Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-625/2025 03.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin özündə saxladığı “Sony PlayStation 5 Slim” oyun konsolunun geri qaytarılması, geri qaytarılmadığı təqdirdə, əşyanın dəyərinə bərabər məbləğ olan 1400 manat pulun tutulması, əşyanın təhvil alındığı gündən məhkəmə qərarına əsasən qaytarılacağı günədək hesablanaraq, gündəlik 50 manat icarə haqqı ödənilmədiyi günlər üçün ödəniş edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Sony PlayStation 5 Slim” oyun konsolunu xx.xx.2025 tarixdə, onlayn elan saytı vasitəsilə Cavabdeh icarəyə vermişdir. Razılaşma əsasında, cavabdeh gündəlik 50 manat ödəmək şərtilə, həmin əşyadan istifadə etməli idi. Cavabdeh əvvəlcə oyun konsolunu geri qaytaracağını bildirsə də, müxtəlif bəhanələrlə bunu gecikdirmiş və hələ də, geri qaytarmamışdır. Bununla bağlı, polis orqanlarına şikayət etmiş, aidiyyəti şöbədə izahat vermişdir. Polis orqanları cavabdehlə əlaqə saxlamış, cavabdeh polis bölməsinə gələcəyini desə də, vədini yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ünvanladığı müraciətində, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli icarə müqaviləsində göstərilir ki, Cavabdeh öz istəyi ilə İddiaçı “Sony PlayStation 5 Slim” markalı şəxsi əşyanı 50 manat pul qarşılığında icarəyə götürür. İcarə müddəti 2 gündür. Müqavilənin şərtlərinə uyğun olaraq, əşyaya dəymiş hər hansı bir zərər və ya itirilmə halları yaşandıqda, Cavabdeh bütün xərcləri qarşılamağa razı olur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə icarə müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə, cavabdeh 50 manat ödəməklə, 2 gün müddətinə iddiaçıya məxsus əşyanı icarəyə götürmüşdür. Eyni zamanda, həmin müqaviləyə görə, cavabdeh icarəyə götürdüyü əşyaya hər hansı bir zərər dəyməsi və ya itirilməsi halları baş verdikdə, məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin, icarə müddətinin bitməsinə baxmayaraq, cavabdeh əşyanı iddiaçıya qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əmlakını və ya onun dəyərini tələb etməkdə haqlıdır. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci bəndinə görə, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir 4-cü bəndinə görə, əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur. 7-ci bəndinə görə, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 2-ci bəndinə görə, icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçı əşyanın geri qaytarılmadığı təqdirdə, onun dəyəri olaraq 1400 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, həmin hissədə tələb qismən təmin olunmalıdır. Belə ki, internet resursları vasitəsilə əldə olunmuş müxtəlif elan məlumatlarından müəyyən olunur ki, elanlarda “Sony PlayStation 5 Slim” oyun konsolunun dəyəri 1100- 1300 manat arasında dəyişir. Həmçinin, məhkəmə iddia tələbinin “əşyanın təhvil alındığı gündən məhkəmə qərarına əsasən qaytarılacağı günədək hesablanaraq, gündəlik 50 manat icarə haqqı ödənilmədiyi günlər üçün ödəniş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, göstərilən tələb qeyri-müəyyən olduğundan, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Sony PlayStation 5 Slim” markalı oyun konsolu və ya onun dəyəri olaraq 1100 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Sony PlayStation 5 Slim” markalı oyun konsolu və ya onun dəyəri olaraq 1100 manat məbləğində pul və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-625/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-625/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver