Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-110/2024 08.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 37000 manat məbləğində pulun və 201 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehə 2021-ci ilin aprel ayından 48000 manat dəyərində bitki dərmanları satmışdır. Cavabdeh 1 il ərzində ona 11000 manat pul qaytarmış, 37000 manat borclu qalmışdır. Cavabdehlə dəfələrlə danışmağına baxmayaraq o, pulu qaytarmaqdan imtina etmişdir. Onun bu hərəkətlərinə görə Salyan RPŞ-nə şikayət etmiş, müvafiq araşdırma aparılmış və araşdırma zamanı cavabdeh 43000 manat dəyərində dərman bitkiləri aldığını etiraf etmişdir. İddiaçı onun tərəfindən ödənilən 201 manat məhkəmə rüsumunu cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan 48000 manat dəyərində bitki dərmanları almış, 11000 manat pulu qaytarmışdır. Cavabdehin ona 37000 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə İddiaçı izahatının məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, 2021-2022-ci illər ərzində iddiaçıdan 48000 manatlıq bitki dərman almışdır. Bundan sonra o, iddiaçıya 11000 manat pulu nağd şəkildə vermiş, 4680 manat pulu iddiaçının kart hesabına göndərmiş, 8320 manat dəyərində olan bitki dərmanlarını isə onların keyfiyyətsiz olması səbəbindən iddiaçının özünə qaytarmışdır. Bundan başqa onun atası tərəfindən iddiaçıya nağd şəkildə 10000 manat pul verilmişdir. Hazırda onun iddiaçıya 13000 manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdehin vəkili X2 izahatında bildirdi ki, Səfərin satdığı dərmanlar keyfiyyətsiz olmuş və Udulu kənd sakinləri Hacıqabul RPŞ-nə bununla bağlı şikayət etmişlər. Hesab edirlər ki, iddia əsassızdır. O iddianın qismən 13000 manat olan hissəsini qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Salyan RPŞ-nin İB-nə yazdığı yazılı izahatında o, iddiaçıdan 43000 manatlıq bitki dərmanları aldığını, sonradan aldığı dərmanların pulunu ödədiyini, iddiaçıya 13000 manat borcu qaldığını bildirmişdirş. Məhkəmə iclası zamanı Cavabdeh “eManat” ödəniş sistemi tərəfindən çap olunmuş bir neçə qəbz təqdim etmişdir. Həmin qəbzlər məhkəmə iclasında tədqiq edilmiş və həmin qəbzlərdə iddiaçının kart hesabına göndərilən pul məbləğləri öz əksini tapmışdır. Cavabdeh həmin qəbzlərdə göstərilən məbləğlərin 11000 manatdan əlavə, məhz 4680 manat pulun iddiaçının kart hesabına göndərilməsini təsdiq etdiyini bildirmiş, iddiaçı isə qəbzlərdə qeyd edilən məbləğlərin cavabdeh tərəfindən ona ödənilən 11000 manat məbləğin tərkib hissəsi olduğunu bildirmişdir. Cavabdeh qəbzlərdə göstərilən məbləğlərin artıq onun tərəfindən ödənilmiş 11000 manatdan əlavə ödənişin olmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, cavabdeh 10000 manat pulun atası tərəfindən ödənilməsini, habelə onun tərəfindən 8320 manat dəyərində bitki dərmanlarının iddiaçıya geri qaytarmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın alıcının mülkiyyətinə verildiyini iddiaçı, əşyanın əvəzində pulun ödənilməsini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 48000 manat məbləğində bitki dərmanlarını cavabdehə satdığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıdan 48000 manatlıq bitki dərmanlarını aldığını etiraf etdiyi üçün məhkəmə bitki dərmanlarının cavabdehin mülkiyyətinə verilməsi hissəsində iddianı sübut edilmiş hesab etmişdir. Bundan sonra alınan bitki dərmanlarının dəyərinin ödənilməsi ilə əlaqədar sübutetmə yükü cavabdehə keçmişdir. Hər iki tərəf 11000 manat məbləğin ödənilməsini etiraf etmiş, buna görə də, məhkəmə cavabdeh tərəfindən iddiaçıya 11000 manat pulun ödənilməsini işin mübahisəsiz halı olduğunu müəyyən etmişdir. Cavabdeh aldığı bitki dərmanlarının dəyərinin əvəzi kimi 11000 manatdan başqa hər hansı bir digər ödənişin etməsini sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı nisyə bitki dərmanları almış və öhdəliyi lazımınca yerinə yetirməyərək dərmanların dəyərinin 11000 manat hissəsini ödəmiş, 37000 manat məbləğində bitki dərmanlarının əvəzini ödəməmişdir. Odur ki, iddia təmin edilməli, 37000 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 201 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 37000 manat (otuz yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 201 (iki yüz bir) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-110/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-110/2024
08.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver