Məhkəmə qərarları › İş №e-2(074)-253/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-253/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-253/2022 05.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 4000 manat məbləğində ziyanın və ödənilmiş 60 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidməti xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı avtonəqliyyat vasitəsi 29.05.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 20.06.2020-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” nəqliyyat vasitəsi ilə ** LO *** dövlət qeydiyyat nişanlı Toyota Vitz markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin hadisə nəticəsində X2 və X6 sağlamlıqlarına xəsarətlər yetirmişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdınlarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. "xxxx" ASCnin 14.04.2021-ci il tarixli sığorta aktına əsasən 2500 manat məbləğində sığorta ödənişinin ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı nəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən şəxsə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Həmçinin, 29.09.2020-ci il tarixli sığorta aktlarına əsasən X4 və X6 sağlamlıqlarına dəymiş xəsarətlə bağlı 1500 manat sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdehlər bu barədə məhkəməyə məlumat verməsə də, iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 ilə "xxxx" ASC arasında 29.05.2020-ci il tarixdə PGU********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X5 məxsus “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 29.05.2021-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəbə-Tibbi Ekspertiza və X12” Publik Hüquqi şəxsin 25.06.2020-ci il tarixli № 641 saylı ekspert rəyindən görünür ki, Q.B.Məhərrəmovun bədəni üzərində sol körpücük sümüyünün akromial ucunun natamam çıxdığı aşkar edilmiş. Qeyd olunan xəsarət küt əyşa təsirindən onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətdən az əvvəl törənmişlər, qərarda göstərilən 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmişlər, qərarda göstərilən 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 30.07.2020-ci il tarixli 8/924 saylı Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, G.M.Məhərrəmovanın bədəni üzərində alının əzilmiş yarası və sıyrığı, sağ dizin qançırı aşkar edilmiş. Qeyd olunan xəsarətlər küt əyşa təsirindən onun 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciətdən az əvvəl törənmişlər, qərarda göstərilən 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmişlər, qərarda göstərilən 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 05.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 20.06.2020-ci il tarixdə saat 13:30 radələrində Buzovna qəsəbəsi, K.Axundov küçəsində sürücü Cavabdeh2 idarə etdiyi “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü X8 məxsus ** LO *** dövlət qeydiyyat nişanlı Toyota Vitz markalı avtomobillə toqquşmuş və nəticədə X11 və oğlu X2 bədən xəsarətləri alaraq xəstəxanaya müraciət etmişlər. Cavabdeh2 qeyd edilən əməlində cinayət tərkibi olmadığı olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, o, X15 Qanunun tələblərini pozaraq İXM-nin 332.4-cü maddəsinin tərkibinin əlamətləri olduğu üçün barəsində inzibati təsir tədbiri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin DYPŞ-nın Xəzər rayon Məhkəməsinə göndərilmişdir. X6 əməlində Azərbaycan Respublikası İXP-nin 327.1-ci maddəsində tərkib əlamətləri olduğundan qərarın surəti icra olunması üçün Xəzər RPİ-nin DYPŞ-yə göndərilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində sürücü Cavabdeh2 məxsus ** BX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 190” markalı və sürücü X8 məxsus ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtomobillərə baxış keçirilmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli sığorta aktından və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X8 750 manat zərər dəymiş və dəymiş ziyana görə 750 manat ödənilmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli sığorta aktından və ödəniş tapşırıqlarının surətlərindən görünür ki, 20.06.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 750 manat zərər dəymiş və dəymiş ziyana görə 750 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 22.04.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Hermes Avto MMC-nin bank hesabına 2500 manat köçürülmüşdür. İş materiallarında olan ƏN-Vİİ 286454 nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 vermişdir. İş materiallarına əlavə edilmiş AD seriyalı, 160556 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** LO *** dövlət qeydiyyat nişanlı “Toyota Vitz” markalı avtomobilin mülkiyyətçisi X9r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 20.06.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində Cavabdeh2 tərəfindən sürücülük hüququ olmadan idarə olunan “Mercedes Benz 190” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 idarə etdiyi “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və sonuncu həmin avtomobilə və avtomobildə olan sərnişinlərin sağlamlığına zərər dəymişdir. Onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında icraat aparılmışdır. "xxxx" ASC tərəfindən “Toyota Vitz” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2500 manat zərər və həmin avtomobilin sərnişinləri X4 və X1 dəymiş zərərə görə 1500 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan Cavabdeh2 qarşı, hadisə zamanı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyinə görə subroqasiya hüququ yaranmışdır. Beləliklə, Cavabdeh1 və Cavabdeh2 ümumilikdə 4000 manat sığorta ödənişi məbləği tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 60,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 4000 (dörd min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat və bank xidməti xərcləri kimi ödənilmiş 0,40 (qırx qəpik) manat pul müştərək qaydada alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar