Məhkəmə qərarları › İş №e-2(074)-1295/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1295/2025

25.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1295/2025 25.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi - vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payın müəyyən edilməsi tələbi barədə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın, 2V-507 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payının müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 1985-ci ildə yaşayır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı və sonra dünyaya gələn övladları ilə birlikdə həmin evdə yaşamışdır. Lakin, bundan əvvəl anası X4 ona və ailəsinə qarşı evdən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-138/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə anasının iddiası rədd edilmişdir. Həmin ev əvvəllər atasına məxsus olmuşdur. Atası öldükdən sonra, ev paylı mülkiyyət üzrə anası və bacısının adına rəsmiləşdirilmişdir. Anası da, öldükdən sonra ev bacısı Cavabdeh adına qeyri-qanuni rəsmiləşdirilmiş və ona tam mülkiyyət üzrə çıxarış verilmişdir. Necə olur ki, atasından miras qalan əmlakda anasınan miras qalan əmlakda onun pay hüququ olmur. Onun bu pay hüququ vərəsəlik və məcburi pay hüquqlarını pozulmaqla çıxarışın verilməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi - vəkil Nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh xüsusi mülkiyyətində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, döngə 4, ev 4, yeni qaydalarla ünvan 3 ünvanında fərdi yaşayış evi var və həmin evin tam pay hüququ sahibidir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 21 iyun 2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 23 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh ona məxsus miras əmlakdan tam pay almışdır. İş materiallarında olan notariat kontoruna təqdim edilmiş və notarial qayda təsdiq olunmuş ərizədə göstərilir ki, “X6 və İddiaçı 01 iyul 2016-cı ildə vəfat etmiş atası X1 qalan ünvan 2 ünvanda yerləşən yaşayış evindən ibarət olan əmlakı qəbul etməmiş və etmək fikrində deyilik. Odur ki, bu əmlakdan əl çəkirik”. Beləliklə, işin araşdırırlmış hallarından müəyyən olunur ki, miras qoyan X5 vəfatından sonra, vərəsələr - Cavabdeh istisna olmaqla, notariat kontoruna verilmiş ərizələrdə atalarından miras qalmış əmlakı qəbul etmədiklərini və etmək fikrində olmadıqlarını bildirmişlər. 23 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 5 ünvanda qeydiyyatda olan Cavabdeh ona məxsus miras əmlakdan tam pay almış və mübahisəli mənzil hazırda onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Göründüyü kimi, İddiaçı sərbəst şəkildə öz iradəsini ifadə edərək, notariat kontorunda verdiyi ərizəsində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət olan əmlakı qəbul etmədiyini göstərmişir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusu nəzərə alınmaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın, 2V-507 saylı, xx.xx.2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissədə məcburi payının müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar