Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-429/2024 11.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 955 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədov X1 şəhəri, Xəqani küçəsi, ev 31 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində özünə məxsus olmaqla, istifadəsində olan “Mercedes-Benz E290D” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evdən çıxaraq Hacıqabul şəhəri, M.Əsədov küçəsində yerləşən mağazadan çörək almış və evə gedərkən M.Əsədov küçəsində yolun sağ hərəkət zolağı ilə saatda 40 km/saat sürətlə hərəkətdə olarkən yolun sağ istiqamətindən yolun hərəkət hissəsinə sahibsiz olaraq üç baş iribuynuzlu heyvan keçdiyindən avtomobili yolun hərəkət hissəsində saxlamışdır. Həmin heyvanlardan iki baş heyvan yolu keçərək avtomobilin sol tərəfində yolun hərəkət hissəsində dayanmış, bir baş iri buynuzlu heyvan isə yolu keçmədiyi üçün iddiaçı avtomobilini hərəkətə gətirməyərək heyvanın keçməsini gözləmişdir. Həmin vaxt yolun hərəkət hissəsində avtomobilinin sol yan tərəfində dayanan iki baş iri buynuzlu heyvanlardan biri başı qara rəngli heyvan geri qayıdaraq avtomobilin bütün sol ehtiyat hissərinə başı ilə vurmağa başlamış, avtomobilin sol qabaq hissəsi, mühərrik qapağı və sol qapını əzmiş, alın şüşəni və sol arxa qapının şüşəsini başı ilə vuraraq sındırmışdır. Avtomobilində tək olduğundan dərhal avtomobildən düşərək, heyvanların sahibinin yaxınlıqda olması və gəlib yaxınlaşması düşüncəsi ilə həmin hevanları yerindəcə saxlamışır. Hadisə yerinə gələn polis əməkdaşları və tanışları X3 və X4 ilə heyvanlar yerlərində sərbəst dayanmadığından onları sərbəst buraxaraq piyada həmin heyvanların arxası ilə getmiş, polis əməkdaşları da öz xidməti avtomobilləri ilə onları müşaiyət etmişdirlər. Hər üç iri buynuzlu heyvan yəni iddiaçının avtomobilinə maddi ziyan vuran heyvan da olmaqla, heyvanlar ünvan 2 ünvanına gəlmiş, giriş qapısında özünü heyvan sahibi kimi təqdim edən tanışı Cavabdeh onu qarşılamış və üç baş iri buynuzlu heyvanın ona məxsus olduğunu bildirmişdir. Heyvanların sahibi şəxsi işləri olduğundan heyvanları gecə vaxtı küçədən evinə vaxtında gətirə bilmədiyini və onun avtomobilinə maddi ziyan vuran qara rəngli iri buynuzlu heyvanın da, onun olduğunu bildirmişdir. Polis əməkdaşlarının iştirakı ilə həmin heyvana baxış keçirilmiş və fotoşəkilləri çəkilmişdir. Heyvanın alnı və sol qulağında sıyrıqlar olduğu müəyyən edilmişdir. Heyvan sahibi günahkar olduğunu və heyvanı gecə vaxtı küçədə sahibsiz olaraq saxlandığını və ona dəymiş maddi ziyanı təyin edildikdən sonra ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh ona dəymiş 955 manat məbləğində ziyanı ödəməkdən açıq-aşkar boyun qaçıraraq onu müxtəlif bəhanələrlə aldatmışdır. O da məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, qarşıdan avtomobil gəlmiş və həmin avtomobil siqnal verdikdən sonra heyvan hürkərək başını onun avtomobilinin süşəsinə vurmuşdur. Avtomobilinə dəymiş ziyan 955 manatdır. Avtomobilə dəymiş ziyanı öz hesabına təmir etdirib. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddaçı ondan 955 manat pul istəmişdir. Hadisənin baş verdiyi yolda sürət həddi 50 km/saatdır. Orada 3 ədəd piyada keçidi yerləşir. Heyvanlar isə ona məxsusdur. Hadisə baş verən zaman orada olmamışdır. Evdə xəstəsi olduğu üçün heyvanları qarşılamaya gedə bilməmişdir. Heyvanları nəzarətsiz buraxmışdır. İddiaçının tələb etdiyi məbləği ödəməyə maddi imkanı yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, heyvanlar cavabdehə məxsusdur və onları başsız buraxdığını etiraf edir. İş üzrə ekspertiza təyin olunsa da, avtomobilin buraxılış ili köhnə olduğu üçün avtomobilə dəymiş ziyanı qiymətləndirmək mümkün olmamışdır. İddiaçı çəkdiyi xərclərə dair ödəniz qəbzini məhkəməyə təqdim etməmişdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 19radələrində Hacıqabul şəhəri, M.Əsədov küçəsində iki tərəfli yolda baş vermişdir. Həmin yolda maksimal sürət 50 km/saatdır. Yolda nəqliyyatın hərəkətləri aram-aramdır. Yolun hərəkət hissəsinin eni 4 metr, yolun sağında və yol asfalt beton olmaqla, üfüqidir. Yol nəqliyyat hadisəsinin iştirakçısı olan “Mersedes Benz E290D” markalı ** SU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı Hacıqabul şəhər M.Əsədov küçəsində yolun sağ tərəfi 40-50 km/saatda hərəkətdə olarkən, yola qəflətən çıxan sahibsiz üç baş iri buynuzlu heyvanlardan bir baş iri buynuzlu heyvan avtomobili bağı ilə vuraraq maddi ziyan vurmuşdur. İddiaçı və Cavabdeh iştirakı ilə hadisə yerində baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və fotofəkillər çəkilərək fotocədvəl hazırlanmış, hadisə yerinin sxemi tərtib edilərək toplanmış materiala əlavə edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(071)-429/2024 saylı qərardadı ilə, 05 noyabr 2023-cü il tarixində baş vermiş qəza nəticəsində İddiaçı məxsus Mercedes Benz E290D markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcmi, ehtiyat hissələrin və görülmüş işlərin dəyərinin öyrənilməsi məqsədi ilə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-429/2024 saylı, xx.xx.2024-cü il tarixli mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə ekspertin rəyi məhkəməyə təqdim edilənə kimi mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/7256/2024 saylı məktubu xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuş və müəyyən edilmişdir ki, e-2(071)-429/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Ekspertizanın aparılmasından imtina edilməsinin səbəbləri ki qeyd olunmuşdur ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün “Şirvan AMS və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında qeyd edilen "Mercedes Benz E290D” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyyat hissələrinin və təmir bərpa işlərinin 2023-cü il tarixə Respublikada yerləşən internet saytlarında satış elanları olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Hacıqabul Rayon Polis Şöbəsinin TB-nin HK-1/1200 saylı materialından və ona əlavə olunmuş sənədlərdən (tərəflərin izahatları, baxış protokolu, fotocədvəl, rəy vs.) müəyyən edilir ki, cavabdeh Rzayev X2 RPŞ-yə verdiyi izahatında bildirmişdir ki, evdə xəstəsi olduğu üçün heyvanları qarşılamaya gedə bilməmiş, heyvanları başsız buraxmış, nəticədə iddiaçının istifadəsində olan “Mercedes-Benz E290D” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ehtiyyat hissəsi, arxa qapının şüşəsi, alın şüşə, matorxananın qapağı və arxa qapı əzildiyini bildirmişdir. Bundan başqa, Hacıqabul RPŞ-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli “baxış keçirmə və götürmə barədə” protokol və ona əlavə edilmiş fotoşəkillər məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, hadisə yerində İddiaçı məxsus avtomobildə alın şüşə, mühərrik qapağı, sol ehtiyyat hissə və sol axra qapının şüşəsi sınmış vəziyyətdədir. Yolun hərəkət hissəsində olan 3 baş iribuynuzlu heyvanlardan bir başı, qara rəngli, dişi cinsli, diri çəkisi 250-300 kq olan heyvanın baş və qulaq nahiyələrində sıyrıqlar vardır. İddiaçı bildirdiyi kimi, həmin sahibsiz heyvan tərəfindən ona maddi ziyan dəymişdir. Sahibsiz heyvan sərbəst buraxılaraq müşayiət olunmuş və hər üç heyvanın ünvan 3 ünvanına gəlmişdir. Özünü heyvan sahibi olaraq təqdim edən Cavabdeh iştirakı ilə heyvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, avtomobilə maddi ziyan vuran heyvan qara rəngli heyvandır. Həmin baxış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli rəy aktından müəyyən edilir ki, qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan – 1 ədəd qabaq kapot – 140 manat; 1 ədəd qabaq oblisoka – 85 manat; 1 ədəd şüşə silənin yerinin sağ örtüyü – 30 manat; arxa sol qapının şüşəsi – 35 manat; 1 ədəd qabaq alın şüşə - 140 manat; 1 ədəd qabaq buferin sol üst koekti – 45 manat; boya və material – 60 manat, cəmi 535 manat olaraq müəyyən edilmişdir. Təmir və bərpa üzrə dəyən ziyan isə armatur işi 60 manat; elektrik işi 10 manat; dəmirçi işi 150 manat; rəngsaz işi 200 manat, cəmi 420 manat olaraq qeyd edilmişdir. Ümumilikdə İddiaçı özünə məxsus olmaqla, istifadəsində olan “Mercedes-Benz E290D” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 955 manat (535 manat +420 manat) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iclası zamanı işin digər materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh özünə məxsus olan iribuynuzlu heyvanları sahibsiz buraxması nəticəsində İddiaçı özünə məxsus olmaqla, istifadəsində olan “Mercedes-Benz E290D” markalı **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobilə 955 manat məbləğində maddi ziyan dəymiş, cavabdeh tərəf isə dəymiş maddi ziyanın ödənilməsindən yayınmışdır. Odur ki, iddia təmin edilməli, 955 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 955 (doqquz yüz əlli beş) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-429/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-429/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver