Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1083/2025 11.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin təmir-tikinti işlərini tamamlamaqdan ötrü etibarından istifadə edərək, ondan aldığı 27550 manat məbləğində pulun qarşılığında işləri tamamlamadan, yarımçıq saxlayaraq, qeyd olunan məbləğdə puldan 10000 manat hissəsini qaytarmamaqla, ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində, onun rahatlığının, səhhətinin pozulmasını, sarsıntı, iztirab, güclü həyəcan keçirməsini, maddi və mənəvi zərərə məruz qalmasının nəzərə alıb, Cavabdeh 10.000 manat, əldən çıxmış fayda kimi 4000 manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 565 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun və vəkilin xidmətinə görə ödənilmiş 300 manat pulun, ümumilikdə 15.000 (on beş min) manat pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin noyabr ayında özünü ev təmir-tikinti ustası kimi təqdim edən və Şamaxı rayonundan olan Cavabdeh ilə görüşərək, ünvan 1 ünvanında yerləşən özünə məxsus 2 mərtəbəli, 6 otaqlı evin təmir-tikinti işlərini tamamlamaq üçün qiymət danışaraq, razılığa gəlmişdir. Həmin şifahi razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixdən başlayaraq, 26 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh sözügedən evin təmir-tikinti işləri üçün 27550 (iyirmi yeddi min beş yüz əlli) manat pul vermişdir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədən, həmin evdə görəcəyi təmir-tikinti işlərini yarımçıq halda saxlayaraq, ərazini tərk edib, Anarın özünə bəlli olan şəxsi işləri ilə məşğul olmağa başlamış və ondan aldadaraq, aldığı 27550 manat puldan 10000 manat məbləğində pulu ona qaytarmaqdan qərəzli olaraq imtina etməyə başlamışdır. Bununla əlaqədar, qeyd olunan məbləği Cavabdeh 2024-cü ilin aprel ayından başlayaraq tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə 10000 manat pulu ona qaytarmaqdan imtina etmişdir. Qeyd olunan faktla bağlı əvvəlcə Bakı şəhəri Sabunçu rayon Pİ-nin 14-cü PŞ-nə 2024-cü ilin aprel ayında, sonra isə Sabunçu RPİ-nə müraciət etmiş və Pİ-də iş araşdırılaraq, izahatlar alınmaqla, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Odur ki, həmin faktla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu məsələ ilə əlaqədar, həmin pulunun onda olmaması səbəbindən əldə edə biləcəyi xeyli məbləğdə gəlirindən və faydadan məhrum olmuş və buna görə də, əsəb gərginliyi, stress keçirərək, səhhəti korlanmışdır. Nəticə etibarı ilə maddi zərərə və mənəvi ziyana məruz qalmışdır. Belə ki, həmin evin 2024-cü ilin iyul ayına qədər cavabdeh tərəfindən tam təmir olunaraq, ona təhvil verilsəydi, bu evin aylıq kirayə haqqından hər ay 450 manat olmaqla, 2025-ci ilin may ayına qədər olan 9 ay ərzində 4050 manat qazanc əldə bilərdir. Eləcə də, məhkəməyə müraciət etmək üçün vəkilə xidmət haqqı kimi 300 manat pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Eyni zamanda, iş üzrə Cavabdeh məhkəməyə ünvanladığı iddia tələbinə etirazında göstərmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən həmin sözügedən evin təmir işlərinin görülməsi üçün mal-material alınıb, işə başlamaq üçün 2024-cu ilin yanvar ayında iddiaçı onun fəhləsi Turqutun yanında 6000 manatı verib, işə başlamasını bildirmişdir. Həmin 6000 manat pulun müqabilində işini təhvil vermişdir. 2024-cü ilin fervral ayında Cəlilzadə Ruslanın yanında 8000 manatı pulun sökülməsi, laqa-diktin alınması, tavan izolyasiyasının alınması, mal-material və işçilik üçün almışdır. Aldığı məbləğlərdən sonra, həmin evdə əlavə çox işlər görmüş, gördüyü işlərin şahidləri və işçilərin işlədiyi mal-materialın hardan aldığını, tikinti mağazasından sübut olaraq hamısın məhkəmə gedişatında verəcək, alınıb işlənən həmin mal-materialın siyahisi tavan-pol izolyasiya 1700 manat, santexnik materiaları 2000 manat, şpatlovka 800 manat, alçıban 1700 manat, “Mətanət” kafel yapışdırıcı 700 manat, sement 50 ədəd 300 manat, pol taxta 700 manat olmaqla, ümümi 7900 manat, işçilik malyar işi 835 kv.m. 10020 manat, alçıban işi 3010 manat, santexnik işləri 251 manat, tavan izolyasiyası 335 kv.m. 2345 manat, pol 235 kv.m. 2820 manat, ştukatur 100 kv.m. 500 manat, styajka işi 50 kv.m. 350 manat, paduqa 88 kv.m. 440 podokonniklər - mərmər 260 manat, kafel-metlax işləri 2448 manat, divar-tavan havalandırma işləri 300 manat, söküntü işləri 400 manat, həyətdə santexnik işləri 300 manat, fəhlə işləri - materialın boşaldılması və evə qalxması 800 manat, oboyun vurulması 235 kv.m. 9400 manat, duru oboy 135 kv.m. 675 manat olmaqla, ümümi 26.493 manat tam gördüyü işin dəyəri, müqavəli üzrə 36008 manat. İddiaçı həmin sözügedən evin 4000 manat faiz məbləğində həmin gördüyü işin üzərinə yazıbdır. O, iddiaçının evindəki təmir işlərini demək olar ki, sona yetirmişdir. Görüləcək çox az sayda işi qaldığı üçün, onun və işçiləri ehtiyacı olan pulu ödəməsini xahiş etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi pul tələbinə dair iddasina qarşılıq olaraq, onun və işçilərinin gördüyü işləri və Sabunçu Rayon Polis Şbəsinə təqdim olunan evin əvvəl və sonrakı şəkillərini sorğu verib, əldə etmək olar. Göstərilənlərə əsasən, ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin 14 may 2024cü il tarixli qərarından görünür ki, İddiaçı Ağamədə oğlunun özünə məxsus evin təmiri üçün Cavabdeh adlı şəxsə 27500 manat pul verməsi, sonuncunun bir müddət işlədikdən sonra, işini tamamlamamasına dair ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı hüquqi yardımla bağlı 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 300 manat məbləğində pul köçürmüşdür. Beləliklə, iş materialları ilə və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, hazırki iş üzrə tərəflər arasında olan şifahi razılaşmaya görə, iddiaçı özünə məxsus fərdi yaşayış evini təmir etməsini cavabdehə həvalə etmiş, bunun üçün iddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş, lakin cavabdeh təmir işlərini tamamlamamış və bununla da, öhdəliyini tam yerinə yetirməmiş və hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin, 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Belə olan halda, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması məqsədəuyğundur. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda kimi 4000 manat pulun maddi ziyana görə cavabdehdən alınmasını tələb etsə də, iddia tələbinin bu hissəsi kifayət qədər əsaslandırılmamış və bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10600 manat məbləğində pul və ödənilmiş 121,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10600 manat məbləğində pul və ödənilmiş 121,80 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-1083/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1083/2025
11.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver