Məhkəmə qərarları › İş №e-2(073)-2694/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2694/2024

05.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2694/2024 05.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə 20000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 30000 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 20000 (iyirmi min) manat, mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat olmaqla, cəmi 30000 (otuz min) manat pulun və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə əmlakını (pulunu) ələ keçirərək maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Belə ki, Xəzər rayonu Atçılıq yaşayış massivində kanalın yaxın ərazisində ona məxsus torpaq sahəsi vardır. 2019-cu ilin axırlarında ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahənin hasarında rənglə “Torpaq sahəsi satılır” yazısı və ***-***-**-** mobil telefon nömrəsini gördükdə, həmin torpaq sahəsini də alıb öz torpaq sahəsinə birləşdirməklə, torpağını genişləndirmək qərarına gəlmişdir. Bu məqsədlə yazılmış nömrəyə zəng vurmuş, adını sonradan Xanım bildiyi qadın cavab vermiş, ona torpaq sahəsini almaq istədiyini bildirmişdir. Xanım adlı qadın məsləhətləşib cavab verəcəyini bildirmişdir. Bir müddət sonra qadınla təkrar əlqə saxladıqda 4 sot torpaq sahəsinin satış qiyməti barədə razılığa gəlmişlər. İlkin olaraq 1000 manat beh kimi Xanım adlı qadına vermiş, bir neçə gün sonra razılaşaraq Atçılıq massivi yaxınlığında notariat kontoruna getmişlər, qadın torpaq sahəsinə dair ona etibarnamə vermiş, o, da qalan 19000 manat məbləği verməklə, cəmi 20000 manat ödəmişdir. Bir müddət sonra torpaq sahəsində tikinti işləri aparmaq istədikdə başqa şəxs gəlib torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Bu barədə Xanıma zəng vurub bildirdikdə, qadın ona bildirmiş ki, torpaq sahəsinin sənədləşdirilməsi və kimə məxsus olmasını bilmir, belə ki, torpaq sahəsini Famil və Elşən adlı şəxslər sənədləşdirmişlər. Həmin vaxt başa düşmüş ki, Xanım adlı qadını vasitəçi olaraq araya salmışlar. O, Xanım adlı qadından verdiyi 20000 manat pulu geri tələb etmişdir, Xanım isə pulun onda olmadığını, Famil adlı şəxsdə olduğunu bildirmişdir. O, aldandığını anlayaraq hüquq-mühafizə orqanına şikayət etmiş və Cavabdeh ona qarşı dələduzluq edərək pulunu mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bundan sonra Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-19/2024 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onun barəsində 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. O, həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmış və qeyd olunan hökmlə Cavabdeh ona qarşı dələduzluq edərək 20000 manat maddi ziyan vurduğu müəyyən edilmişdir. Qeyd olunan hökmdə Cavabdeh onun 20000 manat pulunu ələ keçirməklə maddi ziyan vurması “hadisənin olması və Cavabdeh bilavasitə həmin hadisəni (zərərvurma) törətməsi” birmənalı öz təsdiqini tapmışdır. O, cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(003)-19/2024 saylı hökmündən görünür ki, Cavabdeh dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İddiaçı Əmiralı oğlunun etibarından sui istifadə edərək aldatmaqla 2019-cu ilin dekabr ayının təxminən ortalarında saxta sənədlərlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivindən 0,04 ha torpaq sahəsini 20000 manat müqabilində sataraq İddiaçı xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq cinayəti törətmiş və bunun nəticəsində Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cavabdeh şübhəli şəxs qismində 23 noyabr 2022ci il tarixdən 24 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh dələduzluq, yəni etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə, 2019-cu ilin dekabr ayının təxminən ortalarında cavabdeh İddiaçı Əmiralı oğlunun etibarından sui istifadə edərək saxta sənədlərlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ünvanında yerləşən, cavabdehə məxsus 0,04 ha torpaq sahəsini 20000 manat müqabilində sataraq cavabdeh İddiaçı xeyli miqdarda pulunu ələ keçirmişdir. Bunun nəticəsində Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(003)-19/2024 saylı hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və qəti olaraq 01 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında İddiaçı törətdiyi cinayət əməli nəticəsində Cavabdeh vurulmuş maddi ziyana görə iddiaçıya 20000 manat borcunun yaranması öz təsdiqini tapmıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyana görə 20000 manat, mənəvi zərərə görə 10000 manat olmaqla, cəmi 30000 manat pul tələbində qismən, yəni maddi ziyana görə 20000 manat hissəsində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Bundan başqa, məhkəmə, iddianın cavabehdən tələb edilən 10000 manat mənəvi zərər hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia cavabdehdən tələb olunan mənəvi zərər hissəsində təmin edilə bilməz. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən ona 10000 manat mənəvi zərər vurulmasını göstərsə də, həmin xüsusatları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da Cavabdeh tərəfindən iddiaçıya 10000 manat mənəvi zərərin vurulması halları öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh dəymiş zərərə görə 20000 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 180 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 20000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180 (bir yüz səksən) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar