Məhkəmə qərarları › İş №e-2(074)-762/2025

Şamaxı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(074)-762/2025

05.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-762/2025 05.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13380 (on üç min üç yüz səksən) manat borcun, xidmət haqqı kimi vəkilə ödədiyi 550 (beş yüz əlli) manat xidmət haqqının və məhkəməyə ödədiyi 131 (yüz otuz bir) manat dövlət rüsumunun, ümumilikdə 14.061 (on dörd min altmış bir) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi təxminən 1997-1998-ci il tarixinə yaxındır ki, tanıyır. Sağlam münasibətləri olmuşdur. Zaur günlərin bir günü təklif edib ki, ona bəlli olmayan sahə üzrə iş qurmaq istəyir və ona borca pul versin. Bunun əvəzində, həm onun borcunu, həm də qazanacağı əlavə qazancdan ona xeyir verəcəkdir. Ona 7 (yeddi) min dollar və 6 (altı) min Azərbaycan manatı borc verib. Qısa müddət sonra cavabdeh ona 4520 (dörd min beş yüz iyirmi) manat pul qaytarmışdır (6000 – 4520 = 1480 manat). Həmin ərəfələrdə o, Abşeron rayon Digah kəndində torpaq alıb, ev tikib-satmaqla məşğul olmağa başlayıb. Arada səs-sorağı gəlməsə də, xırda-xırda borcunu qaytarırıdı. Bir müddət sonra onu Digah kəndində tapdıqdan sonra 2023-cü ilin əvvəllərindən yenidən borcu qaytarmağa başlayıb. Ümumilikdə, Zaurun ona 13380 manat ödənilməmiş borcu qaldı (7000 dollar + 1480 manat). Müəmmalı surətdə Zaur sonradan yenidən ondan qaçmağa başlayıb. O, onu yaxın qohumu Eldarın vasitəsilə taparkən məlum oldu ki, Zaur artıq daimi yaşamaq üçün Şamaxının Göylər kəndinə köçmüşdür. Həmin ərəfədə Digah kəndinə getsə də orada ona bəlli olub ki, Zaur evi sataraq onun pulunu ödəməyərək birdəfəlik Şamaxıya köçmüşdür. (Məlumat üçün bildirir ki, 7000 dolları o, yaxın adamdan borc götürdüyündən məcbur olub həmin pulu öz hesabına qaytarsa da Zaur həmin pulu ona geri qaytarmadı. Bundan əlavə, Zaurun ona olan borcunu təsdiq edən whatsapp yazışmaları mövcuddur və həmin yazışmalar iddia ərizənə əlavə olunmuşdur) Keçən müddət ərzində dəfələrlə Zaurdan borcunu qaytarmasını xahiş etsə də Zaur mobil nömrələrini dəyişərək birdəfəlik onunla əlaqələri kəsmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 ABŞ dollarının və 1480 manatın, xidmət haqqı kimi vəkilə ödədiyi 550 manat xidmət haqqının və məhkəməyə ödədiyi 131 manat dövlət rüsumunun, ümumilikdə 7000 ABŞ dolları və 2161 manatın alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, iddiaçı onun rəfiqəsidir. Zaurun ona 11-12 mindən çox borcu var, lakin ödəmir. Borc veriləndə o, iddiaçının evində qonaq olub. Nə qədər borc pul verdiyini görməyib, amma Zaur 3-4 aya qaytaracağını bildirib. Sonradan Liliyadan maraqlananda Zaurun ona olan borcunu qaytarmadığını bildirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, iddiaçı onun qonşusudur. O, Zauru tapmaq üçün onunla Digah kəndinə getmişdir. İddiaçı ilə cavabdehin söhbətini eşitmiş, cavabdeh pulu qaytaracağını bildirib. Cavabdeh bir neçə dəfə ödəniş etdi, sonra zəngləri açmayıb. Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında bir nəfər kişi cinsli şəxs iddiaçıya olan borcunu qaytaracağını, bir qədər vaxt verilməsini xahiş edir. Həmin şəxsə 7000 ABŞ dolları və 1480 manat borcu olduğunu bildirdikdə o, borcun məbləğinə heç bir etirazını bildirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçının cavabdehə borc pul verməsi iddaçının təqdim etdiyi sübutlarla öz təsdiqini tapır. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməyərək ona borc verilmiş pulun hansı məbləğini iddiaçıya qaytarmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iddiaçının təqdim etdiyi səs yazısında isə iddiaçı 7000 ABŞ dolları və 1480 manat borcu olduğunu bildirdikdə onunla danışan şəxs borcun məbləğinə heç bir etirazını bildirmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 7000 ABŞ dolları və 6000 manat borc pul almış, həmin pulun 4520 manatını qaytarsa da, 7000 ABŞ dolları və 1480 manatını qaytarmamışdır və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehə verilməsinə dair yazılı müqavilə bağlanmış olmasa da, iddiaçının təqdim etdiyi səs yazısı və şahid ifadəsi həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 7000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 1480 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 131 manat dövlət rüsumu və 550 manat məbləğində hüquqi xidmət xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 ABŞ dolları (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 1480 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 550 manat və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 131 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şamaxı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar