Məhkəmə qərarları › İş №e-2(073)-2279/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2279/2025

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2279/2025 24.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə vurulmuş zərərə görə 1805 manat pulun, avtomobilə vurulmuş zərərə görə 6580 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona qarşı törətdiyi cinayət əməlinə görə Musayev X1 Rayon Məhkəməsinin 1(073)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hazırda qeyd edilmiş hökm qanuni qüvvəsini almışdır. Avtoqəza nəticəsində iddiaçıya xəsarət yetirilməklə, idarə etdiyi “VAZ 21043” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 6580 manat ziyan dəymişdir. Həmin ziyan xx.xx.2024-cü il tarixli “Ziyan aktı” ilə təsdiq olunur. Avtoqəza nəticəsində ağır xəsarətlər almışdır. Belə ki, cinayət işi materiallarında olan “Cəlilabad MTE və PA” şöbəsinin 20 dekabr 2024-cü il tarixli, 952 nömrəli tibbi rəyində qeyd edilmişdir ki, İddiaçı bədəni üzərində sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin, sol bud sümüyünün diafizar, sol qamış və incik sümüyünün aşağı 1/3 hissəsinin qapalı sınığı aşkar edilmişdir. Qeyd edilmiş xəsarətlər küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 07 yanvar 2025-ci il tarixli, 8/3435 nömrəli rəyindən də məlum olur ki, “Hyundaı İX-35” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin təlblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İddiaçı müalicəsi ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Cərrahiyyə şöbəsinə (MEDİCAL GROUP VİVA-ya) 1500 manat , xx.xx.2025-ci tarixdə Yovşan Klinikasına 105 manat, xx.xx.2025-ci tarixdə Yovşan Klinikasına 200 manat pul ödəmişdir. Müalicəsi ilə əlaqədar xəstəxanalara 1805 manat pul ödədiyini qeyd edərək, əslində daha çox ödənişlər etdiyini bildirmişdir. Lakin bu barədə müvafiq faktı təsdiq edəcək sənədlər yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə təqdim edərək iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cəlilabad Rayon Məhkəməsinin 1(073)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir; - xx.xx.2024-cü il tarixli “Ziyan aktı”ndan görünür ki, nəqliyyat vasitəsinə 6580 manat ziyan dəymişdir; - "xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/D 126-1017/2025 saylı 25 dekabr 2025ci il tarixli ekspert rəyindən görünür ki, “VAZ 21043” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi (ehtiyat hissələri və təmir xərcləri ayrı-ayrılıqda hesablanmaqla) 6245 manat təşkil edir; - xx.xx.2024-cü il tarixli “X2” MMC tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 1500 manat məbləğində xərc çəkilmişdir; - xx.xx.2025-ci il tarixli Yovşan Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 200 manat məbləğində xərc çəkilmişdir; - xx.xx.2025-ci il tarixli Yovşan Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 20 manat məbləğində xərc çəkilmişdir; - xx.xx.2025-ci il tarixli Yovşan Klinikası tərəfindən verilmiş qaiməyə əsasən tibbi xidmətlərin göstərilməsinə 85 manat məbləğində xərc çəkilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh idarə etdiyi “Hyundaı İX-35” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi “Vaz 21043” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomaşında olan sürücü İddiaçı sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin, sol bud sümüyünün diafizar, sol qamış və incik sümüyünün aşağı 1/3 hissəsinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda avtomobilinə dəymiş maddi zərərin və səhhətinə vurulmuş zərərin əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Həmin məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Hyundaı İX-35” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı tərəfindən idarə olunan “Vaz 21043” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Həmin hal tərəflərin izahatı və iş materialları ilə təsdiq olunur. Bu hal təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia tələbindən göründüyü kimi iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin ödənilməsini tələb edərkən həmin maddi zərəri 6580 manat məbləğində qiymətləndirmişdir. Bu tələblərinin təsdiqi üçün də xx.xx.2024-cü il tarixli ziyan aktını məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə, iddiaçı tərəfindən təqdim edilmiş ziyan aktı ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş UNİ/D 126- 1017/2025 saylı, 25 dekabr 2025-ci il tarixli ekspert rəyini müqayisəli şəkildə təhlil edib, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, vurulmuş zərər məbləğinin əvəzi qismində cavabdehdən iddiaçıların xeyrinə məhz bu rəydə göstərilmiş 6245 manat məbləğində pul tutulmalıdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sağlamlığına zərər dəymişdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı hadisədən sonra tibbi yardıma müraciət etmiş və müəyyən müddət ərzində müalicə almışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimələr onun sağlamlığının bərpası üçün real xərclər çəkdiyini təsdiq edir. Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə əsasən, fiziki şəxsə vurulmuş zərər dedikdə, onun sağlamlığının pozulması nəticəsində çəkdiyi müalicə, əlavə qidalanma, dərman vasitələrinin alınması və digər zəruri xərclər başa düşülür və həmin xərclər zərərvuran şəxs tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının sağlamlığına dəymiş zərər bilavasitə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıdır. Hadisə ilə iddiaçının aldığı xəsarətlər və sonradan keçdiyi müalicə arasında birbaşa səbəbli əlaqə mövcuddur. Eyni zamanda, iş üzrə təqdim edilmiş sübutlar iddiaçının çəkdiyi xərclərin zəruri və əsaslı olduğunu, bu xərclərin şişirdilmədiyini və real olaraq baş verdiyini göstərir. Cavabdeh tərəfindən həmin xərclərin əsassız olması və ya hadisə ilə əlaqəsinin olmaması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının sağlamlığının bərpası məqsədilə çəkdiyi müalicə və dərman xərcləri zərərin tərkib hissəsi olmaqla, cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, zərərvuran şəxsin əsas vəzifəsi zərərçəkmişi mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdan ibarətdir. Beləliklə, məhkəmə bütün sübutları məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının sağlamlığına vurulmuş ziyanla bağlı çəkdiyi müalicə və dərman xərclərinin cavabdehdən tutulması barədə tələbi qanuni, əsaslı və sübutlarla təsdiq olunduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin qiymətləndiricinin rəyindən göründüyü kimi, xidmət haqqının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, qiymətləndiricinin rəyinin verilməsi üçün 300 manat xidmət haqqı cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 6245 (altı min iki yüz qırx beş) manat, səhhətə vurulmuş zərərə görə 1805 (bir min səkkiz yüz beş) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli və iş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC hesabına ((VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 6245 (altı min iki yüz qırx beş) manat, səhhətə vurulmuş zərərə görə 1805 (bir min səkkiz yüz beş) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə qiymətləndiricinin rəyinin alınması üçün xidmət haqqının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh tutularaq "xxxx" MMC hesabına ((VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar