayan yalançı əqd olduğuna görə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirdi ki, iddiaçının mübahisələndirdiyi 25 fevral 2021-ci il tarixli müqavilə ilə əlaqədar 06 iyul 2021-ci il tarixli, 8İ-3626 nömrəli icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsi üzrə borclu İddiaçı borcun ödənilməsi barədə icra məmurunun qanuni tələbini icra etmədiyinə görə Sabunçu Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəb edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən əqdin icrasına 06 iyul 2021-ci il tarixdə başlanılmışdır. Bu səbəbdən də iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə 06 iyul 2022-ci il tarixdə keçmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə mürаciət еdərək, məhkəmə iclasının onun və iddiaçının iştirаkı оlmаdаn keçirilməsini хаhiş еtmişdir. Məhkəmə, Azərbaycan Rеspublikası Mülki-Prosеssual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 25 fevral 2021-ci il tarixli, 3M-55 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 21000 manat məbləğində pul borc vermiş, borc alan krediti 05 mart 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 3(008)-2969/2022 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Faiq Bədəlovun 01 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və bununla bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur; Sabunçu Rayon İcra Şöbəsinin 03 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 17 saylı Notariat Kontorunun 06 iyul 2021-ci il tarixli, 8İ-3626 nömrəli icra sənədi üzrə borclu İddiaçı 21020 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. İcra sənədi üzrə bugünə qədər borclu Sabunçu Rayon İcra Şöbəsində 10000 manat məbləğində pul vəsaitini tələbkarın xeyrinə ödəmişdir. Borclunun hal-hazırda həmin icra qeydi üzrə qalıq borcu 11020 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş 25 fevral 2021-ci il tarixli, 3M-55 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 21000 manat məbləğində pul borc verilmiş, cavabdeh krediti 05 mart 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları Bakı şəhəri 17 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin birbirinə uyğunluğu. Lakin, mübahisələndirilən kredit müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmışdır. Mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Mübahisələndirilən kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, həmin kredit müqaviləsi əsasında Bakı şəhəri 17 saylı Notariat Kontoru tərəfindən 06 iyul 2021-ci il tarixli, 8İ-3626 nömrəli icra qeydi verilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 3(008)-2969/2022 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin, Sabunçu Rayon İcra Şöbəsinin məktubundan görünür ki, iddiaçı 03 aprel 2024-cü il tarixədək həmin icra sənədi üzrə cavabdehə 10000 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində iddiaçı kredit müqaviləsinin əslində onunla X5 arasında 16000 manat borc pul üzrə şifahi borc müqaviləsinin pərdələnməsi və etibarlı müqavilənin bağlanması görüntüsü yaratmaq niyyəti ilə yalançı əqd bağladığını bildirmişdir. Belə olan halda iddiaçı X3 borclu qalması müqabilində özünün də etiraf etdiyi kimi borclu olmasına dair notariat ofisində müqavilə bağlamağı etiraf etmişdir. Onun imzaladığı müqavilə X3 borcu ilə bağlı olmuşdur. Başqa sözlə iddiaçı bu müqavilə ilə faktiki olaraq X3 olan borcunu etiraf etmişdir. Tərəflər arasında bağlanmış müqavilə məzmununa əsasən onların əsas niyyətləri üzrə iradə ifadəsi olmasa da bu həmin müqavilənin yalan əqd kimi deyil, iddiaçının X3 borcunun qaytarılması məqsədi ilə bağlanmış mövcud borcun etirafı haqqında mücərrəd müqavilə kimi qiymətləndirilməlidir. Bu halda tərəflər arasında mücərrəd borcun etirafı ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Qeyd olunmalıdır ki, əqdin qurucu əsasını iradə ifadəsi təşkil edir. İradə ifadəsi arzu olunan nəticəyə uyğun olmalıdır. Əqdin etibarsız sayılması üçün əsaslardan biri bəyan edilmiş iradə ifadəsinin zədələnmiş olmasıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi onu deməyə əsas verir ki, cavabdehlə bağlanmış müqavilə iddiaçının X3 borcunun qaytarılması üzrə danışıqlarının nəticəsi kimi ortaya çıxmışdır. Bu niyyət kifayət qədər aydın iradə ifadəsidir və olan borcun etirafını ehtiva edir. Həmçinin, qeyd olunmalıdır ki, hazırkı iş üzrə 2 xüsusiyyətə diqqət cəlb edilə bilər. Birincisi, işin hallarına əsasən ümumiyyətlə yalan əqddən danışmaq mümkün deyil. Çünki, tərəflərin hüquqi müstəvidə gizlətmək istədikləri bir vəziyyət yoxdur. Yəni, hüququn bir qaydasını ört basdır edib, bir hüquq qaydasının bir növünü deaktiv edib onun qadağasını başqa bir vasitə ilə pozmaq üçün əqd bağlanmamışdır. Yəni, ört basdır edilməkdə məqsəd odur ki, tərəflər bir hüquq qaydasının tətbiqi imkanını aradan qaldırmaq istəyirlər və əsl niyyətləri də budur, amma, görüntüdə sanki başqa iş görürlər. Yəni, görüntüdəki əqd əsl əqdi gizləmək məqsədi ilə ediləcəkdir və əsl əqdi gizlətmək məqsədi də həmin əqdin gizlədilməsinə əsas verən normanın məqsədini pozmaq niyyəti ilə edilir. Cavabdeh faktiki olaraq əqd bağlamaqla borcunu etiraf edir. Dolayısı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinin çərçivəsində tərəflərin həqiqi iradə ifadəsi onsuzda həmin məbləğdəki borcu yerinə yetirmək öhdəliyinin təsdiqini təmin etməkdir. Yəni, dolayısı ilə kredit müqaviləsi tərəflər arasındakı borc münasibətini ört basdır etmək məqsədilə edilmədiyinə görə burda ümumiyyətlə yalan əqddən bəhs etmək doğru deyildir. İkincisi, işin mübahisəsiz halıdır ki, iddiaçı pulu almış, lakin, sövdələşməyə uyğun hərəkət etməmiş, dolayısı ilə pulu alarkən digər tərəfin güvəndiyi və ya güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etmiş və bu gün də bu zidd hərəkətinə istinad edərək başqasının əmlakının onda qalmasına çalışmaq istəyir. Yəni, hüquqdan 2 səbəbdən sui-istifadə halı var. Birincisi, digər tərəfin güvəndiyi və ya güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkət etmək surətilə, ikincisi, hüquqən müdafiə edilməli olmayan mənafeyin həyata keçirilməsi surətilə iddiaçı hüquqdan sui-istifadə etmək istəyir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirilən əqdlər istisna olmaqla ümumiyyətlə əqdlərin məhkəmədə etibarsızlığının irəli sürülməsi hər hansı bir müddətlə məhdudlaşmır. Mübahisələndirilən əqdlər isə yalnız iradənin zədələnməsi səbəbilə etibarsızlığa səbəb olan hallardır. İradənin zədələnməsi hallarına aldatma, hədə-qorxu, yanılma və ağır şərtli əqdlərlə olur. Dolayısı ilə yalan əqd səbəbilə etibarsızlıq əhəmiyyətsizlik səbəbilə etibarsızlıqdır vu bu hər hansı bir müddətlə də məhdudlaşmır. Ümumiyyətlə, əhəmiyyətsizlik səbəbilə etibarsızlıqla bağlı fakt, bu etibarsızlıq irəli sürülməsi hər hansı bir müddətlə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilən 1 illik müddət isə əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət iddia müddəti olmaqla əvəz edilən əşyaların verilməsi halında əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar