Məhkəmə qərarları › İş №e-2(073)-1205/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1205/2025

30.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1205/2025 30.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.047 (on min qırx yeddi) manat məbləğində borcun və iş üzrə ödəmiş olduğu 122.00 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh 7000 (yeddi min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, iddiaçının əvvəlcədən tanıdığı, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri N saylı hərbi hissədə xidmət edən hərbi qulluqçu Cavabdeh "xxxx" ASC-nin Naxçıvan filialından 08 iyun 2020-ci il tarixdə İK0806/01 nömrəli Kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində istehlak krediti götürmüşdür. O isə Cavabdeh krediti götürməsi üçün 08 iyun 2020-ci il tarixli, ZM0806/01 nömrəli Zaminlik müqaviləsi bağlayaraq Cavabdeh zaminlik etmişdir. Krediti götürərkən Cavabdeh ona bildirmişdir ki, hər ay əmək haqqından hissə-hissə ödəyərək kredit borcunu bağlayacaq. Hətta Cavabdeh söz verdiyi kimi 1-2 dəfə öz əmək haqqından kredit borcunu ödəmişdir. Lakin sonradan Cavabdeh iş yeri dəyişdirildiyindən nəinki kredit borcunu vaxtı-vaxtında, ümumiyyətlə ödəməmişdir. Bu səbəbdən də "xxxx" ASC-nin Naxçıvan filialı ona və Cavabdeh qarşı “Kredit üzrə borcun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinə müraciət edərək iddia qaldırmışdır. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq ondan xx.xx.2023-cü il tarixə 7154.14 (yeddi min bir yüz əlli dörd manat on dörd qəpik) manat əsas borc, 2122.77 (iki min bir yüz iyirmi iki manat yetmiş yeddi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 112.77 (bir yüz on iki manat yetmiş yeddi qəpik) manat olmaqla dövlət rüsumunun, ümumilikdə 9389.68 (doqquz min üç yüz həştad doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pulun "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə tutulması göstərilərək bu barədə icra vərəqəsi icra olunması üçün Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra sənədi icra olunması üçün onun iş yerinə (Naxçıvan Su-Kanalizasiya İdarəsinə) göndərilmiş və aylıq əmək haqqının 50% hissəsinin və tutulmalı olan ümumi borcun 7%-i, yəni 657 manat məbləğində icra ödənişinin Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xüsusi fonduna tam ödənilərək tutulması xahiş olunmuşdur. Bu səbəbdən də o, 03 fevral 2025-ci il tarixədək "xxxx" ASC-nin Naxçıvan filialına olan kredit borcunun hamısını tam şəkildə Naxçıvanbank” ASC-yə və "xxxx" ASC ləğv olunub onun səlahiyyətləri "xxxx" ASC-yə verildiyi üçün "xxxx" ASC-nin Naxçıvan fılalına ödəyib bitirib. Beləliklə, iddiaçı Cavabdeh zamin durduğu üçün Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-3 18/2023 nömrəli qətnaməsinə əsasən 9389.68 (doqquz min üç yüz səksən doqquz, manat, altmış səkkiz qəpik) manat kredit borcunu tam olaraq ödəmişdir. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin hesabına 7 % icra ödənişinə görə 657 manat ödənişin bir hissəsini ödəmiş, qalan hissəsi isə əmək haqqımdan tutulmaqdadır. Ona görə də Cavabdeh tərəfindən ona cəmi birlikdə 10.047 (on min qırx yeddi) manat məbləğində pul ödənilməlidir. Cavabdeh hal-hazırda bu pulu banka ödəməkdən yayındığı kimi ona da qaytarmaqdan yayınır. Onun özünün həmin pula çox böyük ehtiyacı var. Belə ki, onun özünün hal-hazırda başqa banklara da kredit borcu var. Öz kreditlərini ödəmək imkanı yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmadır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Özü həm də prezident təqaüdü alır, borcu əmək haqqı və təqaüdü ilə ödəyib. Bildirmişdir ki, məhkəmənin onlara verdiyi müddət ərzində cavabdeh tərəfindən də müəyyən ödəniş qəbzləri təqdim edilmişdir, həmin qəbzlərə hər ikisi (iddiaçı və cavabdeh) birlikdə baxmışlar, bundan sonra iddiaçı tələbin azaldılması və 7 min manat pulun cavabdehdən tutulmasıbarədə ərizə vermişdir. Hazırki tələbi cavabdehdən 7 min manat pulun tutulmasıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Naxçıvan filialından 12000 (on iki min) manat məbləğində onun (cavabdehin) adına kredit götürmüşlər, iddiaçı isə həmin kreditin ödəilməsinə zaminlik etmişdir. Həmin məbləği iddiaçı da daxil olmaqla dörd nəfər arasında bölmüşlər. O, əvvəllər ödəniş etmiş, sonra buna imkanı olmamışdır. Məhkəmə qətnaməsinə əsasən iddiaçının əmək haqqından tutulmalar olmuşdur. İddianı qismən əsaslı hesab edir. Belə ki, o iddianı 5000 (beş min) manat məbləğində hissədə etiraf edir. Qalan hissədə isə əsassız hesab edərək, rədd olunmasını istəyir. Hesab edir ki, qalıq borcu pulu onunla birlikdə götürmüş digər şəxslər ödəməlidir, çünki puldan onlar istifadə ediblər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. İşdə olan: - "xxxx" ASC-nin Naxçıvan filialı ilə İddiaçı arasında bağlanmış 08 iyun 2020-ci il tarixli, ZM0806/01 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə ilə İddiaçı Cavabdeh Bankdan 36 ay müddətinə geri qaytarmaq şərti və illik 17% dərəcəsi ilə götürdüyü 12000 (on iki min) manat məbləğində istehlak kreditinin ödənilməsi üçün zamin duraraq öz üzərinə öhdəlik götürmüşdür; - Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)- 318/2023 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdehlər Cavabdeh və İddiaçı 08 iyun 2020-ci il tarixli, İK0806/01 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7154.14 manat əsas borc, 2122.77 manat faiz borcu, ümumilikdə 9276.91 manat pulun və iş üzrə ödənilmiş 112.77 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə tutulması qət olunmuşdur; - Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli icra vərəqəsinə əsasən borclular Cavabdeh və İddiaçı 9276.91 manat pul və iş üzrə ödənilmiş 112.77 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra işinə əlavə edilmiş "xxxx" ASC tərəfindən göndərilmiş məktuba əsasən Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli icra sənədinə xitam verilmişdir; - "xxxx" ASC tərəfindən Cəlilabad rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli icra sənədi üzrə "xxxx" ASC-yə olan borc ödənilmişdir; - Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin iddiaçının iş yeri olan “Naxçıvan Su- Kanalizasiya İdarəsi”nə ünlanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-318/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə İddiaçı borcu – 9389.68 manat tam ödənilmişdir, 7% məbləğində icra ödənişinin, yəni 657 manatın tutulması işəgötürəndən xahiş edilmişdir; - Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 657 manat icra ödənişindən 392 manatı İddiaçı tərəfindən Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xüsusi vəsaitlər fonduna ödənilmişdir; - "xxxx" ASC tərəfindən verilmiş müxtəlif tarixli ödəniş tapşırıqlarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli icra sənədi üzrə İddiaçı əmək haqqından müxtəlif məbləğlərdə pul vəsait tutulmuşdur; - ödəniş qəbzindən görünür ki, hazırkı iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə İddiaçı arasında bağlanmış 08 iyun 2020-ci il tarixli ZM0806/01 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh Bankdan götürdüyü illik 17% dərəcəsi ilə 36 ay müddətinə qaytarılmaq şərti ilə 12000 (on iki min) manat məbləğində istehlak kreditinin ödənilməsi üçün iddiaçı zamin kimi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit borcunu lazımi qaydada ödəmədiyindən Bank məhkəməyə müraciət etmiş və Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(078)-318/2023 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı 08 iyun 2020-ci il tarixdə İK0806/01 nömrəli Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 7154.14 manat əsas borc, 2122.77 manat faiz borcu, ümumilikdə 9276.91 manat pulun və iş üzrə ödənilmiş 112.77 manat dövlət rüsumunun "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamə üzrə icra sənədinə əsasən iddiaçının əmək haqqından və pensiyasından tutulmalar aparılmaqla icra sənədi tam icra olunmuşdur. İddiaçı həmin vəsaiti cavabdehdən tələb etsə də cavabdeh ona heç bir ödəniş etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 476-cı maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının öhdəliyi icra etmiş zamin olaraq reqres qaydada borcluya (cavabdehə) qarşı iddiası qanuni və əsaslıdır. Cavabdeh məhkəmə iclasında özünün də müxtəlif vaxtlarda və məbləğlərdə ödəniş etdiyini, buna görə də qalıq borcun, yəni iddiaçının tələb edə biləcəyi borcun təxminən 5 min manat civarında olmasını bildirməsinə baxmayaraq, məhkəmə iclasında bu hal öz təsdiqini tapmamışdır. Cavabdehin təqdim etdiyi bank hesabından çıxarışlar ilə onun da kredit borcu üzrə müəyyən qədər ödənişlər etməsi görünsə də, cavabdeh tərəfindən məhz hansı məbləğdə ödəniş etməsi, daha doğrusu, kredit borcunu hansı hissədə icra etməsi müəyyən edilməmişdir. Bu hal iddiaçının təqdim etdiyi, icra qurumları tərəfindən iddiaçının iş yerinə göndərilən, habelə kreditor olan bankın məktubu ilə də təkzib edilmişdir. Bunda əlavə, məhkəmə hesab edir ki, bu hissədə cavabdeh iddiaçını məlumatlandırmaq vəzifəsini də icra etməmişdir. Belə ki, Mülki Məcəllənin 476-cı maddəsinə əsasən cavabdeh iddiaçının zaminliyi ilə təmin edilmiş kredit öhdəliyini icra etmişdisə, bu barədə iddiaçını məlumatlandırmaq vəzifəsini daşıyırdı. Yəni, cavabdeh kredit borcunu ödəmək öhdəliyini qismən icra etmiş olsa da belə, icra etdiyi hissə ilə bağlı zamin olan iddiaçını məlumatlandırmaq vəzifəsini daşıyırdı ki, bu vəzifə tərəfindən icra edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, borcun tutulması barədə məhkəmənin icra vərəqəsi üzrə icraata başlandıqdan sonra iddiaçının işəgötürəni tərəfindən əmək haqqından tutulmalar aparılmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri cavabdehin "xxxx" ASC-də olan filialdakı bank hesabına köçürülmüş, oradan isə bank tərəfindən kreditin ödənilməsinə yönəldilmişdir. Yəni, cavabdehin zənn etdiyi kredit ödənişlərini o özü etməmiş, ödənişlər onun bank hesabına iddiaçının iş yeri olan “X2 İdarəsi” tərəfindən köçürülən vəsait hesabına avtomatik qaydada icra edilmişdir. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" ASC tərəfindən icra edilmiş ödəniş tapşırıqları və cavabdeh tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlar ilə məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, iddia tələbi daxilində hərəkət etməklə iddiaçının tələbin azaldılması barədə ərizəsini də qəbul edərək, hesab edir ki, iddia azaldılmış hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin həcminin iddiaçı tərəfindən azaldıldığını da nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat pul və 90 (doxsan) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar