Məhkəmə qərarları › İş №e-2(072)-50/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-50/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-50/2025 13.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır və avtokran işlətməklə, ailəsini dolandırır. Cavabdeh avtokran və avtokran avadanlıqlarının satışı ilə məşğul olan şəxs kimi tanıyır. 23 dekabr 2023-cü il tarixdə, saat 10:00 radələrində Cavabdeh onun mobil telefonuna zəng edərək, kran və onun sistemlərini satdığını və ona lazım olubolmadığımı soruşmuşdur. O da Azərə inandığı üçün həmin əşyanın şəkillərini çəkib, “Whatsapp” proqramı vasitəsilə ona göndərməsini xahiş etmişdir. Cavabdeh avtokranın və onun hissələrinin şəkilləri çəkib, “Whatsapp” proqramı vasitəsilə ona göndərmiş, eləcə də xırda qüsurlar istisna olmaqla, tam və keyfiyyətli əşya olduğunu bildirmişdir. O da avtokranı və onun hissələrini təqdim edilmiş şəkillər üzərindən bəyənib, Azərə əşyanı almaq barədə razılığını bildirmişdir. Belə ki, əvvəl Cavabdeh ondan 800 (səkkiz yüz) AZN məbləğində beh istəmişdir. O, Cavabdeh təqdim etdiyi ona məxsus "xxxx" ASC-yə aid plastik kart hesabına 23 dekabr 2023-cü il tarixdə “e-Manat” ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) AZN məbləğində, 24 dekabr 2023-cü il tarixdə “m-Pay” ödəmə terminalı vasitəsilə ayrı-ayrılıqda 2000 (iki min) AZN məbləğində və 4000 (dörd min) AZN məbləğində, ümumilikdə 6800 (altı min səkkiz yüz) AZN məbləğində pul köçürməklə, əşyanın dəyərinin ödənişini həyata keçirmişdir. 24 dekabr 2023-cü il axşam vaxtı evakuator vasitəsilə avtokran və onun hissələri yaşadığı ünvana çatdırılmışdır. Lakin Cavabdeh ona satdığı avtokran və onun hissələri yararsız vəziyyətdə, eləcə də bəzi hissələri natamam formada (komplektsiz əşya) olduğu üçün onları bəyənməmişdir. Belə ki, Cavabdeh ona əşyanın keyfiyyətini əhəmiyyətli dərəcədə pozan keyfiyyətsiz və natamam formada (komplektsiz əşya) qüsurlu əşya satmışdır. O, həmin an avtokranı və onun hissələrini olduğu vəziyyətdə mobil telefonu vasitəsilə video lentə alıb, bu barədə Cavabdeh “Whatsapp” proqramı vasitəsilə göndərməklə, məlumat vermişdir. Cavabdeh bu barədə məlumatlı olduqdan sonra ona 06 yanvar 2024-cü il tarixdə əşyanın dəyərinə görə ödənilmiş 6800 (altı min səkkiz yüz) AZN məbləğində pul ödənişini geri qaytaracağını bildirmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh həmin ödənişi bu günədək ona geri qaytarmamışdır. O, dəfələrlə Cavabdeh əşyanın dəyərinə görə ödənilmiş pulun geri qaytarması barədə müraciət etmişdir. Lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və ümumiyyətlə, müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hətta o, bu barədə Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X1 tərəfindən mübahisə mülki hüquqi xarakterli olduğu üçün “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərar qəbul edilmişdir. Bu səbəbdən də, o, Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh 6800 (altı min səkkiz yüz) məbləğində pulun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Özü avtokran və avtokran avadanlıqlarının satışı ilə məşğul olur. Bir müddətdir ki, İddiaçı tanıyır. O, 23 dekabr 2023-cü il tarixdə, saat 10:00 radələrində İddiaçı mobil telefonuna zəng edərək, kran və onun sistemlərini satdığını və ona lazım olub-olmadığımı soruşmuşdur. Ayxan da ona həmin əşyanın şəkillərini çəkib, “Whatsapp” proqramı vasitəsilə ona göndərməsini xahiş etmişdir. O, avtokranın və onun hissələrinin şəkilləri çəkib, “Whatsapp” proqramı vasitəsilə Ayxana göndərmiş, eləcə də ona xırda qüsurlar istisna olmaqla, tam və keyfiyyətli əşya olduğunu bildirmişdir. Ayxan da avtokranı və onun hissələrini şəkillər üzərindən bəyənib, ona əşyanı almaq barədə razılığını bildirmişdir. Beləliklə, İddiaçı ona məxsus "xxxx" ASC-yə aid plastik kart hesabına 23 dekabr 2023-cü il tarixdə “e-Manat” ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) AZN məbləğində, 24 dekabr 2023-cü il tarixdə “m-Pay” ödəmə terminalı vasitəsilə ayrı-ayrılıqda 2000 (iki min) AZN məbləğində və 4000 (dörd min) AZN məbləğində, ümumilikdə 6800 (altı min səkkiz yüz) AZN məbləğində pul köçürməklə, əşyanın dəyərinin ödənişini həyata keçirmişdir. 24 dekabr 2023-cü il axşam vaxtı evakuator vasitəsilə avtokran və onun hissələri Ayxanın yaşadığı ünvana çatdırılmışdır. Eyni zamanda bildirir ki, o, İddiaçı avtokranı və onun hissələrini satmazdan əvvəl əşyanın keyfiyyətini əhəmiyyətli dərəcədə pozan qüsurlarını (əhəmiyyətli dərəcədə qüsurlu əşya) bildiyi halda ona bu barədə məlumat verməmiş, lakin xırda qüsurlar, yəni aradan qaldırıla bilən qüsurlar barədə məlumat vermişdir. Bununla yanaşı, hazırda kran qurğusunun çatışmayan detallarını yenisi ilə, yəni işlənmiş detallarla əvəz edə bilər. Lakin kran qurğusunun yeni gövdə ilə əvəz olunmasına təxminən 4000-5000 AZN məbləğində xərc tələb olunur və onun bu xərci çəkməyə maddi imkanı yoxdur. Belə ki, kran qurğusunun gövdəsi onun əsas hissələrindən biridir, gövdə ilə bağlı qüsurlar kranın keyfiyyətini əhəmiyyətli dərəcədə pozur və onların aradan qaldırılması üçün çox pul vəsaiti tələb olunur. Onu da qeyd edir ki, əgər İddiaçı 1 (bir) həftə ərzində kran qurğusunu gətirib, ona təhvil verərsə, o da 1 (bir) ay ərzində kran qurğusunu satıb, İddiaçı əşyanın dəyərinə görə ödənilmiş 6800 (altı min səkkiz yüz) AZN məbləğində pulu geri qaytaracaqdır. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “pul” tələbinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan ********** saylı, 23 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “e-Manat” ödəmə terminalı vasitəsilə Cavabdeh məxsus "xxxx" ASC-yə aid plastik kart hesabına 800 (səkkiz yüz) AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ********** saylı, 24 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “m-Pay” ödəmə terminalı vasitəsilə Cavabdeh məxsus "xxxx" ASC-yə aid plastik kart hesabına 4000 (dörd min) AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ********** saylı, 24 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən “m-Pay” ödəmə terminalı vasitəsilə Cavabdeh məxsus "xxxx" ASC-yə aid plastik kart hesabına 2000 (iki min) AZN məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 25 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün Şəmkir Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X1 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan ********** saylı, 29 iyul 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 89 (səksən doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflərin şifahi alğı-satqı müqaviləsinə əsasən “satıcı” Cavabdeh əşyanı “alıcı” İddiaçı mülkiyyətinə verməzdən əvvəl əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması ilə müşayiət olunan qüsurları barədə məlumatlı olmuş və bu barədə “alıcı” İddiaçı məlumat verməmişdir. Bundan başqa, tərəflərin şifahi alğı-satqı müqaviləsinə əsasən “satıcı” Cavabdeh “alıcı” İddiaçı lazımi keyfiyyətli olmayan (qüsurlu) və komplektsiz əşya (əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozan və komplektliyi pozulmuş...) satmaqla, onun mülkiyyətinə vermiş, “alıcı” İddiaçı qüsurlu əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş 6800 (altı min səkkiz yüz) AZN pul məbləğini (qiymət) “satıcı” Cavabdeh ödəmişdir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin faktlar məhkəmə iclasında tərəflərin (Cavabdeh izahatı...) izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “bağlanmış müqavilədən irəli gələn tələblər”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələrdən və başqa əqdlərdən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “alğı-satqı” müqaviləsi təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı “mülki hüquq subyektlərinin iradə sərbəstliyi”, “müqavilə azadlığı” və “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədilə Cavabdeh qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;

3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək...Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2, 6.1.5 və 6.1.8-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilə azadlığı və pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: - malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; - istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; - malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; - qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; - öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; - ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə əsasən satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Bundan başqa, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilmişdir. Ümumiyyətlə, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır, gətirdiyi dəlillər əsaslı hesab edilir. Bundan başqa, məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, eləcə də bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün məhkəmə tərəfindən qəbul edilməli, Cavabdeh lazımi keyfiyyətli olmayan əşyanın (qüsurlu əşya) dəyərinə ödənilmiş 6800 (altı min səkkiz yüz) AZN pul məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı “mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirmək”, “mülki hüquq subyektlərinin bərabərliyi”, “mülki hüquq subyektlərinin iradə sərbəstliyi” və “müqavilə azadlığı” prinsiplərinə əsasən özünün pozulmuş mülki hüquqlarının və eləcə də, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının təmini məqsədilə Cavabdeh qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. İddiaçı ilə Cavabdeh arasında şifahi formada bağlanmış “alğı-satqı” müqaviləsinin şərtləri pozulduğu, yəni “satıcı” Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi; 3. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı, eləcə də iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyi, bu etiraf qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün iddia təmin edilməli, Cavabdeh 6800 (altı min səkkiz yüz) AZN məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 6800 (altı min səkkiz yüz) məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar