Məhkəmə qərarları › İş №e-2(073)-1740/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1740/2025

12.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1740/2025 12.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 4200 manat pulun və 1561 manat aldığı ətlərin pulu olmaqla cəmi 5761 manat manat alınaraq, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək cavabdehdən 5000 (beş min) manat məbləğində pulun tutularaq ona (iddiaçıya) ödənilməsi dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əsasən, Cavabdeh 2018-ci il tarixdən iddiaçının Abşeron rayonu, Masazır kəndində yerləşən özünə məxsus obyektdə ət dükanında satıcı işləyirdi. Cavabdeh ona yaxınlaşaraq, ondən 4400 manat pul borc istədiyini bildirmiş, o də razılaşaraq onunla Abşeron rayonu 1 saylı notariat kontorunda 08 oktyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlamış və ona 4400 manat pul vermişdir. Kredit borcunu xx.xx.2019-cu il tarixdədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcundan Cavabdeh 2023-cü ilin fevral ayının ortalarında yalnız 200 manat pulu ət dükanıma gələrək vermiş və bildirmişdir ki, qalan məbləği ayda 500 manat olmaqla qaytaracaq. Lakin həmin məbləğdən bu günədək heç bir ödəniş etməmişdir. 08 oktyabr 2018-ci il tarixli Kredit Müqaviləsnin 2-ci bəndinə əsasən “borc alan” krediti xx/xx/2019 (səkkiz mart iki min on doqquzuncu il) tarixdək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Bundan başqa satıcı işlədiyi dövr ərzində Cavabdeh 32 nəfər şəxsə əti nisyə satmışdır. Daha sonra Eldar ailə vəziyyəti ilə əlaqədar işləmək istəmədiyini bildirmiş və işdən çıxmışdır. Sonradan o, Cavabdeh 1561 manatlıq nisyə ət verdiyi şəxsləri tanımadığını bildirmiş və özünün 1561 manat pulu almağını tələb etmişdir. Lakin cavabadeh onun sözlərinə məhəl qoymamış, o da həmin şəxsləri axtarıb tapmış və ona bildirmişlər ki, “biz Cavabdeh həmin aldığımız ətin pullarını vermişik”. O daha sonra Cavabdehlə nə qədər əlaqə saxlasa da onun telefonlarına cavab verməmişdir. Bu barədə tərəfindən Abşeron rayon prokurorluğuna X1 ona qarşı borcunun qaytarmaması barədə şikayət etmiş, Abşeron rayoon Prokurorluğundan ona 14 yanvar 2025-ci il tarixli, 2043-Ş-24 nömrəli məktubla cavab verərək, müraciətinin mülki mübahisələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar olduğunu bildirmişdir. Hal-hazırda 08 oktyabr 2018-ci il tarixli Kredit Müqaviləsi üzrə Cavabdeh ona 2018-ci il oktyabr ayında 4400 manat ödəməli olduğu halda 2023-cü il tarixdə 200 manat ödəniş edilmiş, daha sonrakı tarixlər üzrə bu günə kimi heç bir ödəniş edilməməklə müqavilənin tələbləri kobud şəkildə pozulmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçıya borcu var, pul alıb. Maddi imkanı olmadığından borcunu ödəyə bilməyib. Nisyə satdığı ətin dəyəri iddiaçı tərəfindən çox hesablanıb. İddianı azaldılmış həcmdə, yəni beş min manat hissədə etiraf edir və borcunu ödəyəcəyinə söz verir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsində azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və 70 (yetmiş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar