Məhkəmə qərarları › İş №e-2(073)-94/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-94/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-94/2024 19.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən İddiaçı MMC-nin xeyrinə avtomobilə vurduğu zərərə görə 19329 manat pulun və ödənilmiş 148 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə avtomobilə vurduğu zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat pulun və ödənilmiş 148 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək, iddianı tam müdafiə etdiyini bildirərək, mülki işə onların iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 27 dekabr 2022-ci il tarixdə etibarnamə əsasında cəmiyyətin baş aqronomu Hikmət Cəfərov tərəfindən idarə edilərkən, saat 06:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbarı kəndindən keçən hissəsində öz yolu ilə hərəkətdə olan zaman, qarşıdan gələn Cəlilabad rayonu Şabanlı kəndi sakini Cavabdeh idarə etdiyi “Qazel” markalı **-BS-*** qeydiyyat nişanlı avtombillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsi ilə bağlı aidiyyatı ərazi üzrə Biləsuvar rayon Polis şöbəsinin yol patrol xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunmuş və hadisə yeri müayinə edilmişdir. Hadisənin kimin tərəfindən törədilməsini müəyyən etmək məqsədi ilə, hadisə yerinin müayinəsi haqqında materiallar Biləsuvar Rayon Polis Şöbəsi təfəfindən avtotexniki ekspertizaya göndərilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh idarəetməni itirməsi nəticəsində qəza törətmişdir. Bununla bağlı Biləsuvar RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi X1 icraatında olan HK-1/2180 nömrəli materialı nəzərdən keçirib, 03 avqust 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsi nəticəsində MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 19329 manat dəyərində zərər vurulmuşdur. Qarşı tərəfin sığortası olmadığı üçün avtobilə vurulmuş zərərə görə dəymiş ziyan ödənilməmişdir. Avtomobilə dəymiş ziyan dəfələrlə cavabdehdən tələb edilmiş, lakin hazıradək ödənilməmişdir. MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 2016-cı il buraxılışlı olmasına baxmayaraq, cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobil yararsız hala düşmüşdür. Müstəqil qiymətləndirmə təşkilatı olan “X4” MMC tərəfindən yararsız hala düşən ehtiyyat hisssləri qiymətləndirilmiş və avtomobilə dəyən ümümi ziyan hesablanmışdır. Qiymətləndirmə nəticəsində avtomobilə 19329 manat dəyərində zərər vurulması müəyyən edilmiş və beləliklə MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil 19329 manat məbləğində dəyərini itirmişdir. Ona görə də iddiaçı cəmiyyət hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, hazırki mülki iş üzrə Cavabdeh təqsirli olmasını təsdiq edən hər hansı bir qərar mövcud deyildir. Belə ki, 16 avqust 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda və inzibati xəta haqqında Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)-867/2023 saylı qərarında Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 08:00-da idarə etdiyi “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu Nərimankənd kəndi istiqamətində hərəkətdə olarkən “Mercedens Vito” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verməsi göstərilmişdir. Belə ki, baş vermiş həmin yol nəqliyyat hadisəsindən sonra Cavabdeh məxsus “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında dayandığı halda, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı tərəfdən gələrək cavabdehə məxsus “QAZ 33021” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Belə olan halda, Cavabdeh İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıya bilməz. Bundan ələvə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan həddindən artıq şişirdilmiş rəqəmlərlə hesablanmış və ümumiyyətlə həmin avtomobilə ziyanın dəyməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan “X4” MMC tərəfindən Avtomobildə dəyişdiriləcək ehtiyyat hissələrin və görüləcək işlərin hesablanması ilə bağlı tərtib edilmiş 24 mart 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə, dəymiş ziyanın məbləği ümumilikdə 19329,58 manat təşkil etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)- 867/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 3(106)- 435/2023 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)- 867/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli, 2(073)-94/2024 saylı qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı avtomobilə vurulmuş zərərə görə 19329 manat pulun tutulması tələbinə dair mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd olunan qərardad, icrasının təmin edilməsi məqsədi ilə və təyin edilmiş ekspertizanın keçirilməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” 28 oktyabr 2024-cü il tarixli məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün, iş materiallarında olan “X4” MMC tərəfindən tərtib edilmiş 24 mart 2023-cü il tarixli qüsur aktında qeyd edilən 2016-cı il buraxılışlı, “Mitsibushi L200” markalı, 90PG336 dövlət qeydiyyat nişanlı avtomobilə məxsus, ehtiyyat hissələrinə dair yerli internet saytlarında elan olmadığından, qiymətləndirmə aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, 27 dekabr 2022-ci il tarixdə etibarnamə əsasında cəmiyyətin baş aqronomu Hikmət Cəfərov tərəfindən idarə edilərkən, saat 06:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbarı kəndindən keçən hissəsində öz yolu ilə hərəkətdə olan zaman, qarşıdan gələn Cavabdeh idarə etdiyi “Qazel” markalı **-BS-*** qeydiyyat nişanlı avtombillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş həmin yol nəqliyyat hadisəsində Camalov X2 Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(073)-867/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus “Mitsibushi L200” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız hala düşmüş, müstəqil qiymətləndirmə təşkilatı olan “X4” MMC tərəfindən yararsız hala düşən ehtiyyat hisssləri qiymətləndirilmiş və usta xərcləri ilə birlikdə avtomobilə dəyən ümümi ziyan 19329,58 manat dəyərində müəyyən edilmişdir. Qarşı tərəfin sığortası olmadığı üçün avtobilə vurulmuş zərərə görə dəymiş ziyan ödənilməmişdir. Avtomobilə dəymiş ziyan iddiaçı tərəfindən dəfələrlə cavabdehdən tələb edilmiş, lakin hazıradək ödənilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC Cavabdeh qarşı maddi ziyana görə 19329 manat pul tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə vurulmuş zərərin miqdarı 19329,58 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 19329 manat alınıb İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 148 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 19329 (on doqquz min üç yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 148 (bir yüz qırx səkkiz) manat alınıb İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar