Məhkəmə qərarları › İş №e-2(074)-630/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-630/2025

23.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-630/2025 23.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat borc verdiyi pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 03 mart 2017-ci il tarixdə X2 ilə aralarında nikah bağlanmışdır. Nikahları Şamaxı Rayon Qeydiyyat Şöbəsində 03 mart 2017-ci il tarixdə qeydə alınmış və 51 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından 1 qız övladı doğulmuşdur. Atasının ailəyə müdaxiləsindən hədsiz dərəcədə bezmiş və onun bu hərəkətlərindən iyrənmişdir. Xasiyyətləri bir-birinə uyğun gəlməyib. Ailənin bərpa olunması üçün illərlə səbrini basıb gözləmişdir. Nəhayət ondan boşanmaq üçün məhkəməyə müraciət etdikdə min bir şərlə onu şərləməyə çalışsalar da dövlət orqanlarını aldada bilməyiblər. Bunlar barədə nikah işi, ev işi və s. onlarla işlərdə ətraflı məlumat vermişdir. Bütün Azərbaycan Respublikası artıq bu məsələlərdən agahdır. Cavabdeh2 ondan atasının pulu ehtiyacının olduğunu bildirərək müxtəlif vaxtlarda müxtəli məbləğlərdə borc pul almışdır. O özünə məxsus olan “Kapital Bank” bank kartından onlara məxsus bank kartına borc pullar vermişdir. Lakin hal-hazırda köhnə dövrləri sorğu edib ala bilmədiyi üçün 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının əvvəlinə kimi olan pulların onların kartına atılmasına dair sübutları tapa bilməyib ki, həmin məbləğlər ümumi olaraq 2000 manat məbləğində təşkil edir. Bu pulları Cavabdeh1 müxtəlif vaxtlarda ona yalvar yaxar edərək qızını alət edib ondan istəyib. Qaynatası, həyat yoldaşının atası olduğundan ürəyi yanıb ona müxtəlif vaxtarda xeyli borc pul verib, lakin onda olan sübutlar 2000 manat verdiyi pulların sübutudur. Bunları edə-edə onlar yenə ona naxələf çıxıb barəsində olmayan şər-böhtan yaxmadıqları qalmayıb. Hal-hazırda verdiyi borc pulları tələb etmək onun ən saf hüququ və haqqıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ona yalnız ailəli olduqları vaxtlar pul göndərmiş o, isə həmin pulu özlərinə sərf etmişdir. Həmin vaxtlar iddiaçının anasıda onlarla yaşamışdır. İddiaçının atasına borc pul verməsindən məlumatı yoxdur. Belə bir məsələ olsaydı onun məlumatı olardı. O, atası üçün iddiaçıdan heç vaxt borc istəməyibdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, müxtəlif vaxtlarda Cavabdeh2 hesabına müxtəlif pul köçürmələri edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-880/2024 saylı, 12 iyul 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 51 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 anası Cavabdeh2 yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq, Cavabdeh2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdehin nikahda olduqları müddətdə tərəflərin əldə etdikləri gəlirləri onların ümumi birgə mülkiyyətini təşkil edir. Buna görə də nikahda olduqları müddət ərzində iddiaçının arvadı-cavabdeh Kəmalə Manıyevaya pul verməsi sonradan həmin pulu ondan tələb etməsi üçün əsas ola bilməz. Buna görə də iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd olunur ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından Cavabdeh1 2000 manat pulun borc verilməsini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı Cavabdeh1 ona ümumilikdə 2000 manat məbləğində pul borclu olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki. iddia tələbi Cavabdeh1 aid hissədə də təmin edilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunmadığını nəzərə alıb, qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçının ödədiyi 40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar