Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-267/2024 09.10.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10500 (on min beş yüz) manat əsas pulun, 2 (iki) il 10 (on) ay üçün 1487 (min dörd yüz səksən yeddi) manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla faiz pulunun, ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pulun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin sentyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Cavabdeh 18500 manata 3 sot torpaq sahəsi almışdır. Cavabdeh makler olmaqla torpaqların alğı-satqısı ilə məşğul olurdu. Onların arasında olan razılaşmaya əsasən torpağa aid sənədlər ona verilmədiyi təqdirdə verdiyi pul ona qaytarılmalı idi. O, nə qədər gözləsə də ona torpağın sənədi verilməmişdir. O, məcbur qalıb həmin torpağın sahibini tapmışdır. Torpağın sahibi ona cəmi 8000 manat verildiyini, qalan 10500 manatın isə Vidadidə olduğunu (X3 kimi tanınır) və Vidadidən tələb etməyini bildirmişdir. O, Vidadiyə pulu qaytarmasını bildirdikdə Vidadi yaxın zamanda pulu qaytaracağını bildirsə də pulu ona qaytarmamışdır. Daha sonra isə Vidadi telefonlarına belə cavab verməmişdir. O, həmin pulun bir hissəsini də tanışlarından borca götürmüşdür. Hazırda pulu qaytarılmadığından maddi və mənəvi cəhətdən pis vəziyyətdədir. Sonda cavabdehin onu aldatdığını görmüş və məcbur olub polisə şikayət ərizəsi yazmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenatı X2 tərəfindən icraatında olan “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” 2026 nömrə ilə qeydiyyata alınmış təhqiqat materialı əsasında “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda da göstərilmişdir ki, araşdırma zamanı 1983-cü il təvəllüdlü İddiaçı izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində X1 18500 manata 3 sot torpaq sahəsi almışdır. Həmin şəxsin makler fəaliyyəti ilə məşğul olduğunu, torpaq sahəsinə aid sənəd verilməsə pulunun qaytarılacağı barədə öncədən razılaşdıqlarını, cari ilin mart ayında həmin torpaq sahəsinə aid sənəd verilmədiyi üçün torpaq sahəsini öz sahibinə geri qaytardığını və həmin şəxsin ona torpaq sahəsinin dəyəri olan 8000 manatı geri qaytardığını, qalan 10500 manatı isə Allahverdinin geri qaytarmalı olduğunu, ya da adına hər hansı bir torpaq sahəsi keçirməli olduğunu, onun da yaxın zamanda pulu qaytaracağını deməsini, lakin, həmin şəxsin indiyədək vədinə əməl etmədiyini, ümumiyyətlə onun zənglərinə də cavab vermədiyini, bu yaxınlarda isə onun qohumu Cabirin ona zəng edərək məsələni həll edəcəklərini desə də, indiyədək məsələnin öz həllini tapmadığını, buna görə şikayət etmək qərarına gəldiyini, hadisə nəticəsində ümumilikdə 10500 manat maddi ziyan çəkdiyini bildirmişdir. Araşdırma zamanı 1966-cı il təvəllüdlü, Şuşa rayonu, Malıbəyli kəndində anadan olmuş və qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz ünvanda yaşayan Cavabdeh izahatında torpaq alğı-satqısı ilə məşğul olduğunu, təxminən 3 il öncə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Ceyhun adlı şəxsə məxsus 3 sot torpaq sahəsini 18500 manata Əbülfəz adlı şəxsə satdığını, lakin, təxminən 1 ildir ki, həmin ərazidə olan torpaq sahələrini Kənd Təsərrüfatı Nazirliyi hasarlayaraq öz balansına götürdüyünü, buna görə də bəzi şəxslərin artıq pullarının geri qaytarıldığını, təxminən 1 ay öncə isə Əbülfəzin də öz pulunun qaytarılmasını və ya başqa torpaq sahəsinin ona verilməsini istədiyini, Ceyhunun ona 8000 manat pul qaytardığını, Roman adlı maklerin 4000 manat, özünün isə 6500 manat qaytarmalı olduğunu, Əbülfəzə başqa yerdə 3 sot torpaq sahəsi təklif etdikdə onun razılaşdığını, lakin, ondan az müddət gözləməsini istədiyini, əgər həmin torpaq sahəsinə sənəd düzəldə bilməsə onun pulunu qaytaracağını deməsini, Əbülfəzin isə gözləməyərək onun barəsində şikayət etdiyini bildirmişdir. Hesab edir ki, cavabdeh borcu qaytarmağı gecikdirməklə ona 2 il 10 ay üçün 10500 manat qalmış borcun 5 faizini, yəni 1487 manat ödəməlidir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən icraatında olan “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” 2026 nömrə ilə qeydiyyata alınmış təhqiqat materialı əsasında qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala iddiaçının nümayəndəsi və vəkili Vəkil cavab olaraq bildirdi ki, 2024-cü ilin mart ayında iddiaçının tələbi ilə 8000 manat pul iddiaçıya qaytarılmış və həmin vaxt iddiaçı pulun qalan hissəsini, yəni 10500 manatı cavabdehdən tələb etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddianı qismən qəbul edir. O, torpaq alğı-satqısı ilə məşğul olur. Təxminən 3 il əvvəl Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Ceyhun adlı şəxsə məxsus 3 sot torpaq sahəsini 18500 manata iddiaçıya satmışdır. Lakin, təxminən 1 il əvvəl həmin ərazidə olan torpaq sahələrini Kənd Təsərrüfatı Nazirliyi hasarlayaraq öz balansına götürmüşdür. Buna görə də bəzi şəxslərin artıq pulları geri qaytarılmışdır. Əbülfəz də pulunun qaytarılmasını və ya başqa torpaq sahəsinin ona verilməsini istəmişdir. Bu məqsədlə Ceyhun iddiaçıya 8000 manat pul qaytarmışdır. Hazırda iddiaçıya çatmalı olan məbləğ 10500 manatdır və həmin pulun 4000 manatını Roman adlı makler, 6500 manatını isə o, iddiaçıya qaytarmalıdır. Əbülfəzə başqa yerdə 3 sot torpaq sahəsi təklif etdikdə o, razılaşmışdır. O, həmin torpaq sahəsinə sənəd düzəlməyi üçün Əbülfəzdən vaxt istəmiş, lakin, Əbülfəz gözləməyərək onun barəsində şikayət etmişdir. Onun iddiaçıya 6500 manat borcu vardır. Verilmiş suallara Cavabdeh cavab olaraq bildirdi ki, 18500 manatı iddiaçı hissə-hissə olmaqla 2-3 dəfəyə şəxsən ona vermişdir. Həmin pulun 8000 manatı Ceyhuna, 4000 manatı Romana, 6500 manatı isə ona çatmışdır. Romana 4000 manatın veriləcəyindən İddiaçı məlumatlı olmuşdur. Romana çatacaq 4000 manatı o, iddiaçıdan pulu aldıqdan sonra özü vermişdir. 8000 manat pul iddiaçıya 2024-cü ilin mart ayında qaytarılmış və bundan sonra iddiaçı ondan qalan məbləği, yəni 10500 manatı tələb etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində X1 18500 manata 3 sot torpaq sahəsi almışdır. Həmin şəxsin makler fəaliyyəti ilə məşğul olduğunu, torpaq sahəsinə aid sənəd verilməsə pulunun qaytarılacağı barədə öncədən razılaşdıqlarını, cari ilin mart ayında həmin torpaq sahəsinə aid sənəd verilmədiyi üçün torpaq sahəsini öz sahibinə geri qaytardığını və həmin şəxsin ona torpaq sahəsinin dəyəri olan 8000 manatı geri qaytardığını, qalan 10500 manatı isə Allahverdinin geri qaytarmalı olduğunu, ya da adına hər hansı bir torpaq sahəsi keçməli olduğunu, onun da yaxın zamanda pulu qaytaracağını deməsini, lakin, həmin şəxsin indiyədək vədinə əməl etmədiyini, ümumiyyətlə onun zənglərinə də cavab vermədiyini, bu yaxınlarda isə onun qohumu Cabirin ona zəng edərək məsələni həll edəcəklərini desə də indiyədək məsələnin öz həllini tapmadığını, buna görə şikayət etmək qərarına gəldiyini, hadisə nəticəsində ümumilikdə 10500 manat maddi ziyan çəkdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh torpaq alğı-satqısı ilə məşğul olduğunu, təxminən 3 il öncə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində Ceyhun adlı şəxsə məxsus 3 sot torpaq sahəsini 18500 manata Əbülfəz adlı şəxsə satdığını, lakin, təxminən 1 ildir ki. həmin ərazidə olan torpaq sahələrini Kənd Təsərrüfatı Nazirliyinin hasarlayaraq öz balansına götürdüyünü, buna görə də bəzi şəxslərin artıq pullarının geri qaytarıldığını, təxminən 1 ay öncə isə Əbülfəz də öz pulunun qaytarılmasını və ya başqa torpaq sahəsinin ona verilməsini istədiyini, Ceyhunun ona 8000 manat pul qaytardığını, Roman adlı maklerin 4000 manat, özünün isə 6500 manat pul qaytarmalı olduğunu, Əbülfəzə başqa yerdə 3 sot torpaq sahəsi təklif etdikdə onun razılaşdığını, lakin, ondan az müddət gözləməsini istədiyini, əgər həmin torpaq sahəsinə sənəd düzəldə bilməsə onun pulunu qaytaracağını deməsini, Əbülfəzin isə gözləməyərək onun barəsində şikayət etdiyini bildirmişdir; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 126 manat dövlət rüsumu ödəmişdir; xx.xx.2024-cü il tarixli, 12509 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hesabına 300 manat vəsait ödənilmişdir. Məhkəmə iddiaçının tələb üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. 10500 manat əsas pulun qaytarılması;
2. 10500 manat pulun qaytarılmasını gecikdirdiyi üçün cavabdehdən illik beş faiz məbləğin tutulması;
3. məhkəmə xərclərinin (dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər) cavabdehdən tutulması. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə (iddiaçının 10500 manat əsas pulun qaytarılmasına dair tələbi üzrə) aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçının 10500 manat əsas pulun qaytarılmasına dair tələbi üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Belə ki, tərəflər arasında əsassız varlanma nəticəsində öhdəlik əmələ gəlmişdir. Yəni, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir ki, əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin tələbində 10500 manat pulun qaytarılmasını cavabdehdən tələb edir. Cavabdeh iddiaçıdan 18500 manat pul almış və 2024-cü ilin mart ayında iddiaçının tələbi ilə həmin puldan 8000 manatı iddiaçıya qaytarmışdır. Hazırda cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 10500 manat pulu iddiaçıya qaytarmaq öhdəliyi vardır. Məhkəmə, cavabdehin iddianı qismən qəbul etməsinə, yəni iddiaçıya 10500 manat deyil, 6500 manat qaytarmalı olmasına dair qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə 18500 manat vəsait tam olaraq iddiaçı tərəfindən birbaşa cavabdehin özünə verilmişdir. Bu hal həmçinin məhkəmə iclasında cavabdehin izahatı ilə təsdiq olunur. Həmçinin, həmin puldan 4000 manatın cavabdehin qeyd etdiyi kimi onun tərəfindən deyil, başqa şəxs tərəfindən qaytarılmalı olmasına dair tərəflər arasında hər hansı razılaşma olmamışdır. Məhkəmə, iddiaçının digər tələbi, yəni 10500 manat pulun qaytarılmasını gecikdirdiyi üçün cavabdehdən illik beş faiz məbləğin tutulması ilə bağlı qeyd edir ki, bu halda yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada (MPM-in 217.2-ci maddəsinə əsasən 2021-ci ildə qüvvədə olan redaksiya) 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdi; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 18500 manat pul vermiş, daha sonra 2024-cü ilin mart ayında həmin pulu geri tələb etmiş və vəsaitin 8000 manat hissəsi həmin vaxt iddiaçıya qaytarılmışdır. Həmin vaxtdan, yəni 2024-cü ilin mart ayından etibarən iddiaçı cavabdehdən qalan məbləği (10500 manatı) tələb etmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış öhdəliyin icra müddəti tələbetmə anı ilə müəyyən olunur ki, bu müddət də 2024-cü ilin mart ayından hesablanır. Yəni, həmin vaxtdan cavabdeh pulun qaytarılması öhdəliyinin icrasını gecikdirmiş və iddiaçı həmin tələblə bağlı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək müddət ərzində cavabdeh iddiaçıya faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurulmuşdur. Qeyd edilənlər öz növbəsində iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün ən azı illik 5 dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu yaratmış olur ki, bu məbləği də cavabdeh ödəməyə borcludur. Məhkəmə iddiaçının bu barədə tələbini nəzərə alıb, habelə daha böyük məbləğin tutulması ilə bağlı dəlilləri ilə razılaşmayıb belə qənaətə gəlir ki, 10500 manat pulun ödənilməsinin gecikdirildiyi 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək, yəni 4 ay müddət üçün vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə cavabdehdən illik beş faiz dərəcəsi ilə pul tutulmalıdır. Məhkəmə əsas borc məbləğinin 10500 manat, illik faiz dərəcəsinin 5 faiz, əsas borc məbləğinin qaytarılmasının gecikdirilmiş müddətinin isə 4 ay olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla ümumilikdə 175 manat məbləğində pul vəsaiti tutulmalıdır (10500 manat x illik 5 faiz / 12 ay = 43,75 manat (1 ay üçün); 4 ay üçün 175 manat). İddiaçının məhkəmə xərclərinin (dövlət rüsumu və işə baxılması ilə əlaqədar olan məsrəflər) cavabdehdən tutulması tələbinə dair məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10500 (on min beş yüz) manat əsas borc, əsas borca 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək (4 aylıq müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 175 (yüz yetmiş beş) manat faiz borcu, 300 (üç yüz) manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş vəsait, cəmi 10975 (on min doqquz yüz yetmiş beş) manat vəsait, həmçinin 122,92 (yüz iyirmi iki manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 10500 (on min beş yüz) manat əsas borc, əsas borca 2024-cü ilin mart ayından xx.xx.2024-cü il tarixədək (4 aylıq müddət üçün) illik beş faiz dərəcəsi ilə hesablanmış 175 (yüz yetmiş beş) manat faiz borcu, 300 (üç yüz) manat hüquqi yardım göstərilməsi üçün ödənilmiş vəsait, cəmi 10975 (on min doqquz yüz yetmiş beş) manat vəsait, həmçinin 122,92 (yüz iyirmi iki manat doxsan iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.