Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-543/2025 14.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cəlilabad şəhəri, V.Niftullayev (Cavadxan) küçəsində yerləşən fərdi yaşayış evinə Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 9900 manat pul və ödənilmiş 119 manat dövlət rüsumu olmaqla, cəmi 10.019 manat pulun Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yerləşən fərdi yaşayış evi ona məxsusdur. 2021-ci il tarixdə həmin evi Cavabdeh kirayə vermişdir. Həmin şəxs də, ailəsi ilə birgə orada yaşamışdır. 2023-cü ilin dekabr ayında o, Cəlilabad şəhərinə gedərkən, evin çox pis vəziyyətə düşdüyünü görmüş və kirayəçi Cavabdeh evin nəyə görə bu vəziyyətdə olduğunu soruşduqda, sonuncu ona bir ay vaxt verilməsini, evin təmir edib, təhvil verəcəyini bildirmişdir. O, kirayəçiyə iki ay vaxt vermişdir. Lakin, 2024-cü ilin fevral ayında evinə gedib görmüşdür ki, evi eyni vəziyyətdədir və Cavabdeh heç bir təmir işləri aparmayıbdır. O, bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət etmiş və polis şöbəsi xx.xx.2024-cü il tarixdə ona ünvanladığı məktubunda müraciətinin mülki xarakterli olmasını, aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasını göstərmişdir. Onun evinə xeyli məbləğdə ziyan dəymişdir. Belə ki, otaqlar, divarlar, tavanlar, dəhliz, mətbəx, oboy, güzgü, moyka, mebel qapı, aspirator, divan, televizor, lyustur, pərdə, pianino (əl-üz yuyulan yer), hamamın tavanı, ayaqqabı şkafı, döşəmə yararsız hala düşmüşdür. Baş verənlərlə bağlı Cavabdeh məlumat verilsə də, heç bir nəticəsi olmamışdır. Qeyd olunan ziyanla bağlı evə usta gətirildi və usta öz zəhmət haqqı daxil olmaqla, ona dəymiş olan ziyanla bağlı qiymətlər verdi. Amma buna baxmayaraq, yenə də, cavabdeh evə vurulmuş ziyanla bağlı heç bir tədbir görməmişdir.Ona məxsus olan əmlaka cavabdeh tərəfindən qəsdən vurulmuş zərərin aradan qaldırılması üçün gördükləri tədbirlər hamısı nəticəsiz qaldığı üçün, o, məhkəməyə müraciət edib, qeyd olunan qanunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılması məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, göstərdi ki, o, həqiqətən də, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evində 2021-2023-cü illərdə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Həmin evi təhvil alarkən, döşəmədə çürümələrin, evdə nəmişliyin və sair problemlərin olmasını aşkar etmişdir. Bu barədə evin sahibinə məlumat vermişdir. Lakin, onun tərəfindən həmin evə hər hansı bir zərər yetirilməmişdir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 229 kv.m. olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Cəlilabad Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı məktubunda, Cəlilabad şəhəri, V.Niftullayev küçəsində yerləşən fərdi yaşayış evinə kirayəyə verdiyi Cavabdeh tərəfindən ziyan vurulması barədə müraciətinin mülki xarakterli olduğu və aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan əmlaka zərərin vurulub-vurulmaması, zərər vurulduğu təqdirdə, bunun dəyərinin müəyyən edilməsi üçün, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/İ 45-319/1/2025 saylı ekspert rəyində qeyd olunur ki, baxış zamanı fərdi yaşayış evinin həyətində, həyətyanı tikililərdə, evin daxilində, xüsusilə döşəmədə və divarlarda nəmişlik və kiflənmə əlamətləri müşahidə olunmuşdur. Divar kağızları (aboylar) bəzi hissələrdə qopmuş, şişmiş və kiflənmişdir. Döşəmədə (taxta döşəmə) deformasiya, rəng dəyişməsi və şişmə halları vardır. Evin içərisində olan məişət avadanlıqları və mebel əşyaları (dolabın qapılan, divan, televizor və s.) aşkar dərəcədə köhnəlmişdir. Müşahidə olunan qüsurların kənar şəxslərin müdaxiləsi, təbii amillərin səbəbindən yarandığını və ya əvvəlcədən mövcud olduğunu müəyyənləşdirmək mümkün deyildir. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evində və evdə olan, quraşdırılan avadanlıqlarda mövcud olan qüsurların 2021- 2023-cü illərdə baş verdiyini müəyyənləşdirmək üçün evin əvvəlki vəziyyəti haqqında məlumatların, fototəsviriərin olmaması səbəbindən, müqayisələr aparmaq mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində yuxanda qeyd olunan qüsurların aradan qaldınlması üçün təmir- bərpa işlərinə tələb olunan məbləğ 6200,00 (altı min iki yüz) manat təşkil edir. Beləliklə, iş materialları ilə və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında olan şifahi razılaşmaya görə, iddiaçı Cəlilabad şəhəri, V.Niftullayev (Cavadxan) küçəsində yerləşən fərdi yaşayış evini cavabdehə kirayəyə vermişdir. Cavabdeh ailəsi ilə birlikdə həmin evdə iki il ərzində yaşamışdır. Cavabdeh həmin evdə yaşadığı müddətdə evi baxımsız vəziyyətə salmış və bunun nəticəsində ekspert rəyi ilə iddiaçıya 6200 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırki işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertin rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək, mötəbər sübut kimi qəbul etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 9900 manat pulun tutulmasını tələb etsə də, bu halı təsdiq edən sübut iş materiallarına əlavə olunmamış və bununla bağlı məhkəmə iclasında da, hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 6200 manat məbləğində pul və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat pulun 325 manat hissəsi Cavabdeh, 175 manat hissəsi isə İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Vurulmuş zərərin əvəzi olaraq Cavabdeh 6200 manat məbləğində pul və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 500 manat pulun 325 manat hissəsi Cavabdeh, 175 manat hissəsi isə İddiaçı tutularaq, "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-543/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-543/2025
14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver