Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1534/2025 10.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 6321 manat pulun, 1295 manat vəkil xidmət haqqının və 96.16 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7712.16 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6321 manat pulun, 1295 manat vəkil xidmət haqqının və 96.16 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7712.16 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə əvvəlki iclasında İddiaçı müdafiəçisi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh kursda işlədiyi vaxtlardan tanımış, münasibətləri ciddi olmuş və onlar evlənmək qərarına gəlmişlər. 2024-cü ilin iyun ayında cavabdeh işlə əlaqədar İddiaçı “Whatsapp” vasitəsi ilə yazaraq ondan 2000 manat və iyul ayında 4040 manat borc pul almışdır. Cavabdeh yenidən 31 avqust tarixində iddiaçıya “Whatsapp” vasitəsi ilə yazaraq borc pul istəmiş və iddiaçı da aralarında olan ciddi münasibətə sadiq qalaraq cavabdeh üçün “manato.az” saytından 600 manat kredit götürmüş və cavabdehə göndərmişdir. Cavabdeh cəmi götürdüyü bank faizləri ilə birlikdə 6821 manat pul məbləğindən 500 manat pul vəsaitini 01 avqust 2024-cü il tarixdə iddiaçıya geri qaytarmışdır. Lakin borca götürdüyü digər vəsaitləri gecikdirmədən qaytarmağı öz üzərinə götürsə də, sonralar sözügedən borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh verdiyi vədə sadiq qalmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlamış, borcu qaytarmasını tələb etmişdir. Lakin, cavabdeh hər dəfə ona əlavə vaxt verməyini xahiş etmiş və ödənişləri geri qaytaracağını bəhanə etmişdir. İddaçı ona istinad etmiş, mübahisənin məhkəmədən kənar həll olacağına inanmış, bu səbəbdən də cavabdehə öz öhdəliklərini icra etməsi üçün müəyyən müddət vermişdir. Amma, Cavabdeh bundan sui-istifadə edərək borc aldığı pul vəsaitini qaytarmamışdır. Cavabdehin iddiaçıdan borc qismində aldığı 6321 manat məbləğində pul vəsaitini qaytarmaması iddiaçını və ailəsini maddi vəziyyətini çətinləşdirmişdir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizəsində iddianı etiraf edərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusudur və Bakı qarnizonunda ezamiyyətdədir. Ezamiyyət müddətində məhkəməyə gəlmək imkanı olmadığından, məhkəmə iclasında iştirakı mümkün deyildir. Amma borcun mövcudluğunu inkar etmir və könüllü şəkildə borcu qaytarmağa hazırdır. Borcundan iddiaçıya qaytarmış, hazırda iddiaçıya 6000 manat borcu qalmışdır. Lakin hazırda maddi vəziyyəti çox zəifdir, buna görə də iddiaçıya birdəfəlik və ya yüksək məbləğdə ödəniş etməyə imkanı yoxdur. Yalnız aylıq 200 manat ödəniş etməyə imkanı vardır. Bu səbəbdəndə borcun aylıq 200 manat olmaqla hissə-hissə ödənməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin 30 iyun 2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı kart yolu köçürmə vasitəsi ilə Cavabdeh hesabına 2000 manat pul vəsaiti köçürmüşdür. İş materiallarında olan "xxxx" KB ASC-nin 29 iyul 2024-cü il tarixli çıxarışından görünür ki, İddiaçı kart yolu köçürmə vasitəsi ilə Cavabdeh hesabına 4040 manat pul vəsaiti köçürmüşdür. İş materiallarında olan “Manato.az” saytında götürülmüş ekran görüntüsünün surətindən görünür ki, İddiaçı 30 sentyabr 2024-cü il tarixinədək 600 manat məbləğində krediti “Manato.az” saytından götürmüşdür. İş materiallarına olan "xxxx" KB ASC-nin Leobank hesab çıxarışından görünür ki, İddiaçı hesabına 31 avqust 2024-cü il tarixdə “Manato.az” saytından 600 manat pul vəsaiti daxil olmuş və həmin tarixdə cavabdehə məxsus olan 523915****6667 nömrəli karta göndərilmişdir. İş materiallarında olan “Whatsapp” yazışmalarının surətindən görünür ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda borc məqsədli pul vəsaitləri vermiş, cavabdeh həmin borcu vaxtı-vaxtında qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh sonradan müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınmış, iddaçı cavabdehə borcu qaytarmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, borcun mövcudluğunu inkar etmir və könüllə şəkildə borcu qaytarmağa hazırdır. Borcundan iddiaçıya qaytarmış, hazırda iddiaçıya 6000 manat borcu qalmışdır. Lakin hazırda maddi vəziyyəti çox zəifdir, buna görə də iddiaçıya birdəfəlik və ya yüksək məbləğdə ödəniş etməyə imkanı yoxdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı müdafiəçi təyin olunması ilə əlaqədar Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 18 mart 2025-ci il tarixdə 95 manat, 15 aprel 2025-ci il tarixdə isə 1200 manat pul vəsaiti köçürmüşdür. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddaçı hazır ki, iddianın verilməsi ilə əlaqədar 96.16 manat pul vəsaiti köçürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh işə düzəlməsini bildirərək İddiaçı ilk dəfə 2000 manat, ikinci dəfə 4040 manat, sonuncu dəfə isə iddiaçını bankdan əlavə faiz ödəməklə götürdüyü 600 manatı borc almışdır. Cavabdeh əvvəllər iddiaçıya ödənişlər etmiş, qalan 6321 manatını isə qaytarmamışdır. Cavabdeh həmin borc məbləğini 4-5 aya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı cavabdehdən dəfələrlə borcu qaytarmasını tələb etmiş, lakin cavabdeh hər dəfə borcunu qaytaracağını vəd etsə də, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 6321 manat pul tələbində haqlıdır. Həmçinin məhkəmə İddiaçı vəkil xidmət haqqına görə 1295 manat pul tələbi hissəsinə qiymət verərək hesab edir ki, tələb olunan məbləğ göstərilmiş xidmət üçün mütənasib deyil və bu məbləğ cavabdehin üzərinə tam qoyula bilməz. Ona görə məhkəmə hesab edir ki, vəkilə xidmət haqqına görə ödənilən məbləğ 400 manat məbləğində işin mahiyyətinə uyğundur və cavabdehdən tutulmalıdır. İş materillarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı ona qarşı iddiasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh borca görə 6321 manat və vəkil xidmət haqqına görə 400 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar ümumilikdə 96 manat 16 qəpik dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 96 manat 16 qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6321 (altı min üç yüz iyirmi bir) manat, vəkil xidmət haqqına görə 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96,16 (doxsan altı manat on altı qəpik) manat, ümumilikdə 6817,16 (altı min səkkiz yüz on yeddi manat on altı qəpik) məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1534/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1534/2025
10.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver