Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-403/2025 08.05.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X3 Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” (əmək stajının müəyyən edilməsi) tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, X3 əmək stajının müəyyən edilməsi üçün ilk əvvəl aidiyyatı orqanlara rəsmi formada müraciət etməli olduğu halda, həmin orqanlara müraciət etmədən və həmin orqanların müvafiq cavabını əldə etmədən məhkəməyə ərizə ilə müraciət etmişdir. Yəni X3 Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə və (və ya) Cəbrayıl Rayon Dövlət Arxiv İdarəsinə müraciət etməmiş və həmin orqanın müvafiq cavabını əldə etmədən, eləcə də müsbət cavab olacağı təqdirdə əmək pensiyasının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi ilə bağlı zəruri sənədləri təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X9 X6 Filialına müraciət etməmiş və həmin orqanın müvafiq cavabını əldə etmədən məhkəməyə ərizə ilə müraciət etmişdir. Beləliklə, qeyd edilən məsələ ilə bağlı müvafiq tənzimlənməninin həyata keçirilməsini ərizə və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən X3 ərizəsində lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarın 1.1-ci bəndinə qeyd edilmişdir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Həmin Qərarın 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 1.5-ci bəndində qeyd edilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 13-cü bəndinə qeyd edilmişdir ki, ... Azərbaycan Respublikası MPMin 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin Qərarın 13.1-ci bəndində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndində qeyd edilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 1 Həmin Qərarın 13.3-cü bəndində qeyd edilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” (əmək stajının müəyyən edilməsi faktı) tələbinə dair ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, o cümlədən ərizəçiyə qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 310, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. X2 qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Cəbrayıl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-403/2025
Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-403/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver