Məhkəmə qərarları › İş №e-2(073)-1125/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1125/2025

10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1125/2025 10.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 7650 manat və 97 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7747 manat pul tutularaq ona ödənilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7650,00 (yeddi min altı yüz əlli) manat və 97 (doxsan yeddi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 7747,00 (yeddi min yeddi yüz qırx yeddi) manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 07 dekabr 2022-ci il tarixdə cavabdehlərlə razılaşma müqaviləsi imzalayaraq, ticarət sahəsində malların alınması, satılması və zəruri işlərin görülməsi üçün cavabdehlərə 30000 manat məbləğində pul vəsaiti vermişdir. Razılaşma müqaviləsinin 2.2-ci bəndində göstərilir, ticarət məqsədi üçün verilən pul vəsaiti sərf olunan sahədə müəyyən gəlir verməsə onu dərhal qaytarılması (1 ay əvvəl xəbər verməyi istisna olmaqla) tələb oluna bilməz. 23 may 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli 3M-3691 saylı müqaviləyə əlavə razılaşma müqaviləsi imzalayaraq, müqavilənin 2-ci bəndinə əsasən ticarətə qoyulan 30000 manat pul vəsaitindən qaytarılan 22350 manat pul vəsaiti çıxıldıqdan sonra qalıq 7650 manat pul vəsaiti müqavilə bağlandığı gündən 1 ay müddətinə notariusun depozit vasitəsi ilə ona qaytarılması göstərilmişdir. Lakin göstərilən müddətin keçməsinə baxmayaraq 7650 manat pul vəsaiti bu günə kimi cavabdehlər tərəfindən ona qaytarılmamışdır. 10 iyul 2024-ci il tarixdə cavabdehlərin ünvanına poçt vasitəsi ilə Pretenziya göndərərək, borclu olduqları 7650 manat pul vəsaitini, 10 gün müddətinə qaytarılmasını onlardan xahiş etmiş və əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağanı bildirmişdir. Sonradan o, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, cavabdehlər həmin pul vəsaitini ona qaytarmamışdır. Buna görə də cavabdehlə aralarında narazılıqlar yaşanmış, sonradan isə həmin narazılıqlar dava-dalaşa çevrilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ilə onun və digər Cavabdeh2 arasında 07 dekabr 2022-ci il tarixdə razılaşma müqaviləsi imzalanmış və zəruri işlərin görülməsi üçün iddiaçı tərəfindən ona və digər Cavabdeh2 30000 manat məbləğində pul vəsaiti verilmişdir. Onlar 2-3 ay birlikdə işləmişlər və 1500 manat qazanc əldə etmişlər. Sonradan işləri qaydasında getmədiyinə görə Notariat ofisində iddiaçıya olan 30000 manat pulu özü ödəmiş, lakin Cavabdeh2lə birgə məsuliyyət daşıdıqlarına görə bir yerdə qaytarmışlar. Lakin iddiaçıya qalan 7650 manat borcunu etiraf edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ilə onun və digər Cavabdeh2 arasında 07 dekabr 2022-ci il tarixdə razılaşma müqaviləsi imzalanmış və zəruri işlərin görülməsi üçün iddiaçı tərəfindən ona və digər Cavabdeh2 30000 manat məbləğində pul vəsaiti verilmişdir. Onlar 2-3 ay birlikdə işləmişlər və 1500 manat qazanc əldə etmişlər. Sonradan işləri qaydasında getmədiyinə görə Notariat ofisində iddiaçıya olan 30000 manat pulu özü ödəmiş, lakin Cavabdeh2lə birgə məsuliyyət daşıdıqlarına görə bir yerdə qaytarmışlar. Lakin qalan 7650 manat isə hazıradək iddiaçıya qaytarmamışlar. Bu səbəbdən də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək verdiyi izahatında bildirdi ki, həqiqətən də İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 07 dekabr 2022-ci il tarixdə razılaşma müqaviləsi imzalanaraq, ticarət sahəsində malların alınması, satılması və zəruri işlərin görülməsi üçün iddiaçı tərəfindən cavabdehlərə 30000 manat məbləğində pul vəsaiti verilmişdir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz aralarında akt tərtib edərək, Cavabdeh1 iddiaçıya qalan 7650 manat pul vəsaitini iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Qeyd etdiyi hal Sabunçu RPİ-nin 12-ci PŞ-ndə aparılmış araşdırma zamanı da öz təsdiqini tapmışdır. Bu səbəbdən də iddia tələbini Cavabdeh2 aid hissədə qəbul etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında olan xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, ticarət sahəsində malların alınması, satılması və zəruri işlərin görülməsi üçün iddiaçı tərəfindən cavabdehlərə 30000 manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 3M-3691 saylı müqaviləyə edilmiş 23 may 2023-cü il tarixli əlavə razılaşmadan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ticarətə qoyulan 30000 manat pul vəsaitindən qaytarılan 22350 manat pul vəsaiti çıxıldıqdan sonra qalıq 7650 manat pul vəsaiti müqavilə bağlandığı gündən 1 ay müddətinə notariusun depozit vasitəsi ilə İddiaçı qaytarılmasını öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli razılaşma müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehlərə 30000 manat məbləğində pul vəsaiti verilmişdir. Razılaşma müqaviləsinin 2.2-ci bəndində göstərilir, ticarət məqsədi üçün verilən pul vəsaiti sərf olunan sahədə müəyyən gəlir verməsə onu dərhal qaytarılması (1 ay əvvəl xəbər verməyi istisna olmaqla) tələb oluna bilməz. 23 may 2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli 3M-3691 saylı müqaviləyə əlavə razılaşma müqaviləsi imzalanaraq, müqavilənin 2-ci bəndinə əsasən ticarətə qoyulan 30000 manat pul vəsaitindən qaytarılan 22350 manat pul vəsaiti çıxıldıqdan sonra qalıq 7650 manat pul vəsaiti müqavilə bağlandığı gündən 1 ay müddətinə notariusun depozit vasitəsi ilə iddiaçıya qaytarılması göstərilmişdir. Lakin göstərilən müddətin keçməsinə baxmayaraq 7650 manat pul vəsaiti hazıradək cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. 10 iyul 2024-ci il tarixdə cavabdehlərin ünvanına poçt vasitəsi ilə pretenziya göndərərək, borclu olduqları 7650 manat pul vəsaitini, 10 gün müddətinə qaytarılmasını onlardan xahiş edilmiş və əks təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Lakin cavabdehlər hazıradək iddiaçıya qaytarmalı olduqları 7650 manat pul vəsaitini iddiaçıya geri qaytarmamışlar. Bununla da cavabdehlərin iddiaçıya 7650 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərdən müştərək qaydada 7650 manat və 97 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7747 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7650 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 08 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 97 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 97 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 7650 (yeddi min altı yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 (doxsan yeddi) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar