Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2658/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB ərizə ilə məhkəməyə müraciət edərək X1 İstismar İdarəsinə dəymiş 957 manat maddi ziyanın, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 987 (doqquz yüz səksən yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində Cavabdeh idarə etdiyi “VAZ” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə törətdiyi avtoqəza nəticəsində X1 İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin balansında və istismarında olan D=108 mm-lik qaz xətti mexaniki zərbəyə məruz qalaraq zədələnmiş, təbii qaz havaya axmışdır. Qəza nəticəsində dəymiş zərər aidiyyatı komissiya tərəfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-nə 1057 manat zərər dəymişdir. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin borcdan cəmi 100 manat ödəmiş, qalan 957 manat borcdan isə ödəniş etməmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı İB qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan qaz xəttinə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, Təzəkənd kəndi ərazisində Cavabdeh idarə etdiyi “VAZ” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə törətdiyi avtoqəza nəticəsində D=108 mm-lik qaz xəttinə dəymiş ziyan 1057 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli və cavabdeh tərəfindən də imzalanmış Dəymiş ziyanın ödənilməsi barədə Razılaşma Protokolundan görünür ki, Cavabdeh Cəlilabad rayonu Təzəkənd kəndində “VAZ” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə xx.xx.2024-cü il tarixdə törətdiyi qəza nəticəsində Cəlilabad XS-yə vurduğu 1057 manat ziyanın hər ay 100 manat, sonuncu ay 157 manat olmaqla hissə-hissə ödənilməsi barədə cavabdeh öz üzərinə öhdəlik götürmüşdür. İşdə olan X1 İstismar İdarəsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən 957 manat borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh delikt törətmiş, idarə etdiyi “VAZ” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə törətdiyi qəza nəticəsində qaz boru xəttini zədələmiş və nəticədə İddiaçı İB-nin Lənkəran RQİİ-nə zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yükəsk təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 957 (doqquz yüz əlli yeddi) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı İB-nin Lənkəran RQİİ-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2658/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2658/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver